525.Az

Sofiyada “Əzəmət nümunələri - Azərbaycan xalq sənəti” sərgisi - Fotolar


 

Sofiyada “Əzəmət nümunələri - Azərbaycan xalq sənəti” sərgisi - <b style="color:red">Fotolar </b>

İyunun 14-də Sofiya şəhərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycan Xalça Muzeyinin dəstəyi ilə Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Bolqarıstan Elmlər Akademiyasının Etnoqrafiya və Folklor Araşdırmaları İnstitutunun Etnoqrafiya Muzeyində “Əzəmət nümunələri – Azərbaycan xalq sənəti” adlı sərgi təşkil edilib.  

Sərgidə ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, gündəlik məişəti, incəsənətini əks etdirən müxtəlif çeşidli (təxminən 57 ədəd) eksponatlar – zərgərlik məmulatları, bəzək əşyaları, tikmə nümunələri, Azərbaycanın xalçaçılıq məktəbinin ənənələrini göstərən xalça məmulatları və s. maddi-mədəniyyət nümunələri nümayiş etdirilib.  

Nümayişdə Bolqarıstanın Prezident Administrasiyası, Vitse-prezidentinin ofisi, Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT, həmçinin yaradıcı sənət təşkilatları və özəl sektorun nümayəndələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan P.Xristov bu cür tədbirlərin keçirilməsinin ölkələrimiz arasında əməkdaşlığın, o cümlədən, mədəni sahədə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd etmişdir.

Sərginin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova və muzeyin əməkdaşlarına təşəkkürünü bildirib. Təqdim olunan əsərlərin Azərbaycan sənətkarlarının yüksək ustalığını nümayiş etdirdiyini və Azərbaycanın zəngin mədəniyyətinin bir hissəsi olduğunu söyləyib. 

Səfir Nərgiz Qurbanova sözügedən sərginin Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər çərçivəsində təşkilindən məmnunluğunu bildirib. Ölkəmizin bolqar və xarici dostları üçün Azərbaycanın zəngin mədəni irsindən zövq almağa imkan yaradacağını qeyd edib. Bəşəriyyətin qədim məskənlərindən Azərbaycanın coğrafi mövqeyinə görə mühüm tarixi hadisələrin qaynağında olduğunu əlavə edib. Belə ki, bir sıra karvan yollarının, xüsusilə Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçdiyini vurğulayıb.

Təbii sərvətləri kimi, Azərbaycanın xalq yaradıcılığının çox çalarlı olduğunu qeyd edən N.Qurbanova onun insanların gündəlik həyatı ilə bağlı olduğunu söyləyib. Diplomat xalq yaradıcılığımızın geyim və zərgərlikdən tutmuş məişət əşyaları və silahlara qədər öz zənginliyi ilə hər zaman fərqləndiyini, Naxçıvan, Mingəçevir, Gədəbəy, Gəncə və digər bölgələrimizdə aşkar olunan sənət nümunələrinin 5000 ildən artıq yaşı olduğunu qeyd edib.

N.Qurbanova sərginin təşkilatçılarından olan Azərbaycan Xalça Muzeyinin 1967-ci ildə yaradıldığını və dünyada xalça üzrə ixtisaslaşmış ilk muzey olduğunu diqqətə çatdırıb. 2014-cü ildən etibarən muzeyin yeni binasının bükülmüş xalça formasında olduğunu söyləyən səfir muzeyin təşəbbüskarının Azərbaycan xalçaları üzrə fundamental əsərlərin müəllifi olan  xalçaçı-alim Lətif Kərimov olduğunu qeyd edib. Mövcud olduğu 50 il ərzində muzey tərəfindən dünyanın müxtəlif ölkələrində 30-dan artıq sərgi təşkil olunduğunu, bu gün muzeyin təkcə sənət əsərləri və xalçalardan ibarət kolleksiya olmayıb, eyni zamanda ənənəvi xalçaçılıq sənəti üzrə tədqiqat mərkəzi olaraq fəaliyyət göstərdiyini vurğulayıb.

Səfir Azərbaycan xalq yaradıcılığı nümunələrinin Viktoriya və Albert, Luvr, Metropolitan, Vyana, Roma, Berlin, İstanbul, Tehran, Qahirə kimi dünyanın bir çox məşhur muzeylərində nümayiş olunduğunu, eləcə də bu sərgidə təqdim olunan əsərlərin bir çox ölkələrdə sərgiləndiyini deyib. Bütün bunların aysberqin görünən tərəfi olduğunu vurğulayan səfir iştirakçıları Azərbaycan xalq yaradıcılığının şah əsərlərini görmək üçün ölkəmizə səfər etməyə dəvət edib.

Sərgidə, həmçinin, Azərbaycan xalq sənətinin incəliklərini əks etdirən video-çarx nümayiş olunub və ziyarətçilərə “Avropa2001” jurnalının Azərbaycana həsr olunan xüsusi buraxılışı təqdim olunub. Açılış mərasimindən sonra qonaqlara Azərbaycan milli təamları təqdim olunub.

Sərgi iyulun 30-dək davam edəcək.

 





15.06.2017    çap et  çap et