525.Az

UNEC magistrləri imtahan verdi


 

UNEC magistrləri imtahan verdi<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016-2017-ci tədris ilinin yay imtahan sessiyası davam edir.

İyunun 7-də magistratura pilləsində təhsil alan tələbələr imtahan veriblər. Test və yazılı üsulla keçirilən imtahanlarda 1-ci kurs tələbələri iştirak ediblər. İmtahanlara hər qrup üzrə 1 məsul şəxs, 4 nəzarətçi, 1 dekan müavini nəzarət edib. Şəffaf keçirilən imtahan zamanı tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb. Tələbələr də çox sərbəst və rahat şəkildə, stress, həyəcan keçirmədən sualları cavablandırıblar. İmtahan prosesi zamanı heç bir neqativ halla qarşılaşılmayıb.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Magistratura Mərkəzinin direktoru, professor Qabil Manafovun sözlərinə görə, UNEC-də magistratura pilləsində iqtisadiyyatın müxtəlif, o cümlədən ən perspektivli sahələri üçün yüksək ixtisaslı kadr hazırlığını həyata keçirən ixtisas və ixtisaslaşmalar toplanıb: "Hazırda maliyyə, marketinq, menecment, biznesin idarə edilməsi, kompüter elmləri, ekologiya, turizm və otelçilik, mühasibat uçotu və audit, dövlət və bələdiyyə idarəetməsi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi sahələri üzrə magistr hazırlayırıq. Magistratura Mərkəzində əsas tədris dili Azərbaycan dili olsa da, bir çox ixtisaslar rus dilində də tədris olunur. "Beynəlxalq iqtisadi münasibətlər" və "Maliyyə menecmenti" ixtisaslaşmaları üzrə tədris ingilis dilində, "Beynəlxalq münasibətlər və diplomatiya" və "Biznesin təşkili və idarə edilməsi" ixtisasları üzrə Türkiyənin təhsil proqramlarına uyğun olaraq türk dilində aparılır. Magistrlər universitetə daxil olan gündən başlayaraq, seçdikləri ixtisas və ixtisaslaşmaya uyğun olaraq ixtisas kafedraları tərəfindən təqdim olunan çoxsaylı mövzular arasından magistr dissertasiyası mövzusunu seçmək imkanına malikdir və ilk semestrdən başlayaraq universitetin və ölkənin ən təcrübəli alim və mütəxəssislərinin rəhbərliyi altında dissertasiya işi üzərində çalışırlar".

Q.Manafov bildirib ki, magistrlərlə universitetin rəhbərliyi və Magistratura Mərkəzi arasında əlaqə sıx əməkdaşlıq prinsipi əsasında qurulub. Magistrlərin tədris prosesinin təkmilləşdirilməsi, onun daim yaxşılaşdırılması ilə bağlı əsaslandırılmış təklif və tövsiyələri bizim üçün çox önəmlidir. Bu məqsədlə onlar universitetin rəhbərliyinə Magistratura Mərkəzində təşkil edilən görüşlərdə, həm "açıq qapı" və qəbul günləri, həm də müvafiq elektron ünvan vasitəsilə müraciət etmək, tez bir zamanda onun müvafiq dəstəyini görmək imkanına malikdirlər. Magistrlərlə hər gün görüşmək, onların təkliflərini dinləmək, problemlərinin həllinə dərhal kömək etmək isə bizim gündəlik işimizin əsas tərkib hissəsidir. Hər semestrdə magistrlər arasında "işçi məmnuniyyəti sorğusu anketi" vasitəsilə tədris prosesinin təşkili və onun keyfiyyətinin yüksəldilməsi, mühazirə və məşğələ dərslərinin keçirilməsinin xarakteri, dərs deyən müəllimlər və s. haqqında onların fikirləri, irad və təklifləri öyrənilir, müvafiq qərarlar qəbul edilir. Məhz belə sorğular nəticəsində magistraturada dərslərin axşam saatlarında keçirilməsi, "humanitar fənləri" və "ixtisas fənləri" bölümləri üzrə imtahanların test üsulu ilə aparılması, xarici dil fənləri sırasından rus dili və ingilis dili fənləri ilə bağlı magistrlərin seçiminin nəzərə alınması ilə bağlı qərarlar qəbul edilib.

Q.Manafov qeyd edib ki, 2016-2017-ci tədris ilindən etibarən magistratura pilləsində yeni standartların tətbiqinə başlanılıb. Yeni standartlara əsasən, UNEC-in magistratura pilləsində 15 ixtisas üzrə tədris Avropa Kredit Transfer Sisteminin (AKTS) tələblərinə və bu sistemə qoşulan ölkələrin təcrübəsinə əsaslanaraq aparılır. Yeniliklərdən biri ondan ibarətdir ki, təhsil standartlarına uyğun keçirilən hər bir fənnin kreditlərinin sayı Avropa Kredit Transfer Sisteminə uyğun olaraq, 6 AKTS olaraq müəyyənləşdirilib. Yeni standartlarla təhsil alan magistrlər dünyanın bir çox qabaqcıl universitetlərinə beynəlxalq təqaüd və mübadilə proqramları ilə müraciət edə biləcək və tədris olunan fənlərin uyğunlaşdırılmasında heç bir mane ilə rastlaşmayacaq: "Magistratura təhsil pilləsi üzrə tətbiq olunan yeni standartların əsas məqsədi tədqiqat yönümlü və elmi araşdırmalar apara bilənakademik kadr yetişdirməkdir".

Hər il sessiya dövründə UNEC-də imtahanların obyektiv və qüsursuz keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın təmin edilməsi məqsədilə bir sıra yeniliklər tətbiq olunur.

2016-2017-ci tədris ilinin yay imtahan sessiyasının yüksək səviyyədə keçirilməsi, ədalətlilik prinsipinin qorunması məqsədilə də mühüm yeniliklər edilib.  Mühüm yeniliklərdən biri də artıq tələbələrin imtahan testlərini şəxsi kabinetlərindən əldə edə bilməsidir. Daha bir yenilik isə apellyasiya sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, tələbələr apellyasiya ərizəsini şəxsi kabinetlərindən göndərərək, prosesi izləyə, eyni zamanda müraciətlərinə operativ cavab ala biləcəklər.

Hər sessiya dövründə olduğu kimi, bu dəfə də Azərbaycan Dövlət İqtisad Universitetində imtahan prosesində tələbələri narahat edən hər hansı məsələnin operativ araşdırılması məqsədilə "Qərargah" yaradılıb. "Qərargah" bir ay boyunca UNEC-in bütün tədris binalarında, o cümlədən Zaqatala filialında və Maliyyə-İqtisad Kollecində fəaliyyət göstərəcək. Əmtəəşünaslıq fakültəsinin tələbələri II tədris binasında imtahan verdikləri üçün burada yerləşən "Qərargah"a müraciət edə bilərlər.  İş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərən "Qərargah"lar daxil olan bütün müraciətləri dinləyərək, problemləri operativ araşdırıb, aidiyyatı üzrə cavablandıracaqlar.

S.QARAYEVA

 





08.06.2017    çap et  çap et