525.Az

Azərbaycan İranda sabitliyin hökm sürməsini arzulayır


 

"QLOBAL TERRORİZMLƏ MÜBARİZƏ APARMAQ ÜÇÜN İLK NÖVBƏDƏ BÜTÜN DÜNYA DÖVLƏTLƏRİNİN "TERRORİZM" ANLAYIŞIYLA BAĞLI VAHİD MÖVQEYƏ GƏLMƏSİ ZƏRURİDİR"

Azərbaycan İranda sabitliyin hökm sürməsini arzulayır<b style="color:red"></b>

Dünən "İŞİD" terrorçuları Tehranda İran parlamentinə və Xomeyninin məqbərəsinə hücüm ediblər. Açıqlanan son rəqəmlərə görə, törədilən terror aktları nəticəsində 12 nəfər ölüb, 42 nəfər yaralanıb.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə başsağlığı məktubu göndərib. Dövlət başçısı İranda baş verən terror aktlarını qətiyyətlə pisləyir.

35 milyon azərbaycanlının yaşadığı cənub qonşumuzda baş verən bu hadisələr Azərbaycanı narahat etməyə bilməz. Baş verən bu kimi hadisələr, ümumilikdə dünya düzəninə mənfi təsir etməklə yanaşı, regional sabitlik, ölkəmizin milli təhlükəsizliyi baxımından da xoş qarşılana bilməz.

Hələlik İranın İŞİD terrorçularının törətdiyi terror aktlarına cavab olaraq hansı addımları atacağı məlum deyil.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, İranda törədilən terror aktları birmənalı olaraq pislənilməlidir: "İranın cənub və cənub-şərq ərazilərində, Pakistan və ərəb dövlətləri ilə sərhəd ərazilərdə yaşayan İran vətəndaşları sosial-iqtisadi vəziyyət baxımından bir sıra problemlərlə üz-üzədir. Çox güman ki, İŞİD terror qruplaşması da həmin insanlardan istifadə edərək İranın daxilində bu cür terror hadisələri törətməyə nail olub".

M.Əhmədoğlu hesab edir ki, İran dövləti kifayət qədər güclü hökumətə sahibdir: "Rəsmi Tehran baş verən bu üzücü hadisələrin qabağını almağa qadirdir. İran rəsmiləri vaxt-aşırı məlumat yayırdılar ki, ölkələrində terror həyəcanı getdikcə artır. Bildirilirdi ki, müəyyən vaxtlarda ayrı-ayrı yerlərdə terror törətmək istəyən cinayətkar qruplaşma üzvlərinin qarşısı alınır, onlara qarşı sərt qarşısıalınma tədbirləri həyata keçirilir. İndi isə görünür ki, növbəti belə təhlükənin qarşısı alına bilməyib. Ancaq rəsmi Tehran bu hadisələrin təkrarlanmaması üçün ciddi şəkildə müvafiq tədbirlər görəcək".

Politoloqun sözlərinə görə, son dövrlər İrana qarşı artan geosiyasi təzyiqlər İŞİD terror qruplaşmasını "ruhlandırıb" ki, həmin terrorçular da dövlətin daxilindəki adamlarından istifadə edərək bu hadisələri törədiblər: "Bu terror aktlarının din, məzhəb, təriqət fərqliliyi ilə heç bir əlaqələsi yoxdur. İstər İran parlamentində, istərsə də Xomeyninin məqbərəsində baş verən terror hücumları dövlətçiliyə qarşı yönəlmişdi. Yəni Xomeyni İranda şiəçiliyin liderindən daha çox İran İslam dövlətinin lideridir. O, İslam dövlətinin banisidir. Xomeyni şiəçiliyə elə bir yenilik gətirməyib. O, əməlli-başlı İslami dövlət qurub. Buna görə də, Xomeyni İrandakı narazı təbəqə üçün dövlətin əsas ideoloqu kimi qəbul olunur. Məhz bu səbəbdən terrorçular Xomeyninin məqbərəsinə hücum təşkil ediblər".

Mərkəz sədri qeyd edib ki, İran bizim qonşu dövlətimizdir və Azərbaycan hər zaman orada sabitliyin, təhlükəsiz həyat şəraitinin hökm sürməsini arzulayır.

Beynəlxalq terrorizmlə mübarizədə dünya dövlətlərinin sərgilədiyi mövqeyə toxunan M.Əhmədoğlu vurğulayıb ki, qlobal terrorizmə qarşı mübarizə aparmaq üçün ilk növbədə bütün dünya dövlətlərinin "terrorizm" anlayışı ilə bağlı vahid bir mövqeyə gəlməsi zəruridir: "Məsələn, bir sıra qərb dövlətləri İslamı terrorizmlə bərabər tutur və həmin ölkələrdə İslamafob meyllərin gücləndiyi müşahidə olunur. Halbuki, terrorizmin dinə heç bir aidiyyatı yoxdur. Lakin bəzi qüvvələr israrla terroru müsəlmanların adına bağlamağa çalışır, digər dinlərin nümayəndələrinin törətdiyi vəhşilik, cinayət faktlarına terror adı qoymurlar".

Politoloq daha konkret nümunələr çəkib: "Vaxtilə Fransada bir erməni terrorçusu Türkiyənin həmin ölkədəki səfirini qətlə yetirib, daha sonra isə Marsel şəhərindəki meydana onun adı verilib. Bu kimi hadisələr kifayət qədərdir. Eynilə bu qaydada Amerika və digər böyük dövlətlərin rəsmi dairələrinin erməni terrorçularına oxşar münasibətindən nümunələr gətirmək olar. Necə olur ki, hər hansı bir erməni küçədə insanları qətlə yetirəndə terror hesab olunmur, müsəlman isə bir kəlmə söz deyir ona terrorçu deyirlər?! Ona görə də, dünyada "terrorizm" anlayışı ilə bağlı vahid mövqeyə gəlmək lazımdır. Bundan sonra birgə qarşısıalınma tədbirlərindən danışmaq olar".

Ceyhun ABASOV

 





08.06.2017    çap et  çap et