525.Az

"Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər"in 3-cü cildi - Foto


 

"PROFESSOR ŞİRMƏMMƏD HÜSEYNOVUN ƏRSƏYƏ GƏTİRDİYİ BU KİTAB AZƏRBAYCAN XALQI ÜÇÜN BÖYÜK TARİXİ ƏHƏMİYYƏTƏ MALİKDİR"

"Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər"in 3-cü cildi - <b style="color:red">Foto </b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər" kitabının üçüncü cildinin təqdimat mərasimi keçirilib.

Azərbaycan Mətbuat Şurasının, Bakı Dövlət Universitetinin və "Azərbaycan" qəzetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin baş redaktorları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov tədbiri açıq elan edərək bildirib ki, mayın 16-da prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunması haqqında sərəncamına uyğun olaraq bu əlamətdar hadisə ilə bağlı dövlət səviyyəsində silsilə tədbirlər həyata keçirilməyə başlanıb. Ə.Amaşov professor Şirməmməd Hüseynovun ərsəyə gətirdiyi "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər" kitabını cümhuriyyətimizin 100 illiyinə verilən böyük töhfə anlandırıb.

Şura sədri xatırladıb ki, bu, Şirməmməd Hüseynovun Azərbaycan cümhuriyyəti ilə bağlı ilk kitabı deyil: "Şirməmməd müəllim Məhəmməd Əmin Rəsulzadənin seçilmiş əsərlərinin 5 cildini hazırlayıb. Bir sözlə, o, həyatı boyu cümhuriyyətə xidmət edib".

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov isə qeyd edib ki, Şirməmməd Hüseynov Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyət kəsb edən dəyərli kitab ərsəyə gətirib: "Düşünürəm ki, bu üçcildlik kitab Şirməmməd Hüseynovun şah əsəridir. "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər" bir səlnamədir. Azərbaycan tarixi salnaməçiləri içərisində iki şəxsiyyət var ki, daim yaşayacaq - onlar Qulam Məmmədli və Şirməmməd Hüseynovdur. Şirməmməd müəllimin hazırladığı bu kitabda toplanan materiallar "Azərbaycan" qəzetində bir vaxtlar çap olunsa da, onların bir daha çap edilməsinə ehtiyac var idi. Şirməmməd müəllim bu kitabı qısa zamanda hazırlasa da, bu prosesə 50 ildən çox hazırlıq görülüb".

R.Hüseynovun sözlərinə görə, biz ilk növbədə dövlətin qurucusu olan babalarımıza minnətdar olmalıyıq: "Onlar olmasaydı, bu dövlət də olmayacaqdı. Çünki 1918-ci ildə dövlət kimi əsası qoyulan Azərbaycan cümhuriyyət fədailərinin sayəsində müstəqillik əldə etdi və Sovet İttifaqına məhz respublika kimi ilhaq olundu. Bu hadisənin üzərində 70 il vaxt keçəndən sonra isə Azərbaycan müstəqilliyini bərpa etmək fürsəti qazandı. Əgər o zaman cümhuriyyət qurulmasaydı, yəqin ki, Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik əldə edə bilməyəcəkdik.

"Azərbaycan" qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov isə dövlət başçısı İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı imzaladığı sərəncama toxunaraq bildirib ki, bu, ölkə prezidentinin cümhuriyyət tarixinə verdiyi böyük dəyər, önəmdən xəbər verir. B.Sadıqov qeyd edib ki, cümhuriyyətin 100 illik yubileyinə ikinci böyük töhfəni isə professor Şirməmməd Hüseynov yaratdığı bu əsərlə verib.

Baş redaktor cümhuriyyət dövründə Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakından danışaraq bildirib ki, onlar dövlət, xalq üçün mübarizə aparıblar. B.Sadıqov təəssüflə qeyd edib ki, bolşevik işğalından sonra 70 il ərzində bu böyük şəxsiyyətlərə qarşı məqsədli şəkildə düşmən obrazı yaradılıb: "Halbuki, onlar öz həyatlarını xalqa, millətə, dövlətə həsr edib, mühacirətdə olmalarına baxmayaraq, bir an belə bu fəaliyyətlərinə ara verməyib, Azərbaycanı yenə də müstəqil görmək aruzusu ilə yaşayıblar".

Azərbaycan Atatürk Mərkəzinin sədri, akademik Nizami Cəfərov isə bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Azərbaycan xalqının ən dəyərli bayramıdır. O qeyd edib ki, professor Şirməmməd Hüseynov uzun illər apardığı  tədqiqatların nəticəsi olan bu, üçcildlik kitab cümhuriyyət tariximizin dərindən öyrənilməsində böyük dəyərə malikdir: "Burada böyük mətnşünaslıq işi var. Ona görə də, sözügedən kitabı roman kimi oxumaq mümkündür. Sanki əsərdə sözlər, fikirlər canlanır, parlamentdəki çıxışlar bizim gözümüzün qabağından film kimi keçir. Çünki kitab, sadəcə stenoqram formasında yazılmayıb. Əsərdə bir dramatizm var".

N.Cəfərov hesab edir ki, bu əsər bir parlament dərsliyidir, təcrübə mənbəyidir: "Şirməmməd Hüseynov heç kəsin görə bilməyəcəyi işi görüb".

Professor Solmaz Rüstəmova-Tohidi isə tədqiqat işinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Şirməmməd Hüseynov ilk növbədə jurnalistlər, daha sonra alimlər nəsli üçün böyük örnəkdir: "Bu üçcildlik kitab həm deputatlarımız, həm də parlament jurnalistlərinin fəaliyyəti üçün dəyərli nümunə, təcrübə qaynağıdır"

Professor Asif Rüstəmli isə çıxışında qeyd edib ki, "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər" Azərbaycan dövlətçiliyinə, parlamentarizminə həsr olunmuş dəyərli kitabdır.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu bildirib ki, cümhuriyyət zamanı Azərbaycan tarixinin çox dəyərli dövrüdür. O, prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ilə bağlı imzaladığı sərəncamına toxunaraq qeyd edib ki, Şirməmməd Hüseynovun müəllifi olduğu "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər" kitabı o dövrün tarixi reallıqlarını faktlarla aşkara çıxarılması, geniş işıqlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin layiqli şəkildə qiymətləndirilməsi və səciyyələndirilməsi baxımından vacib tədqiqat işi, tarixi əsərdir.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Musatafa isə bildirib ki, Şirməmməd Hüseynov həm cəmiyyət, həm də elm qarşısında məsuliyyətini daşımağı bacaran şəxsiyyətdir: "O, Azərbaycan Xalq Cümhuriyətinin tarixinin tədqiqi, araşdırılması işinə namus işi kimi baxıb".

F.Mustafa vurğulayıb ki, cəmiyyətimizin düşünən insanları Şirməmməd Hüseynovun ölkəmiz, xalqımız, dövlətçiliyimiz üçün gördüyü işləri heç vaxt unutmayacaq.

BDU-nun professoru Cahangir Məmmədli isə bildirib ki, Şirməmməd Hüseynov şərəfli insan, namuslu tədqiqatçı, böyük vətənpərvərdir: "O, bütün tədqiqat işlərini vətəndaşlıq qeyrətindən irəli gələrək ləyaqətlə yazıb ərsəyə gətirib".

Tədbirin sonunda çıxış edən professor Şirməmməd Hüseynov göstərdikləri diqqətə görə tədbir iştirakçılarına təşəkkür edərək qeyd edib ki, bu, Azərbaycan adlı dövləti yaradan kişilərə böyük hörmət və ehtiramın göstəricisidir.

Qeyd edək ki, "Azərbaycan" qəzetində parlament hesabatları və şərhlər" kitabı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub. Kitabdakı materialları araşdırıb toplayan, yazıların 145-dən 110-nu ərəb əlifbasından latın əlifbasına çevirən professor Şirməmməd Hüseynov, nəşrin transliterasiya redaktorları professor Şamil Vəliyev və elmi işçi Samir Mirzəyevdir.

Ceyhun ABASOV

 





09.06.2017    çap et  çap et