525.Az

“Şeirlərim həyatımla bağlı reportaj kimidir...”


 

RƏŞAD MƏCİD TÜRKİYƏNİN “ATAKÖY” QƏZETİNƏ MÜSAHİBƏ VERİB

<b style="color:red">“Şeirlərim həyatımla bağlı reportaj kimidir...”</b>

Türkiyədə nəşr olunan “Ataköy” qəzetində Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru, şair Rəşad Məcidin müsahibəsi dərc edilib.

Azərbaycanda da geniş tanınan yazar və tərcüməçi Yasemin Bayerlə söhbətində R.Məcid ədəbiyyat, şeir, tərcümə, jurnalistika, insan, həyat kimi məsələlərlə bağlı fikirlərini bölüşüb.

“Şeirlərim həyatımla bağlı reportaj kimidir...” başlığı altında təqdim olunmuş müsahibədə şair gəncliyindən, ədəbiyyata gəlişindən söz açıb. Beş min kitablıq kitabxanasının Ağdamın işğalı zamanı orada qaldığını deyən R.Məcid elə ilk şeirlərinin nəşri həyəcanını da məhz Ağdamda yaşadığını qeyd edib.

“Şeir nədir” sualına şair belə cavab verib: “Hər zaman şeirin təbiət hadisəsi olduğunu demişəm. Yağışın yağması, şimşəyin çaxması kimi... Şeirin yaranması şairin planlarına bağlı deyil, məncə. Amma hər halda, şəxsi təcrübə, intellektuallıq da şeirdə öz əksini tapa bilər. Mənim şeirlərimdə qurma heç nə yoxdur, hamısı öz yaşantılarımdır”.

Tərcümə haqqında danışarkən R.Məcid deyib ki, əsəri orijinaldan oxumaq nə qədər zövqlü olsa da, bilmədiyimiz dillərdəki ədəbiyyatlarla tanışlığımızda tərcümənin rolu əvəzsizdir. Həmçinin, özünün Türkiyədə çap olunan “Bir daha gəlməyəcək” kitabını xatırladıb, bildirib ki, kitabın tərcüməçisi Seyfəddin Altaylı Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi arasındakı uyğunluqdan çıxış edərək həmin kitabda sadəcə anlaşılmayan sözlərin açıqlamasını verib.

Şeirlərinə yazılan musiqilər haqqında danışarkən onun sözlərinə Xanım İsmayılqızının “Məni anla”,  Xumar Qədimovanın “Bir də gəlməyəcək”, Tünzalə Ağayevanın “Get”, gənc bəstəkar Aysel Kərimin “Fərq etməz”, “Səni üzməyəcəm” kimi mahnılar yazdıqlarını bildirib.

Müsahibədə “525-ci qəzet”, jurnalistika ilə bağlı mövzulara da yer verilib. Qəzetin də ən az kitabları qədər doğma və əziz olduğunu deyən baş redaktor, xüsusən, “525-ci qəzet”in şənbə buraxılışlarını qeyd edib.

Sonda R.Məcid Türkiyə ilə Azərbaycanın ədəbi-mədəni əlaqələrindən məmnunluğunu ifadə edərək deyib ki, birlik, bərabərlik, qardaşlıq adına görülən bütün işlər son dərəcə dəyərli və qürurvericidir.

Cavid QƏDİR

 





07.06.2017    çap et  çap et