525.Az

İmam, erməni və ana südü


 

İmam, erməni və ana südü<b style="color:red"></b> “Bu kəndin uşaqları  ana südü əmməyib, çünki qorxu içində yaşayan anaların südü quruyur…

”Bu sözlər “Yeni Üfüq”ün cəbhə bölgəsindəki kənd məktəblərinə yardım kompaniyası ilə bağlı hazırlanmış video çarxdandır. Tərtərin Həsənqaya kəndində yerləşən 127 saylı orta məktəbin şagirdləri barədə danışırdı İlqar müəllim. Qorxmaq snayperlərin nişan aldığı evlərdə silahın sənə, yoxsa körpənə tuşlandığını bilməməkdir, yəqin.  Kədər “laylay dedim yatasan” sözlərini bölən ac körpə nalələridir, məncə. Cəsarət minalanmış ərazini, erməni quldurlarının keşik çəkdiyi postu keçən qadının ağlamadıqlarıdır.Düşmənin olduğu tərəfə keçmiş atını geri qaytarmaq üçün ölümü heçə sayan azərbaycanlı qadınana idi: “Nağarım, yox, nə bilmişdiniz, mən icazə verəcəkdim atımı kafir erməni minsin?!”Elə deyib, ana…

“Anama deyin, balası gələr, dağları dələr…” Yanılmırsan. “Atları yəhərləyin” filmindəki məşhur mahnıdandır. Həsənqaya kəndində yaşayan balaca Hüseyin deyir ki, ermənidən qorxmuram. Gəlsələr əgər başlarını kəsərəm! Hüseyin su içəndə “Yezidə lənət!” deyir. Bu, necə işdir, axı, ana?! Hüseyin ilə su arasında Yezid! Hüseyin ilə ana südü arasında erməni!Min dörd yüz ildir dəyişməyən tək şey sudan südə axan qandır, anacan, qan!

“Anamdan ötrü darıxıram ey, yuxuda bərk-bərk qucaqlamışdım arvadı…” Dədəmin sözləridir, ana. Atam anasını itirəndə mənim indiki yaşımda imiş. Bilirsən, nənəm öz anasını dünyaya gələndən bir neçə gün sonra itirib.Süd istəyən körpənin bağrı çartlayırmış. Heç kimin südünü qəbul etməyib. Sonunda körpə cəsəd anasının döşünü əmib, sakitləşib. Qardaşımın süddən ayrılanda necə ağladığını xatırlayırsan, ana?
Bu gün Türkiyədə analar günüdür. Təbrik edirəm, səni, bütün anaları! Çox yaşayın! Ana, mən məmləkətdən uzaqda ən çox səni itirməkdən qorxuram. Telefonuma zəng edən sən yox, dədəm olanda hər dəfə necə nigaranlıq keçirirəm! Ona görə də danışmaq istəyəndə dədəmə yox, sənə zəng edirəm! Birinci sənin səsini duymaq istəyirəm, sənin alıb-verdiyin nəfəsin xəttdəki xışıltısını sevirəm, ana! Kişiyə denən, inciməsin, vallah, anasının xətrinə!

Həmişə sənin oğlun!
 





13.05.2013    çap et  çap et