525.Az

Əbülfət Mədətoğlunun poeziyası: hecayla sərbəstin qovuşuğunda


 

Əbülfət Mədətoğlunun poeziyası: <b style="color:red">hecayla sərbəstin qovuşuğunda  </b>

Əbülfət Mədətoğlunun misralarındakı, bəndlərindəki poetik biçimlər, fikri ifadə tərzi özünəməxsus konstruksiyada olub, çeynənmiş deyil. Çünki Əbülfət həyata da, şeiriyyətə də öz səsi, öz nəfəsi, öz orijinal dəst-xətti ilə gəlib, özü kimi də görünməyə çalışıb.

İndiyə qədər araya-ərsəyə gətirdiyi kitablarında oxucularla öz dili ilə danışmağı bacarıb, düzə düz olmaqla, haqqı nahaqqa qurban verməyib, sevdiyi insanlarla baş-başa olmağı hər şeydən üstün tutub. Onun yaradıcılığının bu cəhətini bütün yazdıqlarından, xüsusən “Allah, məni unutma” kitabında,  yer almış  nümunələrdə qırmızı xətt kimi keçir və elə buna görə də -

Dünyamız o qədər kiçik ki, dar ki,
Taleyin o qədər oyunu var ki,
Sən məni özünlə götür apar ki,
Həmişə gözünün önündə olum -

deyə özü ilə onu istəyənlər arasında ülfət yaradır. 

Əbülfət ömür və söz qarşısında özünü məsul etmiş şairlərimizdəndir:

Mənə heç kim söz deməsin,
Qalmışam sözün altında.
Ömrümü girov qoymuşam -
Mən qaşla-gözün altında.

Əbülfət poetik sözü oynadanda elə maraqlı kalamburlardan istifadə edir ki, onları sənətkarın poetik tapıntısı kimi dəyərləndirmək olar. Nümunə gətirdiyimiz bu şeirin başqa bir bəndində görün şair bunu necə təqdim edir: 

Hər bəxtə düşmür ki, yatır
Yatır üstündə dərd yatır,
Bilmək olmur nələr batır -
Hər fərdin, özün altında.

Əbülfət dərdi içində yaşadıb, onu lənətləməyi bacaran fikir daşıyıcısıdır. O, dərdlə vuruşlardadır, əlbəyaxadır, lakin heç bir halda dərdə təslim olmaq fikrində deyil.

Qəribədi, indicə
dərdlə
əlbəyaxaydım
Vuruşurdum,
yaxamı
əlindən qoparmağa
(Dərddə güc göstərirdi
özüylə aparmağa).

Lakin elə hallar da olur ki, o, dərd əlindən bezar olub, “artıq adam” olmayıb “yığışıb köçüb” getmək istəyir bu dünyadan. Çünki başqalarına “dərd danışa bilmədi”yindən belə qərar verməyi üstün tutur. “Deməyin ki...” şeiri bu tezisi yaxşı təsdiqləyir:

Mən heç kimlə görüşüb
dərd danışa bilmədim.
Boğdum dərdi içimdə,
Bərk danışa bilmədim
Qaldım dərdlə başbaşa,
Şərt danışa bilmədim. 

Görürsünüz, şair dərdi içində necə yaşadır, bu dərd onu cəzanə gətirsə də, o, bundan usanmayıb dərdləri içinə yığır. Allahı göydə, dərdi canda görür. Dərdlə doğmalığından, tanışlığından söhbət açır və -

Bu qapıdan kim keçəcək içəri
Dərdə tanış, dərdə doğma tək mənəm.
Ay atını tumarlayan köçəri,
Mən dərdinin örüş yeri, təknənəm
- deyir.

Bəzən isə şair insanlardan bir az kənarlaşmağa, gen durmağa, dəryalara baş vurmağa üz qoysa da, onun bu şücaəti layiqincə dəyərləndirilmir:

Günah gəzməyin izimdə
hər şey yazılıb üzümdə.
Qalmışam dərya üzündə -
Kənardan üzmək sayılıb.

Əbülfətin içində indiki zamandan gələcəyə ürəklə getmək istəyi var. O, bununçün -

Vaxtı döyə-döyə
Sıxmışdım küncə
Ölçüb-biçmişdim
hər anı
İndi isə elə bil
vaxtı qoymuşam dincə
Xəzəl tək
dörd tərəfə
səpirəm mən zamanı! - deyir. 

Əbülfət vaxtı döyə-döyə ona görə küncə sıxır ki, qocalmağa gecikmək istəyir. Bunun özünəməxsus naxışları “Gecikim qocalmağa” şeirində uğurlu vurulub:

Başın qarışsın hər an,
Yaddan çıxsın qəm, kədər
Sənlə birgə olmağa
Vaxt qazanım bir qədər -
Gecikim qocalmağa...! 

Əbülfət Mədətoğlunun şeirlərindən gətirdiyimiz nümunələr nəinki şairin yaradıcılığı, onun mövzuları, həm də sənətkarın fərdi poetik “mən”i haqqında təsəvvürlər yaradır. Şairin qələmə aldıqlarında duyğusallıq, təbii hisslər, real həyat hadisələrinin lövhələri görümlü yaradılır:

İçimdəki dərdin
dişi kütləşib
tay sancmır...
ürəyimlə -
ayaq-baş yatıb,
bəxtəvərdi ürəyim.
Vurulubdu dərdimə -
Əvvəlki tək
ondan tay qaçmır.
Deyəsən,
Arzusuna çatıb
ürəyim! - deyir.   

Əbülfət Mədətoğlunun yaradıcılığına ümumi kontekstdə nəzər saldıqda, onun şairlik stixiyasının özəl xətlərinin yalnız xalq şeiri ənənələrini ardıcıl davam etdirən sənətkarlardan olduğunu görmərik. Çünki Əbülfətin öz üslubu, öz poetik ölçüləri, sözü öz ülügüsüylə biçmə və mənalandırma bacarığı var. Çünki şairi mətnaltı ibarələr, ifadələr daha çox düşündürür. O, ənənənin əsəri deyil, novasiyanı isə başqalarının qəlblərindəki kimi ortaya qoymağa səy göstərmir, fərdi təfəkkürünün künc-bucağında olanların köməyi ilə  öz poetik fikrini reallaşdırmağa çalışır:

Məndən inciməyin
mən bu şəhərdə
sıra nəfəriyəm, bəlkə də
heç kiməm.
Sözüm evimdə keçir,
Günüm veyillənməkdə...
Məndən inciməyin
Məni bu şəhərdə
bir dilənçilər tanıyır,
bir də
qələmlə işləyənlər...
Birincilər
Ərklə yolumu kəsir,
ikincilər
işləri düşəndə...  

Əbülfətin şeirlərində hər şey təbii, öz axarında və bir az da özəl biçimlidir. Bunu “Olmadı” şeirindən gətirəcəyimiz parça da yaxşı sübut edir:

Özümə bəsdi öz dərdim,
Ömrüm uzunu söz dərdim.
Hamıya kömək göstərdim,
Özümün odam olmadı. 

Əbülfətin “Allah, məni unutma” kitabında təqdim olunmuş əsərlərində çağdaş Azərbaycan şeirinin mənzərəsi aydın görünür. Bütün qeyd etdiklərimiz sübut edir ki, Əbülfət Mədətoğlu ədəbi tənqidimizin diqqətini öz mövzuları ilə daha çox cəlb etməyə yönlü şairlərimizdəndir. Çünki yazdıqlarına nəzər salıb, onları təhlillər çəkdikdə Əbülfətin təqliddən kənar olub, öz yolunu seçmək istəyində bulunduğu görünür. Əbülfət Mədətoğlu yaradıcılığından danışdıqda onun fərdi, şəxsi cizgilərini yaradıcı ampluası ilə eyni kontekstdə götürmək zəruridir. Hər şeydən əvvəl o, əsərlərinə də özünün abır-həyasını hopdurur və özünün xarakterik xüsusiyyətlərini fərdi cizgilərini də əsərlərinin mahiyyətinə qarışdırır. Əbülfətin bir fərqli keyfiyyəti haqqında da danışmaq da zəruridir ki, o, öz yaradıcılığını hiperbolalaşdırmağa, gözə soxmağa meyilli deyil. O, nə özünü ənənəçi, nə novator, nə modernist, nə postmodernist, nə sürrealist, nə də neorealist hesab edir.

Poeziyamızdakı vəznlərdən imkanları daxilində və səmərəli yararlanır. Elə buna görə də onun hecada və sərbəst vəzndə yazdıqları da kifayət qədər təbii alınır. Sözün, fikrin zorlanmasını qafiyə, rədif xatirinə məqbul saymır, öz yolu ilə gedir, uğurları da göz qabağındadır.

Sərbəst düzüm üçün səciyyəvi olan ritm, intonasiya, ahəng və melodiya və estetika şairin poetik tonunun ifadəçisi kimi çıxış etməkdədir. Əbülfət, ümumiyyətlə, qəzəl, qoşma havasında pərvazlansa da (çünki onun böyüyüb boya, başa çatdığı Qarabağımızda bu vəznlər daim işlək və mükəmməl olmuşdu), o, sərbəst vəznə özünün içindən gələn səsi ilə ilham vermişdi və elə uğur da özünü çox gözlətməmişdir. Biz Əbülfət Mədətoğlunu sərbəst vəzndə nə qədər sərbəst görürüksə, qoşmada da onun qələmindən çıxanların ülgüsü diqqət çəkəndir. Yuxarıda adını çəkdiyimiz kitabda şairin bu vəzndə xeyli nümunələri təqdim olunmuşdur. Bu baxımdan onun “Baxıb qəhərlənmə, biraz mətin ol”, “Tər tökdüm bu uzaq yolu”, “Özün şeytan, dilin bal”, “Bəxtəvərlik göydən yağır”, “Nahaq sevdin sən məni”, “Mənə heç kim söz deməsin”, “Olmuşam”, “Quzu kəsim”, “Baxmır”, “Qoşma”, “Məndən başqa”, “Gedəcəyəm”, “Hayındayam”, “Tanrım”, “Gəlmir”, “Bircə xöşbəxtlik”, “Üzü bəri”, “Nəyim qalar”, “Ondan sonra” və s. şeirləri səciyyəvi və diqqətə layiqdir. “Olmuşam” qoşmasından nümunəyə baxaq:

Təntiyib nəfəsim, əsir dodağım,
Nisgilli ünvandır çadır otağım.
Dərdini daşıyır canım o dağın -
Bu dağa tor basmış yolaq olmuşam.
Demərəm mən buna heç vədə qismət,
Dərd də tanımıram dərdimə nisbət.
Bir də nə fərqi var, mənfi, ya müsbət
Hələlik neytral zolaq olmuşam

Əbülfətin bu tipli şeirlərində xalq poeziyasından rişə alıb kükrəmə şairin, ona fərdi bucaqdan yanaşması özünü göstərməkdədir. “Allah, məni unutma” kitabında təqdim olunmuş şeirlər sənətkarın uğurlu duyum tərzini, diqqət mərkəzinə çəkdiyini mövzunu fəlsəfi, psixoloji və estetik rakurslardan doğru-düzgün mənalandırma ustalığını ortaya qoymaqdadır. Bütün bunlar hiss və duyğularını yığcam və lakonik şəkildə çatdırmağı bacaran müəllifin indən belə də oxucularla uğurlu görüşlərinin şahidi olmaq ümidimizi daha çox közərtməkdədir.  

 





24.06.2017    çap et  çap et