525.Az

Qətər böhranı neftin bazar qiymətinə təsir göstərir


 

“NEFT İXRACATINDA AZALMALAR OLMASA, KƏSKİN QİYMƏT ENİŞLƏRİ İSTİSNA EDİLMİR”

Qətər böhranı neftin bazar qiymətinə təsir göstərir<b style="color:red"></b>

“Bir neçə Ərəb dövlətinin Qətər ilə diplomatik əlaqələrini kəsməsi neftin dünya bazar qiymətinə artıq təsir göstərməkdədir. Bir sıra gözləntilərin əksinə olaraq, neftin qiymətində azalmalar müşahidə edilir. Artıq Brent markalı neftin hər barelinin qiyməti 50 dollardan aşağıdır. Texas markalı neftin bir bareli isə 47 dollara yaxınlaşır”.

Bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov deyib.

O bildirib ki, qiymətin aşağı düşməsi OPEK-ə üzv olan ölkələr arasındakı dimplomatik gərginliklə bağlıdır:

“Bu gərginliyə görə, OPEK-in hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməməsi riski dünya bazarına təsir göstərməkdədir.

Praktik olaraq, “Qətər məsələsi” OPEK üzvlərini iki fərqli cəbhəyə ayırıb. Bu isə tərəflərin neft hasilatının azaldılması ilə bağlı öhdəliklərə necə əməl etməsinin monitorinq imkanlarını xeyli məhdudlaşdırır. Digər tərəfdən isə gələcəkdə hasilatın daha böyük həcmdə azaldılması ilə bağlı gözləntilərin də üstündən xətt çəkmiş olur.

Digər tərəfdən, Səudiyyə Ərəbistanının Qətəri blokadaya alması heç də bu ölkənin neft ixracatında problemlər yaratmayıb. Deməli, dünya bazarında neft təklifi dəyişməyib, amma bununla belə, bazarda qiymətləri azaldan ciddi psixoloji faktorlar var”.

V.Bayramov hesab edir ki, körfəz ölkələrində müşahidə edilən son diplomatık gərginlik OPEK-in neft bazarına təsir imkanlarını xeyli məhdudlaşdırmaqla yanaşı, hasilatın azaldılması ilə bağlı öhdəliklərin yerinə yetirilməsini xeyli çətinləşdirib:

“Bu isə nəticədə qiymətlərin azalmasını stimullaşdırır. Əgər Qətərin neft ixracatında hər hansı azalmalar olmasa, neftin dünya bazar qiymətində daha kəskin enişlər istisna edilmir”.

Ceyhun ABASOV

 





10.06.2017    çap et  çap et