525.Az

Ağ kağızlar, massonlar və Van Qoq...


 

Ağ kağızlar, massonlar və Van Qoq...<b style="color:red"></b>

Bahar axşamlarının qəribə bir yaradıcı cazibəsi olur. Yəqin yaradıcılıqla məşğul olan çoxları mənlə razılaşar ki, bu ilıq axşamlarda aylardır əli yazıya yatmayan adam da nəsə yazıb-yaratmaq istəyir. Artıq 1 il olar ki, əlim qələmdən, ürəyim yazıdan soyuyub. Bunun səbəbini nə tənbəlliyə, nə xoşbəxtliyə, nə də işə bağlamaq istəmirəm. Bu yazı ilə mən arasında bəlkə də kiçik bir inciklik idi, keçdi getdi desək?..

Ən böyük qorxularımı, imtahanlarımı, kədərimi  kağızlarla üz-üzə qalanda yaşayıram. Məni ifşa edəcəklərindən çəkinib sətirlər arxasında gizlənirəm. Kağız və yazıçı arasındakı məsafə... bəzən o qədər sonsuz, ucsuz-bucaqsız olur ki, ekvator xətti belə onun yanında qısa görünür. Bəzən isə o qədər kiçik, görünməz məsafə ki, sanki hərflər əllərindən yox gözlərindən tökülür kağıza... bu məsafə keçidində neçə insan ölür, neçə insan dirilir, neçə-neçə müharibələr, qətllər, neçə-neçə səhvlər... oxucu sadəcə baş verənlərin hazır tablosunu seyr edir.  İndi keçilməz sonsuzluqdayam. Nitşenin dediyi boşluğa atılmışam. Ətrafda yapışıb xilas olmağa heçnə yoxdu. Heç istəmirəm də... bəzən boşluqlar da gözəldir. Məsafələr o qədər uzaq olur ki, yazıya elə buradaca nöqtə qoyub bir daha dünyanın ən ağır üzləşməsinə qayıtmaq istəmirəm. Ağ kağızlar bəlkə də yazıçıların güzgüsüdür.

İrving Stounun “Yaşamaq yanğısı” əsərində belə bir fikir var: “dünyada düz yolla getmək üçün gərək axıradək özünü qurban verəsən. İnsanın məqsədi, ancaq xoşbəxt olmaqdan ibarət deyil, insan dünyaya yalnız vicdanlı olmaqdan ötrü gəlmir, o, bəşəriyyət üçün böyük bir şey açmalı, nəcib olmalı, insanların əksəriyyətinin keçirdiyi bayağı həyata üstün gəlməlidir”.

Bəlkə də yazıçılar, ümumiyyətlə yaradıcılıqla, sözün əsl mənasında sənətlə məşğul olan hər bir kəs seçilmiş qurbanlardır. Məgər tarixdə diri-diri yandırılan, asılan, güllələnən, sürgün edilən qurbanlar azdırmı?.. yazıçılar kimdir və nə istəyirlər?! Mövcud cəhalətə, haqsızlığa etiraz səsini ucaldaraq yazını vasitəyə çevirənlər? Yaxud, dünyanı dəyişmək istəyənlər?...

Hətta 3-cü “ürəyini boşaldanlar”, “sözü döşəyənlər”, “sözü zorlayanlar”, “sözün boğazına kəndir salanlar” və s. kateqoriyaları da bura əlavə etmək olar. Yazıçıları, şairləri dünyaya sürgün edilmiş xeyirxah missiya sahibləri adlandırmaq istəyirəm, amma qorxuram sözümü top atəşinə tutalar. Çünki adamlar tanıyıram ki, “iti görüm, qurdu görüm, yazıçını görməyim” deyəcək qədər onlara nifrət bəsləyir. Hələ son vaxtlar məni xeyli güldürən “yazıçıların çoxu massondur” söyləyənləri demirəm. Əvvəla, bu masson kimdir, nədir, doğrusu, indiyədək onlarla maraqlanmamışam. Amma hər kimdirsə “nəcib” varlıqlara bənzəyirlər. Çünki ən hörmətli məqamlarda massonların adları çəkilir. Məsələn, “bu massonlar (burda yazıçılara xitab olunur) xaxın uşaqlarının beynini yeyib öz tərəflərinə çəkirlər. Qabaq belə şeylər yox idi. Var idisə də az olardı”. Burda “Ya Allah” deyib yazının əvvəlindəki “Yaşamaq yanğısı” əsərinə keçid edirəm. Əsər dünyaşöhrətli rəssam (masson yox ha) Van Qoq haqqındadır. Sənətinin hərisi olan, dostları, qohumları arasında yadlaşan və getdikcə tənhalaşan bu dahi rəssam sözün əsl mənasında özünü rəsmə həsr edir. Gələcəkdə adı dillərə dastan olacaq bu rəssamı öz dövründə daim uğursuz, avara və nankor hesab edirlər. Əsərin təbirincə desək “Van Qoq nəslində qotur keçidir”.

Özünü rahiblikdən tutmuş müxtəlif işlərdə sınayan və sonda xoşbəxtliyin iksirini rəsmdə tapan bu dəli rəssam ilk dəfə kobud bədən quruluşlu kömüryığan qadınları çəkəndə belə özünə hədsiz inanırdı.  Rəsmlərini ələ salıb onu avara adlandıranda da, evdə ailəsi tərəfindən bir sənət sahibi olmadığı və bütün gününü rəsmlərə həsr etdiyi üçün diqqətdən kənarda qalanda da o, böyük bir ehtirasla sənətinə inanırdı. Sənəti onu bu inamında yanıltmadı.

Gecə saat 2-dir. Qonşumuzun yeni doğulmuş nəvəsi ağlayır və kimsə ona laylay oxuyur. Səhər isə işə getmək lazımdır. Yəqin başa düşürsünüz, dahi rəssam haqqında yazıyla hələlik burda kifayətlənib gələn yazılarda onun yaradıcılığına, eləcə də “Tanrı və sənət” mövzusuna bir daha müraciət etməyi sizə söz verirəm.

 





13.05.2013    çap et  çap et