525.Az

Prezidentdən Natiq Əliyevin vəfatı ilə əlaqədar başsağlığı


 

Prezidentdən Natiq Əliyevin vəfatı ilə əlaqədar başsağlığı<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev energetika naziri Natiq Əliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.
 
525.az-ın məlumatına görə, başsağlığında deyilir: "Azərbaycan ictimaiyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının energetika naziri Natiq Ağaəmi oğlu Əliyev 2017-ci il iyunun 9-da ömrünün 70-ci ilində vəfat edib.
 
Natiq Əliyev 1947-ci il noyabr ayının 23-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1965–1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda dağ mühəndis-geoloqu ixtisası üzrə ali təhsil alıb. Natiq Əliyev 1971–1974-cü illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasında oxuyub və 1975-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 2008-ci ildə isə iqtisad elmləri doktoru alimlik dərəcələrini alıb.
 
Əmək fəaliyyətinə 1970-ci ildən etibarən “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin “Azərdənizneftkəşfiyyat” trestində texnik-geoloq kimi başlayan Natiq Əliyev 1974-1976-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Geologiya İnstitutunun kiçik elmi işçisi, 1976-1979-cu illərdə Elmlər Akademiyası “Xəzər” elmi mərkəzinin kiçik elmi işçisi və baş elmi işçisi olmuşdurub. O, 1979-cu ildə “Xəzərdənizneftqazsənaye” İstehsalat Birliyinin Kompleks dəniz geoloji kəşfiyyat kontorunda geologiya şöbəsinin rəisi təyin olunaraq 1984-cü ilədək bu vəzifədə çalışıb, 1984-1991-ci illərdə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin neft və kimya sənayesi şöbəsində təlimatçı və bölmə müdiri işləyib.
 
1993-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin edilən Natiq Əliyev 2005-ci ilədək həmin vəzifəni tutub, 2005–2013-cü illərdə Azərbaycan Respublikasının sənaye və energetika naziri, 2013-cü ildən ömrünün sonunadək isə energetika naziri olub.
 
Natiq Əliyev uzun illər Azərbaycanın milli maraqlarının qorunması üçün bilik və bacarığını əsirgəməyərək, özünün yüksək peşəkarlığı və təşəbbüskarlığı sayəsində ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanıb müvəffəqiyyətlə gerçəkləşdirilməsində təqdirəlayiq fəaliyyət göstərib. Respublikamızın 1994-cü ilin sentyabrında dünyanın transmilli şirkətləri ilə imzaladığı “Əsrin müqaviləsi” ilə başlanan yeni neft strategiyasının uğurla həyata keçirilməsində, neft-qaz sazişlərinin imzalanmasında, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi qlobal layihələrin reallığa çevrilməsində və bütövlükdə Azərbaycanın enerji sahəsində tarixi nailiyyətlər qazanmasında Natiq Əliyevin özünəməxsus xidmətləri var. O, qlobal enerji təhlükəsizliyi layihəsi sayılan “Cənub Qaz Dəhlizi” üzrə əməkdaşlıq münasibətlərinin qurulması və layihənin yerinə yetirilməsi işinə layiqli töhfələr verib.
 
Natiq Əliyevin tədqiqatçı-alim olaraq Xəzər dənizində neft-qaz yataqlarının axtarışı və kəşfiyyatına, eləcə də enerji sektorunun ayrı-ayrı məsələlərinin öyrənilməsinə dair 100-dən artıq sanballı elmi araşdırması mütəxəssislər tərəfindən rəğbətlə qarşılanıb.
 
Beynəlxalq enerji siyasəti sahəsində tanınmış mütəxəssislərdən olan Natiq Əliyevin Azərbaycanın sosial-iqtisadi yüksəlişi və enerji təhlükəsizliyinin təmin olunmasında, enerji resurslarından istifadənin səmərəliliyinin artırılması işlərinin əlaqələndirilməsində, neft sənayesinin və energetikanın inkişafında səmərəli xidmətləri yüksək qiymətləndirilib. O, bir sıra xarici ölkələrin mötəbər mükafatlarını alıb, müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən “Şöhrət” ordeninə layiq görülüb.
 
Tanınmış ictimai-siyasi xadim, Əməkdar mühəndis, bacarıqlı təşkilatçı və təvazökar insan Natiq Əliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
 
Allah rəhmət eləsin!
 
İlham Əliyev
 
Mehriban Əliyeva
 
Artur Rasizadə
 
Oqtay Əsədov
 
Ramiz Mehdiyev
 
Yaqub Eyyubov
 
Valeh Ələsgərov
 
Hacıbala Abutalıbov
 
Akif Əlizadə
 
Şahin Mustafayev
 
Rövnəq Abdullayev
 
Xoşbəxt Yusifzadə
 
Etibar Pirverdiyev
 
Balababa Rzayev
 
Natiq Abbasov
 
Mərhumun cənazəsi vidalaşmaq üçün 2017-ci il iyunun 10-da saat 12.00-dan 14.00-dək Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin binasında (Rəşid Behbudov küçəsi, 3) qoyulacaq.
 
Dəfn mərasimi Fəxri xiyabanda keçiriləcək".
 





09.06.2017    çap et  çap et