525.Az

Uzaq ölkədə yaxın dostlar


 

Uzaq ölkədə yaxın dostlar<b style="color:red"></b>

Beynəlxalq miqyasda Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması ildən-ilə ölkəmizin nüfuzunun yüksəlməsinə və nəhayət dünya birliyinin 155 üzvünün dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvlüyünə zəmanət rolunu oynadı. Belə bir şəraitdə ölkəmizin dünyanın bütün qitələrində təmsil  olunması istiqamətində atılan ciddi addımlar Azərbaycanın qlobal siyasi arenada iştirak və təsir gücünü də artırmış oldu. Hal-hazırda dünyanın 70-dən çox ölkəsində Azərbaycan Respublikasının diplomatik missiyaları dünyanı Azərbaycana, Azərbaycanı isə dünyaya yaxınlaşdırmaq istiqamətində uğurlu fəaliyyət göstərirlər. Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadi qüdrətini bizdən çox-çox uzaqlarda yerləşən ölkələrin cəmiyyətlərinə və dövlətlərinə layiqincə təqdim edirlər. Belə uzaq ölkələrdən biri də Cənubi Amerika qitəsinin ən məşhur ölkəsi hesab edilən Uruqvay Şərq Respublikasıdır.    İki yüz illik müstəqillik tarixinə malik olan Uruqvay dünyada parlamentarizm demokratiyasının ən yaxşı nümunələrindən sayılan siyasi quruluşa malik olmaqla çoxmədəniyyətli və plüralist bir cəmiyyətin təşəkkül tapdığı demokratik bir ölkədir. May ayının əvvəllərində Uruqvay parlamentinin dəvəti ilə Milli Məclisin  Azərbaycan-Uruqvay dostluq qrupu üzvlərinin Uruqvay Respublikasına ilk rəsmi səfəri həyata keçirilib. Səfər parlamentlərarası əlaqələri genişləndirməklə iki ölkə arasında mədəni-iqtisadi əlaqələrin təşviqinə və hər iki ölkənin beynəlxalq müstəvidə qarşılıqlı əməkdaşlığının gücləndirilməsinə xidmət edirdi. Milli Məclisin üzvü, Azərbaycan-Uruqvay dostluq qrupunun sədri Cavanşir Feyziyev və dostluq qrupunun üzvü, millət vəkili Aslan Cəfərov, eləcə də ölkənin beş nüfuzlu şirkətinin rəhbərlərindən ibarət olan nümayəndə heyətini Uruqvay Şərq Respublikasının paytaxtında-Montevideo hava limanında Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadə və Uruqvay parlamenti beynəlxalq əlaqələr şöbəsinin müdiri Oskar Pikinella qarşılayıb.

Azərbaycan nümayəndə heyətinin ilk rəsmi görüşləri  Uruqvay Parlamentində baş tutub.  Əvvəlcə qonaqlar  yüz il əvvəl inşa edilən və bu gün də Mərkəzi Amerikada ən gözəl memarlıq abidələrindən biri sayılan Parlament Sarayı ilə tanış olublar. Avropa sənətkarlığına aid zəngin memarlıq xüsusiyyətlərinə malik olan parlament sarayı yüksək zövqlü tərtibatı ilə muzeyi xatırladır. Uruqvaylılar haqlı olaraq bu nadir memarlıq nümunəsi ilə fəxr edirlər. Binanın tarixi və geniş zallarını bəzəyən tərtibat işləri barədə qonaqlara ətraflı məlumat verilib, daha sonra azərbaycanlı qonaqları  Uruqvay Nümayəndələr Palatasının sədri cənab German Kardoso qəbul edib.

Spiker German Kardoso Azərbaycan-Uruqvay dostluq qrupunun Uruqvay parlamentinə ilk səfərini yüksək qiymətləndirdiyini və qrupla birgə iş adamlarının da səfərə gəlməsinin parlamentdə böyük maraq doğurduğunu  qeyd edib. Nümayəndə heyətinin rəhbəri, millət vəkili Cavanşir Feyziyev Azərbaycan dövləti və Milli Məclisi tərəfindən bütün ölkələrlə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinə və bütün sahələrdə hərtərəfli və faydalı əməkdaşlıq fəaliyyətinin bərqərar olunmasına xüsusi önəm verildiyini bildirib. Azərbaycan cəmiyyətinin dünyəvi, tolerant və multikulturalist ənənələrə malik olduğunu vurğulayan Cavanşir Feyziyev ölkəmizin hələ 20-ci əsrin əvvəllərində Şərqdə ilk parlament respublikası qurduğunu qeyd edərək  Azərbaycanda parlamentarizmin inkişaf tarixi barədə Kardosoya ətraflı məlumat verib, Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun dəvət məktubunu təqdim edərək onun Azərbaycana rəsmi səfərə dəvət olunduğunu  bildirib. Uruqvay parlamentinin sədri German Kardoso dəvəti məmnuniyyətlə qəbul etdiyini, dəvətə görə Milli Məclisin sədrinə  minnətdarlığını çatdırmağı və yaxın zamanlarda Azərbaycana səfər etmək arzusunda olduğunu deyib. Görüşün sonunda Uruqvay Parlamentinin rəsmi Qonaqlar Kitabına nümayəndə heyətimizin  Uruqvay parlamentinə ən xoş arzularını əks etdirən xatirə qeydləri edilib.

Parlamentdə növbəti görüş Azərbaycanın da üzv olduğu Parlamentlərarası İttifaqda təmsil olunan Uruqvay nümayəndə heyətinin üzvləri və o cümlədən hal-hazırda bu beynəlxalq qurumun vitse-prezidenti vəzifəsini daşıyan Uruqvaylı senator İvonne Possada ilə, sonra isə Uruqvay Parlamentində 10 nəfərdən ibarət Uruqvay-Azərbaycan dostluq qrupunun üzvləri  ilə  keçirildi. Görüşdə iştirak edən uruqvaylı deputatlar keçən il Azərbaycana etdikləri səfərdən məmnun qaldıqlarını və Azərbaycan nümayəndə heyətinin qarşılıqlı səfərini alqışladıqlarını bildiriblər.

Növbəti günlərdə Azərbaycan nümayəndə heyəti Uruqvay Prezidenti Administrasiyasının Dövlət Katibi cənab Diego Kanepa, Uruqvay xarici işlər naziri cənab Luis Almaqro, Uruqvay Kənd təsərrüfatı naziri cənab cənab Tabare Agerre və digər rəsmi şəxslər  tərəfindən qəbul edilib. Uruqvay Prezident Administrasının rəhbəri, dövlət katibi Dieqo Kanepa bu ilin əvvəlində Azərbaycana səfərini, bu səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşünü, eləcə də Milli Məclisdə keçən görüşlərini xatırladıb və səfərdən məmnun qaldığını bildirib.

Azərbaycan nümayəndə heyəti Uruqvayın  xarici işlər naziri cənab Luis Almaqro ilə də görüşüb. Xarici işlər naziri region haqqında qismən məlumatlı olduğunu,  ölkəsinin regionda baş verən hadisələri diqqətlə izlədiyini və Azərbaycan-Uruqvay münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu, hər iki ölkənin müxtəlif qurumları arasında yaranmaqda olan əməkdaşlıq meyllərini dəstəklədiyini bildirib. Nazir Luis Almaqroya regionun və eləcə də ölkəmizin tarixi və mədəniyyəti haqqında, Azərbaycanın Qafqazda və eləcə də Avropa ilə Asiyanın qovşağında yerləşməklə daha geniş bir regionda oynadığı  müstəsna rol barəsində geniş və ətraflı məlumat verilib.

Azərbaycan nümayəndə heyətinin daha bir maraqlı görüşü Uruqvay heyvandarlıq, kənd təsərrüfatı və balıqçılıq naziri Tabare Aqerre ilə olub. Cənab Tabare Agerre  nümayədə heyətinin üzvlərinə Latın Amerikası regionunun iqtisadi xüsusiyyətlərindən danışıb  və öz ölkəsindəki iqtisadi inkişaf dinamikası barədə  məlumat verib. Azərbaycan nümayəndə heyəti  üzvləri öz növbəsində Azərbaycanın müstəqillik dövründə keçdiyi sürətli inkişaf yolundan, Azərbaycan iqtisadiyyatının regionun inkişafında oynadığı roldan, eləcə də Azərbaycanın regionda irihəcmli beynəlxalq iqtisadi layihələrin bilavasitə təşəbbüskarı və iştirakçısı olmasından danışıblar. Millət vəkili Cavanşir Feyziyev  20 illik müstəqillik tarixi  ərzində ardıcıl iqtisadi islahatları uğurla həyata keçirərək Azərbaycanın sərmayə idxal edən ölkədən sərmayə ixrac edən ölkəyə çevrilməsi haqqında nazir T.Agerreyə ətraflı məlumat verib.

Səfər müddətində MM üzvləri həmçinin Uruqvay Milli Ət İstehsalı İnstitutunda ( İNAC ) olublar. İnstitutun direktoru Fernando Gil və Monitorinq üzrə menecer Daniel Sparano tərəfindən Azərbaycan nümayəndə heyətinə İnstitutun fəaliyyəti və ölkənin ət istehsalı sənayesi haqqında geniş təqdimat olunub.

Azərbaycan nümayəndə heyəti Uruqvaya davam edən səfəri çərçivəsində Uruqvay Dövlət Gömrük Komitəsində də qəbul olunub. Uruqvay Dövlət Gömrük Komitəsinin direktoru Enrike Kanon ölkəmizdə rəsmi səfərdə olduğunu və Azərbaycan Dövlət Gömrük Komitəsi ilə təcrübə mübadiləsi sahəsində faydalı əməkdaşlıq etdiklərini bildirib.

Azərbaycan nümayəndə heyətinin Uruqvaya bir həftəlik səfəri ərzində Uruqvayın sabiq prezidenti senator Lakajie və hal-hazırda iqtidarda olan hakim partiyanın sədri senator xanım Monika Xavier ilə görüşlər də xüsusi maraq doğurub. Senator xanım Monika Xavierlə görüş hakim partiyanın Baş qərargahında təşkil olunub. Görüş zamanı xanım Monika Xavier ölkəmizin parlamentarizm tarixi haqqında məlumatlı olduğunu və Parlamentlərarası İttifaq çərçivəsində ölkələrimiz arasında əlaqələrin və eləcə də işgüzar əməkdaşlığın genişləndirilməsində öz ölkəsinin maraqlı olduğunu bildirib.

Uruqvayın sabiq prezidenti, senator Lakajie Azərbaycan nümayəndə heyətini parlamentdə öz iş otağında qəbul edib.O, may ayında Madrid klubunun tədbirləri çərçivəsində Bakıya dəvət olunduğunu və öz xanımı ilə Bakıya gələcəyini bildirib. Senator regiondakı mövcud vəziyyəti daim izlədiyini və Uruqvay-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsinin hər iki ölkə üçün faydalı olacağına əminliyini qeyd edib.

Səfərin davam etdiyi bir həftə ərzində Milli Məclisin Azərbaycan-Uruqvay dostluq qrupu ilə birlikdə Azərbaycandan Uruqvaya gəlmiş iş adamları da Uruqvay əczaçılıq sənayesinin iri ixracatçıları ilə faydalı görüşlər keçirməyə müvəffəq olublar. Hələ səfərin ilk günündə Milli Məclis üzvləri və iş adamları “Trust Konsultinq” şirkətinin ofisində  olublar. Sonrakı günlərdə MM üzvlərinin rəsmi görüşləri ilə paralel olaraq Azərbaycan iş adamlarından ibarət olan qrupun  Uruqvayın iri əczaçılıq ixracatçıları olan “Urufarma”, “Gramon Bago”, “Celsius”, “Cibeles”, “Roemmers” və “Microsules” şirkətləri ilə istehsal müəssisələrində işgüzar görüşlər keçirilib. Bu görüşlərdə Uruqvay əczaçılıq sənayesi, istehsal olunan məhsullar və onların ixracat potensialı haqqında Azərbaycan iş adamlarına təqdimatlar olunub, azərbaycanlı iş adamları istehsal prosesi ilə yerində tanış olublar. “Roemmers” və “Microsules” şirkətləri ilə Azərbaycanın “Avromed” və “Azərimed” şirkətləri arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Azərbaycan nümayəndə heyətinin Uruqvayda səfərdə olduğu müddət ərzində Azərbaycandan gəlmiş qonaqların şərəfinə ayrı-ayrı günlərdə Uruqvay Nümayəndələr Palatasının sədri və eləcə də Uruqvay-Azərbaycan dostluq qrupu tərəfindən rəsmi ziyafətlər təşkil olunub. Nümayəndə heyəti Cənubi Amerikanın ən məşhur turizm mərkəzi hesab olunan Punta del Este şəhərində  turizm infrastukturu ilə yaxından tanış olub. Həm dostluq qrupu üzvlərinin, həm də iş adamlarının görüşləri yüksək səviyyədə və qarşılıqlı ehtiram şəraitində keçib.

Ceyhun ABASOV

 





14.05.2013    çap et  çap et