525.Az

Zaur Sahilin şeirləri


 

Zaur Sahilin <b style="color:red">şeirləri</b>

Zaur Sahil (Bağırov Zaur Fazil oğlu) 1988-ci ildə anadan olub. Orta məktəbi Cəlilabad rayonunda bitirib. Sülhməramlı Qüvvələrin tərkibində Əfqanıstan torpağında xidmət edib.

Bədii yaradıcılığa erkən yaşdan həvəs göstərən Z.Sahilin ilk şeiri 2006-cı ildə çap olunub.

2014-cü ildə Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini "Ədəbi işçi" ixtisası üzrə bitirib.

İndiyədək iki kitabı çapdan çıxıb. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Zaur SAHİL

Atam sağ gözümdü,
Anam sol gözümdü.
Anam öləndən sonra,
Bu dünyaya iki gözümlə
baxa bilmirəm.
Sağ gözümlə bu dünyanı,
Sol gözümlə o dünyanı
görürəm.

lll


Anamın göz yaşını
görməyim deyə.
Yağışlı havada
öləcəyəm mən.
Qoşulub yağışa
güləcəyəm mən.
Məzarım uşaqkən
qazıldığı üçün,
Öləndə uşağa
dönəcəyəm mən.

lll


Gözlərim Atam kimi,
Ürəyim Anam kimidi.
Dilim uşaqlığım kimi
Gözlərimlə ürəyimin
Arasında qalıb.
Dilimi yumşaltdıqca
Gözlərimdən yaş düşür,
Ürəyimə daş düşür.
Bu dünyanın göz yaşı,
O dünyanın daşıymış.

lll


Vətən bir güzgüdü.
Ancaq qürbətə çəkilib,
Özünü vətəndə
görə bilərsən.

Qürbətdən məktub

Qürbətin yolları nə uzun imiş,
Çatmır vətənə ki, gedəm evimə.
Atam kəndimizdən, Anam məzardan,
Sevgilim şəhərdən gələ, sevinə.

lll


Mən düşdüyüm qürbət ilə
Vətənin arasında
Yarım saat fərq var.
Bu fərq,
Qürbəti vətənə sarı qovub,
Yarım saat qürbətdə,
Yarım saat vətəndə,
Yaşamaq deməkdi.
İncimə, vaxtından tez gəlsəm.

lll

Ağlayan vaxtlarımda
Göz  yaşlarımdan islanan  torpaq
Bir gün də sən ağlayacaqsan
Mən islanacam göz yaşlarında
Bax onda istəmirəm
Qəbrimin gözləri
Yaşlı olduğunu
Kimsə görsün.

lll

Qışın soyuğuna,
Yayın istisinə baxmayın.
Qış yaydan varlı olur,
Qışın günəşi, yağışı, qarı, küləyi,
dumanı-çəni, şaxtası-buzu var.
Yayın təkcə günəşi var.

Həyat yoldaşım üçün

Gözündən lalələr axıb gedirdi,
Düşürdü könlümün qərib bəxtinə.
Bilirəm, dərdimi yaman çəkirsən,
İslanmış arzular sərib bəxtimə.

Həsrəti uzanmış, gödək adamsan,
Boyun çatmayacaq məni görməyə.
Darıxma, günləri nərdivan edib,
Bir gün çıxacağam səni görməyə.
Oğlum və qızım üçün

Hər zaman yuxularda
qarşılayardım günləri.
İndisə, oyaq qarşılayıram.
Sizə çatmaq üçün, balalarım.
Hər gün bir pillədi
Qalxıram Sizə doğru.

Məni bəlalardan qoruyan balalarıma...
 

Göylərdən tökülən qar dənələri,
Atılan topların qəlpələridir.
Atalar, Analar heç qorxmasınlar,
Onları qoruyan körpələridir.
Layla bir duadır,körpə eşidir,
Dönüb Tanrısına təşəkkür edir.
Hamı gələ-gələ dünyadan gedir,
Onları qoruyan körpələridir.
Bütün musiqilər qavala gəlir,
Ömür bir cavabdır, suala gəlir,
İnsanlar gündə bir zavala gəlir,
Onları qoruyan körpələridir.

lll

Yalnız, ürək
ürəyə dəyəndə,
gözdən çınqı çıxar.
Bağışla,
ürəyim ürəyinə dəyə bilmədi,
gözüm gözünə
həsrət qaldı.

lll

Bilirəm,
İndi boş qalan yastığım
Göz yaşınla doludur.
Sanki, mənəm deyə,
Hər gün göz yaşını
qucaqlayıb yatırsan.
Mənsizlik lay-lay deyir
Sənsizliyə.

lll

Adam boyda adamsan,
Küçə boyda küçəsən.
İçindəki adamdan,
İçindəki küçəyə,
Ümid boyda cığır var.
Hər gün sənçün darıxan,
Adam kimi yetim var,
Küçə kimi fağır var.

lll
 

Bir ovuc daş kimi,
Günlər girib ömrümə.
Barmaqlarımın arasından,
Bir-bir düşür könlümə...

lll

Uçdu gözlərimin yaş dənələri,
Getdi buludlara qondu,dayandı.
Düşdü buludlardan daş dənələri,
Gəldi ürəyimdə dondu, dayandı.
İmanım göylərə, ümidim yerə,
Gəlmişdim dünyadan gül dərmək üçün.
Tikanlar ömrümü nöqtələdilər,
Gedirəm, dünyanı güldürmək üçün.

 





20.06.2017    çap et  çap et