525.Az

“Azərbaycanlıların dövlət strukturlarında işlə təmininə xüsusi diqqət yetiririk”


 

“Azərbaycanlıların dövlət strukturlarında işlə təmininə xüsusi diqqət yetiririk”<b style="color:red"></b> Gürcüstanın Barışıq və Vətəndaş məsələləri üzrə dövlət nazirinin birinci müavini Petre Kankava azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna səfər edib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, rayonda keçirilən tədbirdə çıxış edən P. Kankava milli azlıq nümayəndələrinin təhsil məsələlərinə toxunub.
 
Onun sözlərinə görə, keçən il etnik azlıqları təmsil edən 1000-dən çox tələbə “1+4” proqramı çərçivəsində Gürcüstanın ali təhsil müəssisələrinə qəbul olub.
 
O qeyd edib ki, Gürcüstan dövləti milli azlıqları təmsil edən tələbələrin, o cümlədən azərbaycanlıların dövlət strukturlarında işlə təmin olunmasına xüsusi diqqət yetirir: “Artıq 66 tələbə ölkənin 14 müəssisəsində, quberniya və yerli strukturlarda təcrübə keçir. Biz əsasən, dövlət dilini mükəmməl bilən gəncləri işlə təmin edirik. Bu bizim üçün önəmlidir. Gələcəkdə gənc kadrların irəli çəkilməsinə ciddi fikir verəcəyik. Bu istiqamətdə işlərimizi davam etdirəcəyik və bir çox nazirliklər təşəbbüsümüzə qoşulacaq”.
 
Nazir müavini Gürcüstanda Azərbaycan dilində nəşr olunan “Gürcüstan” və erməni dilində nəşr olunan “Vrastan” qəzetlərinə maliyyə yardımı göstərdiklərini və bu qəzetlərin milli etnik azlıqlar yaşayan bölgələrdə yayımın təşkil edildiyini bildirib. O, adıçəkilən qəzetlərin informasiya boşluqlarını doldurduğunu və əhalini yeniliklərlə tanış etdiyini vurğulayıb.
 
Gürcüstanla Avropa İttifaqının əməkdaşlıq perspektivlərinə toxunan P. Kankava bildirib ki, Gürcüstanda becərilən məhsul sərbəst şəkildə Avropa bazarına daxil olacaq: “Bu gün məqsədimiz İqtisadiyyat və kənd təsərrüfatı nazirliyinin nümayəndələri ilə birlikdə Marneulidə əhalini məlumatlandırmaq və problemlərini dinləmək olub. Çıxışlarımızda bildirdik ki, bundan sonra Gürcüstanla Avropa İttifaqı arasında azad ticarət inkişaf edəcək. Yerli məhsullar Avropa bazarına daxil olacaq. Bu gün bizim üçün unikal imkanlar yaradılıb. Biz Marneuli, Bolnisi, Qardabani və Dmanisi rayonlarında yetişdirilən keyfiyyətli məhsulları Avropa bazarında görəcəyik. Bu, Gürcüstan əhalisi üçün sərfəlidir”.
 





29.06.2017    çap et  çap et