525.Az

Şanxay Əməkdaşlıq Təşkilatı bölgənin təhlükəsizlik sisteminə çevrilir


 

NECƏ OLDU Kİ, GƏRGİN MÜNASİBƏTLƏR YAŞAYAN PAKİSTAN VƏ HİNDİSTAN TƏŞKİLATA TAMHÜQUQLU ÜZV SEÇİLDİ?

Şanxay Əməkdaşlıq Təşkilatı bölgənin təhlükəsizlik sisteminə çevrilir<b style="color:red"></b>

Məlum olduğu kimi, iyunun 9-da Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirildi.
 
Tədbirdə münaqişəli vəziyyətdə olan iki dövlət - Pakistan və Hindistan təşkilata tamhüquqlu üzv seçildi. Bu iki ölkənin quruma daxil edilməsi maraqla qarşılanmaqla bərabər, ciddi müzakirələrə də yol açıb. Hətta belə rəy da var ki, Pakistan və Hindistan təşkilata üzv qəbul olunduqdan sonra təşkilat çərçivəsində konsensus əldə etmək çətinləşəcək.

Məsələ ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu hesab edir ki, bu, Şanxay Əməkdaşlıq Təşkilatının işini mürəkkəbləşdirəcək: "Bu iki ölkənin bir-biri ilə münasibətləri gərgin olaraq qalır. Çinin özünün də Hindistanla münasibətləri soyuqdur, iki dövlət arasında sərhəd problemi var. Çin Pakistanı dəstəkləyir".

E.Şahinoğlu qeyd edib ki, Pakistan və Hindistanı Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul etdirmək Rusiya prezidenti Vladimir Putinə lazım idi: "Bununla Putinin bir neçə məqsədi var. Birincisi, Rusiya prezidentinin fikrincə, təşkilatın genişləndirilməsi bölgədə təhlükələrə qarşı mübarizə imkanlarını artıracaq. Ən böyük təhlükə Əfqanıstandakı gərgin vəziyyətdir. Rusiya terrorçulara qarşı mübarizədə Pakistan və Hindistanla əməkdaşlıq etmək istəyir. Mərkəzi Asiya ölkələri də Əfqanıstandakı vəziyyətdən narahatdırlar. Ona görə Mərkəzi Asiya ölkələri də Pakistan və Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunmasında maraqlıdırlar. Vaxtilə Pakistan ABŞ-ın müttəfiqi idi. Ancaq "soyuq müharibə" bitdikdən sonra bu müttəfiqlik zəiflədi. Pakistan rəhbərliyi özü də Əfqanıstanda Taliban hərəkatından ehtiyat edir. Talibana bağlı terrorçular bir neçə dəfə Pakistan ərazisində terror aksiyaları törədiblər. Digər tərəfdən, Pakistan imkan verə bilməzdi ki, yalnız Hindistan Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunsun. Pakistan heç bir məsələdə Hindistandan geri qalmaq istəmir.

İkincisi, Rusiya prezidenti Pakistanı Rusiyaya yaxınlaşdırmaq istəyir. Hətta bir müddət əvvəl Rusiya ilə Pakistan arasında birgə hərbi təlimlər də keçirilmişdi.

Üçüncüsü, Putin NATO-nun Avropanın Şərqinə doğru genişlənməsindən narahatdır. Misal üçün Kreml Monteneqronun NATO-ya üzv qəbul olunmasına kəskin reaksiya verdi. Buna görə də Putin NATO-nun genişlənməsinə alternativ olaraq Şanxay Əməkdaşlıq Təşkilatının genişlənməsinə çalışır".

Politoloqun fikrincə, növbədə İrandır: "Rusiya İranın da Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olunmasına dəstək verir. Türkiyə və Azərbaycan da Şanxay Əməkdaşlıq Təşkilatına maraq göstərirlər. Beləliklə, Şanxay Əməkdaşlıq Təşkilatı bölgənin əsas mərkəzi təhlükəsizlik sisteminə çevrilmək üzrədir".

Pekində 14-15 mayda "Böyük İpək Yolu" layihəsi ilə bağlı sammit keçirildiyini xatırladan mərkəz sədri qeyd edib ki, bu sammitdə yalnız Hindistan iştirak etmirdi: "Kreml Çinin Rusiyanın nəqliyyat imkanlarından istifadə edəcəyinə ümidlidir. Yəni Çin öz mallarını Avropaya Rusiya üzərindən çatdırsın. Ona görə də Kreml çalışır ki, Çinlə bütün formatlarda sıx əməkdaşlıq etsin".

E,Şahinoğlu əlavə edib ki, bütün bunlara baxmayaraq, Rusiyanın əsas problemi Əfqanıstandır: "Putin NATO ölkələrini ona görə tənqid edir ki, bu ölkələr orada olduqları 15 il ərzində Əfqanıstanda qayda-qanun yarada bilməyiblər. Kreml sahibi haqlıdır. Əfqanıstanda vəziyyət gərgin olaraq qalır. Ona görə də Putin düşünür ki, Əfqanıstanda vəziyyətin normallaşmasında Şanxay Əməkdaşlıq Təşkilatının vacib rolu ola bilər. Putin "Şanxay Əməkdaşlıq Təşkilatı - Əfqanıstan" formatının yenidən işə başlamasını istəyir. Məqsəd Əfqanıstanda müxtəlif qüvvələr arasında dialoqu genişləndirib sabitlik əldə etməkdir. Ancaq NATO-dan fərqli olaraq Şanxay Əməkdaşlıq Təşkilatının Əfqanıstan istiqamətində uğur qazanacağını söyləmək çətindir. Əfqanıstan qarışıq ölkədir, problemləri də dərindir. Əfqanıstanın mərkəzi ilə əyalətləri arasında fərq böyükdür, dövləti paytaxtdan idarə etmək coğrafi baxımdan da çətindir".

Ceyhun ABASOV

 





14.06.2017    çap et  çap et