525.Az

Daha bir “Naşir”


 

Daha bir “Naşir”<b style="color:red"></b>

Naşirlər və Poliqrafçılar İctimai Birliyinin mətbu orqanı olan “Naşir” jurnalının bugünlərdə ikinci sayı işıq üzü görüb.

Dərgi filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin “Vətənə sevginin ölçüsüzlük ölçüsü” yazısı ilə açılır. Müəllif məqalədə ümummilli lider Heydər Əliyevin həyat yoluna özünəməxsus baxış bucağından münasibətini qələmə alıb: “Elə şəxsiyyətlər var ki, onların yaratdıqları məktəblər polifonik xarakter daşıyır, ictimai, siyasi, politoloji, elmi sahələrin bir çox istiqamətini əhatə edir. Heydər Əliyev polifonik məktəblərin məcmusunu yaratmış şəxsiyyətdir. Bu məktəb siyasi, ictimai istiqamətdən tutmuş, xalqa məhəbbətin və nəhayət, ev, ailə, ömür-gün yoldaşına sevginin yüksək ölçülərinə yiyələnməyi öyrədir. Heydər Əliyevin Vətən sevgisi, millət sevgisi göz önündədir. Heydər Əliyevin insana, Azərbaycan vətəndaşına sevgisi bir örnəkdir”.

Jurnalda əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadənin “Uzun...İncə... Bir yol” məqaləsi işıq üzü görüb. Yazıda Xalq yazıçısı Elçinin yaradıcılığına dramaturji nöqteyi-nəzərdən yanaşılıb: “ Bir teartşünas kimi “peşə maraqları” prizmasından Elçin şəxsiyyətinə, Elçin yaradıcılığına, Elçin dramaturgiyasına nəzər salanda və Elçin fenomeninin Azərbaycan milli teatr prosesinə təsirini qeydə alanda, ilk növbədə, sənətçi qeyrəti, səmimiyyət, intellektuallıq və təbəssüm arxasında gizlənən ciddi və ağrılı düşüncələrin katalizator təsirini konstatasiya etməliyəm. Elçin pyeslərinin səhnə təcəssümü milli teatr prosesimizə dünya teatr təcrübəsinin mühüm problemlərini qatdı ki, bu, yeni zamanın, yeni dövrün tələbi və “yaradıcı sifarişi” idi. Bəlkə də çox dramaturqlarımız bu tələbi duydu-eşitdi. Amma məhz Elçin öz dramaturji yaradıcılığıyla yeni dövrün çağırışına adekvat cavab vermiş oldu”.

“Xalq maarifinin müşTağıyev” kimi maraqlı ada malik yazının müəllifi Samirə Rəhmanova sözügedən məqalədə görkəmli mesenat Hacı Zeynalabdin Tağıyevin maarifçilik yanğısından, yaratdığı Qızlar Məktəbindən, kitab çapı və nəşr sahəsinə olan dəstəyindən, incəsənətə hamiliyindən söz açıb.

Həmin müəllifin “Dünya kitabxanalarının yaranma tarixi” araşdırmasında isə sözügedən mövzu ətraflı təhlil olunub. Məqalədə Qədim Nippur, qədim Nineviya, qədim Rusi, Çelsa, Vatikan Apostol, Amerika Konqres, Britaniya, Müqəddəs Qalla,  həmçinin Azərbaycanda orta əsrlərdə yaradılmış Nəsirəddin Tusi və Rəşidəddinin zəngin kitabxanalarının yaranma tarixindən, keçdiyi inkişaf yolundan söhbət açılıb.

“İranlı Don Juan” yazısında türk-qızılbaş tayfasından olan və Səfəvi şahı Məhəmməd Xudabəndinin sarayında önəmli vəzifə daşımış Sultanəli bəyin oğlu Oruc bəy Bayatla bağlı tarixi məqamlar öz əksini tapıb.

“Ədəbiyyat mükafatları” məqaləsində dünyanın nüfuzlu mükafatları haqqında maraqlı məlumatlar verilib. Yazıda dünyanın həmişə diqqət mərkəzində olan, həmçinin tənqidə də məruz qalan Nobel mükafatı, Dublin Şəhər Şurasının təsis etdiyi İMPAS, Fransanın önəmli ədəbiyyat mükafatı Qonkur, Servantes, Orange, Ceyms Teyt, Beynəlxalq Astrid Lindqren, Karnegi Medalı, Quttenberq mükafatları haqqında indiyədək oxuculara məlum olmayan faktlar açıqlanıb.

Dərgidə yeri gəldikcə oxucuların diqqətini xəlb edəcək maraqlı faktlardan, hadisələrdən də istifadə olunub. Rəna Kərimovanın hazırladığı materialda məşhur yazıçıların ölüm səbəbləri haqqında diqqətçəkən məqamlar var. Məsələn, “Cek London yüksək miqdarda narkotik dozadan zəhərləndiyi üçün 40 yaşında vəfat edib”. Yaxud da: “İngilis şairi Tomas Çatterton arsen içərək özünü zəhərləyib. Buna səbəb məşhur ola bilmədiyinə görə depressiyaya düşməsi idi. Amma öldükdən sonra sağ ikən həsrətini çəkdiyi məşhurluğa qovuşur. (Çattertonun atası isə qeyri-adi bacarığı ilə tanınırda. O, yumruğunu ağzına salmağı bacardığına görə insanları təəccübləndirirdi”.) Məlumatlarda rus yazıçısı Lev Tolstoyun soyuq bir qış gecəsində vağzalda donaraq ölməsi də qeyd olunub. Yazıda bu kimi bir çox məşhur ədiblərin qəribə sonluğundan söz açılıb.

Oxucular dünyanın ən böyük nəşriyyatları haqqında eyniadlı məqalədən arzuladıqları məlumatı ala bilərlər. Burada Çindən başlanan mətbəəçilik tarixindən tutmuş müasir mətbəə işinin yaranmasına qədər ən müxtəlif dövrləri əhatə edən ardıcıllıq gözlənilib.

Jurnalın “Qonağımız” rubrikasında   “Ayna”-”Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı ilə “Hər gün öyrənərək yaşayıram” adlı müsahibə təqdim olunub.

Doktor Vasif İsmayılın müəllifi olduğu “Çap materialları və insan sağlamlığı” yazısında poliqrafiya və tipoqrafiya işinin insan sağlamlığına mənfi təsirindən və problemdən çıxış yollarından söz açılıb. Müəllif məqalədə keyfiyyətli tipoqrafiya vasitələrinin istifadəsinin önəminə diqqəti cəlb etməyə çalışıb: “Elmin inkişafı ilə tipoqrafiyalar daha sağlam iş yerlərinə dönüşdürülsələr də, istifadə edilən maddələr hələ də sağlamlığa ciddi zərər verə biləcək potensialdadır. Bu faktorun nəzərdə saxlanılaraq çap işi həyata keçirilən iş yerlərinin sanitar-gigiyenik normalarına əməl etmək və müntəzəm illik tibbi kontrolların təşkili zəruridir”.

Jurnalın “Ağ-qara” bölümündə “redaktəsiz” dərkənarı ilə təqdim olunan Bəhruzun “Yola vermək zamanın xəstəliyidir, yoxsa...” yazısında dilimizdə işlənən “yola vermək” idiomunun həyati həqiqətlərə söykənən misallarından bəhs olunub. 

“Düşüncələr” rubrikasında professor Nadir Məmmədlinin “Sabahın xeyir” yazısı dərc edilib.

“Soyuq ölkənin isti ailəsi” yazısı isə “Çərçivə” rubrikasında yerləşdirilib. Gülnar Mayisqızının suallarını Hollandiyada yaşayan rəssamlar ailəsi Vəfa və Rasim Rüstəmovlar cavablandırıb.

Təranə Vahidin “Yeddi qatdan yuxarıdakı cənnət” yazısında Şuşa haqqında vətəndaş yanğısı ilə qələmə alınmış düşüncələr təqdim olunub. “21 ildir Şuşanın (Pənahabadın) həsrəti yeddi qatımızdan keçir”-yarımbaşlığı ilə açılan məqalədə Şuşanın tarixi-mədəni həyatına işıq tutulub.

 İçərişəhərdə yerləşən dünyanın ilk və yeganə özəl Miniatür Kitab Muzeyindən hazırlanmış reportaj dərginin “Deyincə sənət” bölməsində oxucuların ixtiyarına verilib.

Dünyanın məşhur paytaxtlarından olan Roma haqqında daha maraqlı və ətraflı məlumatı tarix elmləri doktoru Fərid Ələkbərlinin “Roma kitab və kitabxana mədəniyyətinin mərkəzi” yazısından almaq mümkündür. 

Filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlinin “Çağdaş Güney Azərbaycanda ədəbi proses” yazısında sözügedən mövzu ətraflı tədqiq olunub.

Jurnalın “Naşir sözü” rubrikasında “Heydər Əliyev İrsini Araşdırma Mərkəzi müasir Azərbaycan haqqında 50 dildə informasiya mənbəyidir” yazısı yer alıb. Yazının müəllifi həmin mərkəzin Elmi-Redaksiya şurasının sədri, Milli Elmlər Akademiyasının həqiqi üzvü Asəf Nadirovdur. Hesabat xarakterli məqalədə mərkəzin gördüyü işlər, regional bölmələri, kursları, beynəlxalq əlaqələri, nəşriyyat fəaliyyəti haqqında bilgilər qələmə alınıb.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Fizurə Quliyeva “Dünyamızın gül-çiçəyi uşaqlar, ömrümüzün söz çələngi-kitablar” yazısında uşaqların mütaliə vərdişinin daha da inkişaf etdirilməsinin vacibliyini ön plana çəkib.

Dərginin “Kitab köşkü” rubrikasında Aida Quliyevanın müəllifi olduğu “Milli xəzinə” məqaləsində M.F.Axundov adına kitabxananın yaranma tarixinə, keçdiyi inkişaf yoluna nəzər salınıb: “2004-cü ildə Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilən kitabxanada hazırda 25 şöbə, 26 bölmə fəaliyyət göstərir. Kitabxana fondunda 4 milyon 513 min çap məhsulu saxlanılır. Bu il M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyi qeyd olunacaq. Hazırda sentyabr ayında 47 Avropa ölkəsinin milli kitabxanalarının direktorlarının iştirakı ilə keçiriləcək yubiley tədbirinə ciddi hazırlıq görülür”.

Jurnalda həmçinin bir-birindən oxunaqlı “Maraqlı xatirələr hər insanın alnına yazılmır”, “Azərbaycan mətbuatı və radiosu II Dünya müharibəsi illərində”, “Fotoqrafiyamızın cəfakeşi” məqalələri işıq üzü görüb.

Jurnalda eləcə də yeni nəşrlər, həmçinin dünyanın maraqlı kitab mağazaları haqqında diqqəti cəlb edən yazılar yer alıb.

Sevinc MÜRVƏTQIZI

 





12.05.2013    çap et  çap et