525.Az

Azərbaycan və Əfqanıstan arasında əməkdaşlıq məsələləri müzakirə edildi


 

Azərbaycan və Əfqanıstan arasında əməkdaşlıq məsələləri müzakirə edildi<b style="color:red"></b>

Məlum olduğu kimi, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının üzv dövlətlərin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərində səfərdədir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "525"ə verilən məlumata görə, səfər çərçivəsində S.Müslümov Əfqanıstan İslam Respublikasının əmək və sosial məsələlər üzrə naziri Faizullah Zaki İbrahimi ilə görüşüb.

Nazir bildirib ki, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra ötən dövrdə bütün sahələrdə, o cümlədən, əmək və məşğulluq sahəsində böyük inkişaf yolu keçib. Bu sahə üzrə dünyanın sivil yanaşmaları əsasında hüquqi normativ baza, sosial cəhətdən həssas qruplar üçün etibarlı və dayanıqlı sosial müdafiə sistemi, qabaqcıl texnologiyalar üzərində fəaliyyət mexanizmləri yaradılıb.  Azərbaycanda icra olunan aktiv əmək bazarı proqramlarından bəhs edən nazir, özünüməşğulluq proqramı çərçivəsində aparılan işləri də diqqətə çatdırıb. O bildirib ki, dövlət tərəfindən verilmiş aktivlər hesabına işsiz və işaxtaran şəxslər biznes-planlarını uğurla reallaşdırır və ailə əməyinə əsaslanan təsərrüfatlarını qururlar. Eyni zamanda, müsbət nəticələrdən biri kimi, BƏT-in dəstəyi ilə özünüməşğulluq proqramı üzrə Azərbaycanda beynəlxalq sertifikatlı təlimçilər qrupu da formalaşıb.

Müzakirələr zamanı S.Müslümov Əfqanıstanla əmək və sosial müdafiə sahəsində əlaqələrin İslam Əməkdaşlıq Təşkilatının Bakıda yaradılacaq Əmək Mərkəzinin fəaliyyətə başlamasından sonra daha da güclənəcəyini vurğulayıb. Öz növbəsində F.Z.İbrahimi ölkəsinin sürətlə inkişaf edən Azərbaycanla bütün sahələr üzrə əlaqələrin  möhkəmləndirilməsinə xüsusi önəm verdiklərini qeyd edib. O diqqətə çatdırıb ki, bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində fəaliyyətin müasir tələblərə uyğun qurulması, aktiv əmək bazarı proqramlarının hazırlanması Əfqanıstan üçün də vacib məsələlərdən biridir. Həmin sahələrdə Azərbaycanın iş təcrübələrini öyrənməkdə, ölkəmizlə bu sahələrdə geniş təcrübə mübadilələri aparmaqda maraqlı olduqlarını bildirən F.Z.İbrahimi  İƏT-in Bakıda yaradılacaq Əmək Mərkəzinin əlaqələrimizin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.    

Görüşdə iki ölkə arasında əmək, məşğulluq, sosial müdafiə, əmək bazarının tənzimlənməsi, özünüməşğulluğun təmin olunması və s. sahələrdə gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Zaur CƏFƏROV

 





09.06.2017    çap et  çap et