525.Az

“Azərbaycan qadını” jurnalının yaz buraxılışının təqdimatı keçirilib


 

“Azərbaycan qadını” jurnalının yaz buraxılışının təqdimatı keçirilib<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan qadını” jurnalının yaz buraxılışının təqdimat mərasimi olub.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak ediblər.

“Azərbaycan qadını” jurnalının hər sayının maraqlı mədəniyyət layihəsi ilə təqdimatı artıq bir ənənəyə çevrilib. Bu dəfə iştirakçılara görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Elegiya” filmi və gənc vokalçıların ifasında xalq mahnıları, Azərbaycan bəstəkarlarının əsərləri təqdim edilib. Təqdim edilən filmdə Zərifə xanım Əliyevanın  alimin həyat və yaradıcılığından bəhs olunur.

Tədbirdə çıxış edən Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri, “Azərbaycan qadını” jurnalının baş redaktoru Fatma Abdullazadə bu gecənin Zərifə xanım Əliyevanın işıqlı xatirəsinə həsr olunduğunu bildirib.

Ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan danışan F.Abdullazadə qeyd edib ki, jurnalı vərəqlədikcə bu böyük şəxsiyyətlərin bizə zəngin bir irs qoyub getdiklərini bir daha görmək olar. “Bəşəriyyətin bizə bəxş etdiyi bu nurlu insanların əziz xatirəsini daim yaşatmalıyıq. Bu gün Zərifə xanımın ruhi şaddır. Çünki bu zalda əyləşən hər bir xanım onun ənənələrini öz həyatında yaşadır. Təhsilə, elmə, mədəniyyətə müraciət edərək bu milli irsi qoruyub inkişaf etdirir. Bu irsi hər bir Azərbaycan qadını göz bəbəyi kimi qoruyub saxlamalı və bir ərməğan kimi bizdən sonra gələn nəsillərə ötürməlidir”.

“Azərbaycan qadını”nın yaz buraxılışı maraqla qarşılanıb. Jurnalın yeni sayında oxuculara bir-birindən maraqlı bədii-publisistik yazılar, eləcə də ölkəmizin həyatında parlaq hadisəyə çevrilən mühüm beynəlxalq layihələri əks etdirən materiallar təqdim olunub.

Novruz bayramı ərəfəsində Azərbaycanda keçirilən “Muğam aləmi” III Beynəlxalq Muğam Festivalı bir sıra yeniliklərlə yadda qalıb. Festivalın təşkilatçıları oxuculara məhz bu yeniliklərdən söz açıblar.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri, “Baku” beynəlxalq jurnalının baş redaktoru Leyla Əliyevanın “Azərbaycan qadını” jurnalına səmimi müsahibəsi oxucular tərəfindən maraqla qarşılanacaq.

Jurnalın səhifələrində, həmçinin “Onların bir adı da işıqdı” layihəsi, “Ay kimi nurlu”, “Qarağacın zərif budağı”, “Bu gündən başlanan gələcək” və digər maraqlı materiallar yer alıb.

GÜNEL

 





14.05.2013    çap et  çap et