525.Az

Azərbaycanın Rusiyadan silah alması strateji maraqdır


 

Azərbaycanın Rusiyadan silah alması strateji maraqdır <b style="color:red"></b>

Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan Bakıya gətirilən növbəti iri silah partiyası barədə məlumat və görüntülər yayıb. Məhz bu səbəbdən iki ölkə arasındakı hərbi əməkdaşlıq Ermənistan və Rusiya hərbi-siyasi çevrələrində yenidən müzakirə predmetinə çevrilib.

Bir neçə gündür ki, Ermənistan mətbuatında bu haqda silsilə yazılar dərc edilir və müxtəlif ekspertlərə müraciət olunur.

Maraqlıdır, Azərbaycanın Rusiya və ya digər ölkələrdən yeni silahlar alması gözlənilirmi?

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az-a açıqlamasında ölkəmizin bu istiqamətdə daim fəaliyyətdə olmağından və bunun əhəmiyyətindən söz açıb:

“Hərbi münasibətlərin inkişafı Azərbaycanın həm siyasi, həm də regiondakı təhlükəsizlik məsələsində əhəmiyyətli faktordur. Nəzərə almaq lazımdır ki, ötən illərdə biz bu  münasibətlərin yoxluğundan yetərincə əziyyət çəkmişik. Rəsmi Moskvanın yeni Rusiya quruculuğunda hərbi sənayenin inkişafı mühim bir xətt kimi keçir və bu, silah bazarında 30 milyarddan çox gəlirin əldə olunması deməkdir. Rusiya bu istiqamətdə dünyada mühüm cədvəllərdə ikinci və ya üçüncü ölkələrdən biridir. Bu sahə Amerikanın əlində olsa da, o, ölkələrə silah satmadığını bəyan edir və bununla bağlı bütün koorporasiyalara qadağalar qoyulub. Nəticə etibarilə Azərbaycan öz hərbi ehtiyaclarını ödəmək üçün güclü və müasir silah sistemlərini formalaşdıran, aparıcı texnologiyanı mənimsəmiş dövlətlərlə əlaqələrini inkişaf etdirməlidir.

Burada iki mühim faktordan danışa bilərik: İsrail və Rusiya. Bir çoxları düşünür ki, Rusiya silahlarından imtina etmək həm də bu ölkənin beynəlxalq miqyasda maraqlarının təminatına qarşı vuruşmaq deməkdir. Yəni Rusiyanın silahını almırsan, əvəzində ölkə xeyir görmür və iqtisadiyyat zəifləyir, Rusiya xalqı narazı olur, hakimiyyətlə münasibətlər pisləşir.Yekun olaraq bu, dərin siyasi böhran nəticəsində ölkənin regional və beynəlxalq miqyasda hansısa imperiyapərəst siyasət yürütməməyinə səbəb olur. Nəzəriyyə təxminən belədir.

Azərbaycan dövləti hazırda həmin texnikanı, müasir elektron sistemlərini idarə edən insanları formalaşdırır. Yəni silahları idarə edərək döyüş hallarında onu düşmənə qarşı çevirə bilmək daha əhəmiyyətlidir”.

Z. Orucun sözlərinə görə, Rusiyadan silah almaq dövlətimizin mühüm strateji maraqlarından biridir:

“Şübhəsiz ki, İsrail də  Azərbaycanın silah əlaqələrində önəmli yer tutur. Düşünürəm ki, bu proses bizim gerçək hərbi planlarımıza uyğundur. Xüsusilə  Qarabağ məsələsində İsrail silahları xüsusi  üstünlüyə sahibdir. Bu sahədə İsrail çox böyük üstünlüklər əldə edib. Hətta Azərbaycan İsrailin bir çoxlarına vermədiyi silahları ala bilir. Ona görə də Azərbaycan silah ticarətində hansı dövlətlərə önəm vermək lazım olduğunu təhlillərlə müəyyənləşdirir və ona uyğun qərar verir.

Rusiyadan silah almaq isə dövlətimizin mühim strateji maraqlarından biridir. Çünki iki dövlətin hərbi əlaqələri Ermənistanı yalnız mənəvi cəhətdən ağrıtmır. Aprel döyüşlərindən sonra Dmitri Medvedevi pərişan halda qarşılayan Sarkisyan əsgərlərinin rus silahı ilə öldürüldüyü üçün xalq qarşısında utandığını bildirmişdi.  Məhz bunun nəticəsidir ki, apreldən sonra antirusiyaçılar yetərincə gücləndi, aylarla Putin əleyhinə şüarlar səsləndirirdilər və yeni himayəçilərin axtarışı sürətləndi.

Azərbaycanın Rusiya tərəfi ilə hərbi əməkdaşlığı güclü olan zaman, qarşı tərəfə silahlar verilsə də, nəticə etibarı ilə balans bizim xeyrimizədir. Bizim üçün Rusiya ilə hərbi münasibətlərimiz  Ermənistanın əleyhinə yönələn siyasətdir və bunu nəzərə almalıyıq”.

 





29.06.2017    çap et  çap et