525.Az

“Əlyazmaları yanmır, düzdür, ancaq unudulur...” (Elçin-70)


 

“Əlyazmaları yanmır, düzdür, ancaq unudulur...” <b style="color:red">(Elçin-70)</b>

Sara OSMANLI
filologiya elmləri doktoru
 

Xalq yazıçısı Elçinə məxsus bu sözlərlə “Elçinlə ədəbiyyat söhbəti” adlı bir nəşrə həsr olunan məqaləmizi (“Yazıçı-alim səlahiyyəti ilə...”, “525-ci qəzet”, 12.06.2012) bitirmişdik. Həmin yazıda çağdaş ədəbi mühitdə az qala ənənə şəklini almış “Sönük prezentasiyalar” şəraitdə sərbəst və peşəkar ədəbiyyat söhbətinin ortaya qoyulması təqdirəlayiq bir təşəbbüs kimi səciyyələndirilmişdir. Əlyazmaların aqibəti ilə bağlı  ifadə yazıçının ona verilən növbəti suala aşağıdakı cavabının fraqmentidir:

“Mən heç bir bədii əsərimdən, heç bir məqaləmdən, monoqrafiyamdan imtina etmirəm və etmək fikrində də deyiləm. Mənim o məqalələrim də, elmi yazılarım da bu gün ilkin variantda olduğu kimi nəşr edilir. Mən onların bir sözünə də toxunmadan oncildliyimə daxil etmişəm”.

Aydındır ki, söhbət postsovet məkanında bir sıra müəlliflərin bəzi sovet dövrü yazdıqlarından (“ideoloji imtina”) imtina etməsindən gedir.

Elçinin elmi yaradıcılığı (publisistika və esselər ayrıca tədqiqatın predmetidir) bir sıra monoqrafiya, yüzlərlə məqalədən ibarətdir.Özü də maraqlıdır ki, bunların heç də hamısı oncildliyə daxil edilməyib (bu baxımdan hələ yazıçının 60-illiyi ilə bağlı çap olunmuş biblioqrafiya ilə 10 cildliyin mündəricatını müqayisə etmək kifayətdir). Bu daxil olunmayan əsərlərin içində hətta 1973-cü ildə “Drujba narodov” jurnalının “ən yaxşı tənqidi məqalə” nominasiyasının qalibi olmuş “Tənqiddə əyalətçiliyə qarşı” (“Protiv provintsionalizma v kritike”) yazını da xüsusi qeyd edə bilərik.

Məqalələr bir yana qalsın, “Klassiklər və müasirlər”, “Pole prityajeniya” kimi monoqrafiyaları da  10 cildlikdə görmürük. Və bu nəşrin üz qabığında “Seçilmiş əsərləri” sözlərinin qeyri-ixtiyari yaratdığı təəccüb (10 qalın cild!) mündəricatla diqqətlə tanış olduqdan sonra bir başqa hisslə əvəz olunur.

Elçinin peşəkar tənqidçi-ədəbiyyatşünas, mahir publisist kimi çoxsaylı yazılarının mövzu diapazonu çox genişdir: ədəbiyyatın tarixi və nəzəriyyəsi, müasir tənqidin vəzifələri, mədəniyyətimiz, dilimizin problemləri, görkəmli şəxsiyyətlərimizin millətin tarixində yeri (Üzeyir bəy, N.Nərimanov, M.Ə.Rəsulzadə, C.Cabbarlı, M.Cəlil və b.). Biz hələ “Ədəbi düşüncələr”dəki dünyanın görkəmli şəxsiyyətləri konkret əsərlərlə bağlı orijinal miniatürləri demirik. Ayrı-ayrı zamanlarda və şəraitlərdə müəllifin qələmindən çıxan bu müxtəlif mövzulu, səpkili yazıları birləşdirən əsas amil, zənnimizcə, milli təəssübkeşlikdir və bəşəri dəyərlərə bağlılıqdır (“bəşəriyə yol millidən keçir”).

Elçinin tədqiqatçılıq istedadı hələ tələbəlik illərində müəllimləri tərəfindən qeyd olunurdu: “Elçin hələ universitetdə təhsil alarkən, mənim tələbəm olmuş, geniş dünyagörüşü, istedadı, fəallığı ilə diqqəti cəlb etmişdir. Sonralar aspiranturada oxuyarkən, onun bu keyfiyyətləri daha da inkişaf etmiş və o,yaxşı bir ədəbiyyatşünas-mütəxəssis kimi yetişmişdir” (Mir Cəlal). Aspiranturanı bitirdikdən sonra o “Azərbaycan sovet bədii nəsri ədəbi tənqiddə (1945-1965-ciillər)” mövzusunda namizədlik dissertasiyası müdafiə edir. Müəllifin etirafına görə, 500 səhifədən artıq çıxmış dissertasiyanı (1969) o ixtisar etməli olmuş və əsər tam variantda yalnız 1981-ci ildə işıq üzü görmüşdür. Və sonralar oncildliyə bir söz də dəyişmədən daxil edilmişdir.

1997-ci ildə “Ədəbiyyatda tarix və müasirlik” mövzusunda elmi məruzə şəklində müdafiə etdiyi doktorluq dissertasiyası da olduğu kimi 10 cildliyə daxil edilmişdir. Mütəxəssislərə məlumdur ki, müstəsna hal kimi doktorluq dissertasiyası kimi müdafiə olunan elmi məruzə müəllifin bütöv konsepsiya təşkil edən əvvəlki tədqiqatlarının ümumiləşdirməsindən ibarət olmalıdır. Həmin tədqiqatın əsas metodoloji müddəaları: “orta hədd” yanaşma prinsipi (Kvint Horasiy Flakkın məşhur “qızıl məxrəc” nəzəriyyəsini yada düşür), ədəbiyyatşünaslıqla tənqidin münasibəti,dünya mədəniyyəti kontekstinin vacibliyi, 4) elmi obyektivlik, dünyagörüşü vüsətidir ki, bunlar Elçinin, demək olar ki, bütövlükdə elmi yaradıcılığına xasdır. Xüsusilə tənqidlə ədəbiyyatşünaslığın sintezi bu yaradıcılığın özünəməxsus profilidir.

Bu yaradıcılığın digər profili, xüsusiyyəti də qeyd olunmaya bilməz. Ədəbiyyatşünaslıqda işlənən “yazıçı tənqidi” məfhumu heç də təsadüfi deyil.

Söhbət bədii və ədəbi-tənqidi təcrübələrin simbiozundan gedir. Yazıçı tənqidinin özünəməxsusluğu, birinci növbədə, onun üslubunda geniş mənada özünü büruzə verir. Burada, “milli əyanilik”də, “iddia da var, imkan da” (Nizami Cəfərov), “obyektiv yanaşma”, kəskin polemika” (Mir Cəlal) da var və bu üslubi məzmun canlı dil, polemik təhkiyə manerası ilə bağlıdır. Quru akademizmdən uzaq olan həyat və ədəbiyyat hadisələrinə sərbəst müdaxilə etmək, maraqlı komrarativ təhlillər aparmaq bacarığı və s.

“Seçilmiş əsərlər”ə daxil edilmiş monoqrafiyaları nəzərdən keçirərkən belə bir qənaətə gəldik ki, məqalə imkanları çərçivəsində müəllifin elmi yaradıcılığının prioritetləri haqqında müəyyən təsəvvür yaratmaq üçün onun bir-biri ilə konseptual şəkildə əlaqəli olan dörd əsəri üzərində dayanmaq kifayət edər.

 Bunlar yuxarıda qeyd etdiyimiz “Tənqid və nəsr” monoqrafiyası (1981), “Ədəbiyyatda tarix və müasirlik” elmi məruzəsi (1997) və bir-birinin ardınca işıq üzü görən “Sosializm realizmi bizə nə verdi?” monoqrafik oçerki (2010) və “Elçinlə ədəbiyyat söhbəti”dir (2012).

“Sosializm realizmi bizə nə verdi?” yığcam, lakin konseptual məzmun tutumu ilə seçilən əsərində müəllif Sistem ədəbiyyatının səciyyələndirilməsində digər tədqiqatlarının metodologiyasının əsasını təşkil edən və sınanmış meyarı seçdi: siyasi konyunktura və istedad, bədiilik. Və Sistem ədəbiyyatının naqis cəhətlərindən biri kimi hələ sovet dövründə yazdığı monoqrafiyasında (1981) tənqid etdiyi “insanın bədii təsvirini iki qütbə” bölən müsbət və mənfi qəhrəmanlar qondarma obrazlar qalereyasının məğzini açıb göstərdi və bunun əsas prinsipi kimi sinfi mənsubiyyəti qeyd etdi. Amma hələ o vaxt bunun təsnifata sığmayan bir sıra obrazların yaranmasını, sosrealizmin həyat və ədəbiyyat arasında yaratdığı uçurumun gələcəkdə yox olması ilə bağlı proqnozları ilə bölüşdü (“Mahnı dağlarda qaldı”da Böyük bəy, “Dəli Kür”də Cahandar ağa, “Qarlı aşırım”da Kərbalayi İsmail, eləcə də Şoloxovun “Sakit Don”unda Qriqori Melexov və b.). Sovet ədəbiyyatında obrazların süni qütbləşdirilməsilə bağlı sovet ideologiyasının hakimliyi dövründə yazdığı birinci monoqrafiyasında 25 yaşlı müəllif mövqeyini özünəməxsus üslubda bəzi misallara istinadən belə ifadə edir: “müsbət qəhrəman olanda nə olar, o da, hər şeydən əvvəl, canlı insandır və aydın məsələdir ki, ... müəyyən çətinliklərlə rastlaşdığı zaman səhvlərə yol verə bilər, “mənfi hərəkətlər” edər” (söhbət M.Hüseynin “Rəqiblər” adlı hekayəsindəki Usta Pirəlidən gedir).

Yaxud həmin əsərdə “XX əsrin ikinci yarısında” (60-cı illərdə) yazıçının mövzudan asılı olmayaq məzmunu problemlərin yüksəkliyinə qaldırılmasının vacibliyini vurğulayan gənc tədqiqatçı fikrini yenə də özünəməxsus üslubda davam edir: “elə bir yüksəkliyə ki, obıvatel baxanda papağı yerə düşsün...”. Hələ 60-cı illərdə seçdiyi dəyərləndirmə meyarı (“Hər şeyi istedad həll edir”) müəllifin sonrakı axtarışlarının əsas prioriteti kimi dəyişməz olaraq qalır. Məhz bu universal “dəyər əmsalı” Elçinin digər mühakimələrində açar rolunu oynayır (“Hərgah “Mədain xarabalıqları” varsa, Xaqani heç nə itirmir”).

 İndinin özündə mətbuatda səslənən bəzi zərərli konyunktur (əkskonyunktur) səciyyəli çıxışlara cavab olaraq və əslində ədəbi tarixi prosesin enişli-yoxuşlu yollarında azmamaq üçün yeganə çıxış kimi istedad amilinə müraciət olunur (məs., “Lenin”, “26-lar poemalarını müəlliflərinin “Vaqif” dramı, “Qızılgül olmayaydı”, “Rənglər”in sahibləri kimi ədəbiyyatımızın tarixində özlərinə layiqli yer qazandıqları göstərilir).

Sosrealizmin ədəbiyyata verdiyi itkilərdən danışarkən, xüsusən Sistemin repressiv rejimli “qlobal absurd”, “xaos”, paradokslar”ını vurğulayan tədqiqatçı ən böyük itki kimi bu metodun heç bir ədəbi cərəyanı yaxına buraxmadığını, müxtəlif bədii təfəkkür özünüifadələrini eyni qəlibə salmağa çalışdığını qeyd edir. Və bu kimi məsələlər SSRİ və dünya ədəbiyyatı kontekstinə istinadən işıqlandırılır.

 Tarixə tarixilik mövqeyindən yanaşan müəllif tədqiq edilən dövr ədəbiyyatının qazandıqlarını da inandırıcı şəkildə təsdiqləyir (yeni janrların formalaşması, ədəbi dilimizin inkişafı və s.). Bu və digər məsələlər varislik, yəni milli klassik ənənələrin yaşarlılığı müstəvisində işıqlandırılır.

60-cıların sosrealizm dövründə ədəbiyyata gəlməsi, gətirdikləri yeniliklər fəaliyyətdə olan əvvəlki ədəbi nəslin yaradıcılığı kontekstində təqdim olunur.

Resenziyaçılıq sindromundan sığortalanmaq üçün tədqiqatlarının təfərrüatlarına varmadan onu qeyd etmək istərdik ki, Elçinin həcmi böyük olmayan monoqrafik əsərlərində ədəbi-tarixi prosesin mənzərəsi ən səciyyəvi məqamları ilə təqdim olunur. Məsələn, “Sosrealizm bizə nə verdi?” əsərinin sərlövhəsində oxuyuruq: “Məsələnin qoyuluşuna dair”. Həqiqətən də bu işdə sovet dövrü ədəbiyyatının obyektiv şəkildə səciyyələndirilməsində konyunkturadan azad aksial istiqamətlər əsaslandırılır.

 Elçinin monoqrafik tədqiqatlarında özünəməxsus inkişaf dialektikası gözə çarpmaqdadır. Elə götürək namizədlik və doktorluq dissertasiyalarını. Aralarında 28 illik məsafə var. Məlumdur ki, bu dövr ərzində bir sıra məşhur romanlar, hekayələr, dramlar, yüzlərlə məqalə, oçerk, esse, “Bəstəkarın vətəndaş sözü”, “Klassik aşıq poeziyasında Dünya obrazı”, “Klassiklər və müasirlər”, Pole “prityajeniya” monoqrafiyaları yazılıb. Amma biz bu zaman məsafəsini təsadüfi qeyd etmədik. Məsələ burasındadır ki, metodoloji yanaşma, prioritetik baxımından, bədii-estetik dəyərləndirmədə “məsafələr” demək olar ki, yox dərəcəsindədir. Bu məsələdə retro üsulu ilə getmək daha maraqlı olardı: 1997-dən 1969-a. Hər şeydən əvvəl doktorluq dissertasiyasının mövzusuna diqqət yetirək: “Ədəbiyyatda tarix və müasirlik”. Sənətdə ən universal kateqoriyalardır, çünki digər kateqoriya, məfhumlar “əvvəl-axır” məhz bu fokusda cəmləşir, yan keçə bilmir. Və fizika məfhumlar cərgəsini bizim mövzuya aidiyyətdə transfer etsək, söhbət tədqiqatçının “optik”, yəni prosesləri görmək və əsas nöqtələri (fokusları) seçmək qabiliyyətindən gedir. Ən əsası – tarix və müasirliyin dialektik vəhdət təşkil etdiyi məsələnin fəlsəfi bünövrəsi kimi qoyulur və tədqiqat boyu açıqlanır və təsdiqlənir. Əlbəttə, müəllif ilk növbədə tədqiqatlarında bədii prosesin, o cümlədən bir yazıçı kimi öz təcrübəsindən çıxış edir. Amma bu təhlillərdə nəzəri təfəkkürün ifadəsi olan deduktiv amil də güclü rol oynamaqdadır (elə yuxarıda qeyd etdiyimiz mövzu seçimini qeyd etmək kifayətdir).

Tarix və müasirliyin binar bədii-estetik kateqoriya, həm metodoloji instrumentariy (“alət”) kimi dialektik vəhdətdə götürülməsi tədqiqatın konseptuallığını təmin edərək millilik və bəşərilik, Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsi, ədəbi tənqidin vəzifələri, ədəbiyyatın vətəndaşlıq missiyası və b. kimi ədəbi problemləri vahid sistem halında işıqlandırmaq və ədəbi-tarixi prosesin tədqiqinin perspektivləri baxımından şəksiz dəyər kəsb edir.

Ədəbiyyat tarixi konsepsiyasının işlənməsiylə bağlı tövsiyələrdə əsas şərt kimi ədəbiyyatı öz daxili inkişaf qanunauyğunluqlarına müvafiq öyrənmək tələbi irəli sürülür. Bu kontekstdə ümumsovet ədəbiyyatşünaslıqda nəzərə çarpan ümumi ifratlarla (deyək, ən böyük şairin hökmən realist olması və s.) yanaşı milli ədəbiyyatımızın dəyərləndirilməsində yanlış ənənələr qeyd olunur (məs., klassik aşıq poeziyasının klassik Azərbaycan şeirindən təcrid olunması və s.). Bir çox konyunktur və əks konyunktur məqamları vurğulayan müəllifin yenə də əsas dəyər meyarını şəxsiyyət, istedad amili şərtləndirir.

Doktorluq dissertasiyasında “hələ 30 il bundan əvvəldən başlayaraq, günümüzə qədər bir sıra yazılarımızda ədəbi tənqidimizdə zərərli bir tendensiyanı ardıcıl olaraq tənqid etmişik” etirafı ilə rastlaşırıq. Söhbət tənqidin indiyə kimi öz statusunu müəyyənləşdirə bilməməsindən gedir: oxucu “mən”indən fərqli olaraq tənqidçinin “mən”i tənqidin ümumi səviyyəsini təcəssüm etdirməli, ictimai fikrin ifadəsi olmalıdır. Bu problem indinin özündə də aktuallığını saxlamaqdadır. Belə “ardıcıl olaraq” müraciət olunan məsələlər kifayət qədərdir. Bu, bir tərəfdən, həmin məsələlərin hələ də gündəmdə olması, digər tərəfdən, tədqiqatının öz elmi mövqelərini ədəbi prosesin sonrakı inkişaf mərhələlərində də sınaması və inkişaf etdirilməsi ilə bağlıdır. Yenə də konseptuallığı təşkil edən konstantalara gəlib çıxırıq.

Bu cür üst-üstə düşən müddəalar yetərincədir. 1945-65-ci illəri əhatə edən namizədlik işinin  sovet dövründə yazılmasını da nəzərə alsaq belə bir nəticə hasil olur ki, gənc tədqiqatçı hələ Sistemin hökmranlığı dövründə ədəbi tənqidin əsas metodoloji əyintilərini görüb, bunları yazıb və sonrakı tədqiqatlarında bir çox çatışmazlıqların hələ yaşamaqda olmasını qeyd edib. Düzdür, dövrlə bağlı yalançı novatorluğa meyl (məs, sosialist əməyi mövzuları) və bunun bir sıra tanınmış tənqidçilər tərəfindən elə də qəbul olunması və eyni zamanda tənqidin bəzi yeni nəfəsli əsərlərdə olan yeniliyi qəbul etməməsi konkret təhlillər əsasında sübut olunur (məs. Səriyyə məsələsi). Əslində bu məsələylə bağlı uzun sürən mübahisələrin əsasında sosioloji təhlillə bağlı “müsbət” yaxud “mənfi” qəhrəman  imperativi dururdu. Eyni zamanda o vaxt bəzi pozitiv yanaşmalar da vurğulanmışdır: məs., hələ 1955-ci ildə Mir Cəlal, C.Cəfərov tərəfindən “qəhrəmanı əmək prosesinə təsvir etmək lazımdır” məşhur tezisinin tənqid olunduğu göstərilir.

Tənqidin missiyası ilə bağlı sonrakı tədqiqatlarda vurğulanan ünvanlar (ictimai rəy səviyyəsinə qaldırılması, milli ədəbiyyatı geniş kontekstdə düşünmək bacarığı və s.) təhlil və dəyərləndirmələr əsasında açıqlanır.

Ümumiyyətlə, müharibədən sonrakı Azərbaycan ədəbi prosesin və bütövlükdə ədəbi həyatının – resenziya, məqalə, mətbuatda gedən müzakirələr (məs., roman haqqında), Yazıçılar İttifaqının  plenumlarında gedən mübahisələrin və s. geniş mənzərəsi  yaradılır. Söhbət xronoloji təsvirdən yox, 20 illik ədəbi həyat haqqında canlı, ardıcıl sistemli mülahizələrdən gedir.

Bu sıradan, məsələn “Ədəbiyyat və incəsənət” qəzetinin romanla bağlı açdığı geniş müzakirəsinin təfərrüatlı təhlilini verən müəllif bu təhlillərində nəsrin və tənqidin “birgə işbirliyinin” təkamülünü göstərməklə yanaşı, janrın gələcək “ikinci mərhələsi”ni gerçəkləşdirən prioritetləri səciyyələndirməyə çalışır. Yəni söhbət mövcud ədəbi prosesin yalnız təhlillərindən yox, ədəbiyyatın gedişatının, belə deyək, strateji dominantını görmək bacarığından gedir.

Əslində strateji düşünmək qabiliyyəti düşüncə sahibinin təfəkkür səciyyəsi haqqında konkret təsəvvür yaradır. Haqqında sözü gedən alimin əsərləri ilə tanışlıq onun qrossmeysterlərə xas olan kompozision təfəkkürünü təsdiqləyir: bütövlükdə mövcud ədəbi mənzərəni dəyərləndirmək, mümkün olan gediş variantlarını hesablayıb optimal görüləni seçmək, mövqelər üstünlüyü qazanmaq üçün müvəqqəti keyfiyyət qurbanları vermək bacarığı və s.

Qeyd olunan keyfiyyət yazımızın əvvəlində xatırladığımız “Elçinlə ədəbiyyat söhbəti” adlı orijinal nəşrdə xüsusilə nəzərə çarpır. Formal baxımdan müsahibəyə oxşayan bu geniş söhbətdə yazıçı-alim ədəbiyyatın, mədəniyyətimizin tarixi, bu günü və sabahı ilə bağlı əvvəlki tədqiqatlarda əsasən işıqlandırılan həmişəyaşar problemlərinə sərbəst tərzdə (hərçənd sərbəstlik Elçinin bütün yazılarının immanent xüsusiyyətidir) dünya ədəbi-mədəni xəritəsinin bir çox meridian və paralelləri üzrə istinadları ilə münasibətini bir daha təsdiqləyir. Bu dəyərləndirmələrdə dəyişməz meyarlar istedad, şəxsiyyət amili, milli prioritetlərlə bağlıdır.

Biz yuxarıda Elçinin heç bir əsərinin bir sözünü dəyişmədən təkrar nəşr etməsini vurğulamışıq. Amma yarızarafat da olsa, bununla bağlı bir irad, yəqin ki, yerinə düşərdi: S.Rəhimovun “Ağbulaq dağlarında” adlı romanının əsas qəhrəmanının birtərəfliliyini (yalnız “əmək cəbhəsində”) göstərən tədqiqatçı yazır: “Heç bir bədii ehtiyacı olmadan... yuxuda da kəşfiyyat işi ilə məşğul olan... altmış yaşlı qocanı  (S.O.) bu vəziyyətə gətirib çıxaran nədir...” O vaxt müəllifin cəmi 25 yaşı var idi. Şərhə ehtiyac yoxdur (elə Elçinin və Anarın yubileyləri ilə bağlı bir-biri haqqında “Ədəbiyyat qəzeti”ndə gedən yazılardakı ümumiyyətlə, yaşla bağlı təbii şərhlərinə fikir vermək kifayətdir).

15 il bundan əvvəl yazdığı doktorluq dissertasiyasında müəllif səviyyəsiz yubiley yazılarına indinin özündə də aktuallığını saxlayan iradlarını bildirir: “Biz pis mənada “yubiley tənqidi”ni vurğulayarkən iki əsas naqis cəhəti nəzərdə tuturduq ki, bunlardan birincisi, hətta böyük klassiklərə həsr olunmuş məqalələrin belə aşağı səviyyədə, təsadüfi müəllifləri tərəfindən yazılması, ikincisi isə müasir yazıçılarımıza həsr olunmuş, məqalələrdəki qeyri-səmimilik, ölçü hissəsinin itirilməsi, həqiqətə uyğun olmayan, şişirdilmiş qiymətlərin verilməsidir”.

Birinci iradı həm yazımızın predmetinə, həm digər göstərilən əlamətə görə özümüzə aid etmirik. O ki qaldı qeyri-səmimiliyə, ölçü hissinin itirilməsinə, düşünürük ki, bu məsələdə də müvazinətimizi qoruya bilmişik.

 





13.05.2013    çap et  çap et