525.Az

Azərbaycan kitabçılığı Moskvada yüksək dəyərləndirildi


 

SƏLİM BABULLAOĞLUNUN YAZDIĞI "RASİM ƏLİYEV. XATİRƏLƏR” KİTABI "QRAN-PRİ”YƏ LAYİQ GÖRÜLÜB

Azərbaycan kitabçılığı Moskvada yüksək dəyərləndirildi<b style="color:red"></b>

2017-ci ilin 5-6 iyununda Rusiya Federasiyasının paytaxtı Moskvada MDB-yə üzv dövlətlərin XIV Beynəlxalq "Kitab sənəti” müsabiqəsinin münsiflər heyətinin iclası olub.
 
Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi sektorunun müdiri Lətifə Məmmədova təmsil edib.

XIV Beynəlxalq "Kitab sənəti” müsabiqəsinə MDB-yə üzv olan dövlətlərin təmsilçiləri tərəfindən bütün nominasiyalar üzrə 89 adda kitab təqdim olunub.

Mədəniyyət və Turizm Nazirliyi dəstəyi ilə sözügedən müsabiqəyə Azərbaycan Respublikası adından müxtəlif nominasiyalarda iştirak üçün 14 adda kitab göndərilib.

Bu kitablardan 11-i müsabiqənin əsas nominasiyalar üzrə qalib gəlmiş və müxtəlif dərəcəli diplomlarla təltif olunub.

Həmin nəşrlərdən, Səlim Babullaoğlunun yazdığı "Rasim Əliyev. Xatirələr” kitabı "Qran-Pri” ("Гран-При”) nominasiyası üzrə finalçı seçilib və "Qran-Pri” laureatı diplomuna layiq görülüb.

Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan, Şakir Qabıssanlının qələmə aldığı  "Azərbaycan xalçalarının açılmamış sirləri” kitabı "Birlik” ("Содружество”) nominasiyası üzrə II yeri tutub. Sevda Dadaşova, Elbəy Qasımzadə, Fazil Məmmədovun "Bakı – tarixin səhifələri” kitabına "Mənim ölkəm” ("Моя страна”) nominasiyası üzrə III yer verilib. Solmaz Amanovanın "İlmənin macəraları” (Azərbaycan, rus və ingilis dillərində) kitabı "Uşaq və gənclər üçün kitab” ("Книги для детей и юношества”) nominasiyası üzrə II yerə layiq bilinib.

Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan bir başqa kitab - "Azərbaycan doğma diyar. Milli azlıqların V Respublika Festivalının materialları” isə "Mədəniyyətlərin dialoqu” ("Диалог культур”) nominasiyası üzrə III yerlə dəyərləndirilib. F.Əfəndiyeva, F.Balakişiyeva, Ç.Qaşqay, V.Babayevin "Müasir kurort işində quru palçıq formaları” kitabı "Elm və innovasiya” ("Наука и инновация”) nominasiyası üzrə üçüncülük qazanıb.

Esmira Fuadın "XX əsr Güney Azərbaycan epik şeiri” kitabı "Tədris ədəbiyyatı və təhsil” ("Учебная литература и образование”) nominasiyası üzrə III yeri tutub. Mədəniyyət və Turizm Nazirliyinin nəşrlərindən, Rəşid Behbudovla bağlı  "Sönməz Ulduz” kitabı"Art kitab” ("Арт-Книга”) nominasiyası üzrə II yerə layiq görülüb. Gülzar İbrahimovanın "Sirus və Virusun macəraları” kitabına "MDB-də nəşr olunub” ("Отпечатано в Содружестве”) nominasiyasında III yer verilib.

Mədəniyyət və Turizm Nazirliyinin "Molla Nəsrəddin lətifələri” nəşri "İllüstrasiya sənəti” ("Искусство иллюстрации”) nominasiyası üzrə üçüncü yerlə qiymətləndirlib. Nazirliyinin digər bir nəşri - Sabir Rüstəmxanlının "İki kəlmə” kitabı "Xüsusi diplom”la mükafatlandırılıb.

Kitabların layiq görüldüyü mükafatlar bu ilin sentyabrında Moskva Beynəlxalq Kitab Sərgisində Azərbaycan nümayəndə heyətinə təqdim olunacaq.

CAVİD



























 





13.06.2017    çap et  çap et