525.Az

Rəqəmsal Ticarət Qovşağının təqdimatı keçirildi


 

Rəqəmsal Ticarət Qovşağının təqdimatı keçirildi<b style="color:red"></b>

Bu gün İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə Rəqəmsal Ticarət Qovşağının təqdimatı mərasimi keçirilib.
 
"APA-Economics"in məlumatına görə, İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Rəqəmsal Ticarət Qovşağı Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində keyfiyyətcə yeni rolunu müəyyən edir: "Azərbaycan faktiki olaraq müsəlman və türk aləmində ilk rəqəmsal ticarət qovşağını təqdim edir. Böyük Britaniya, Estoniya, Malayziya və başqa ölkələrin qabaqcıl təcrübəsi nəzərə alınıb. Cənab prezidentin rəhbərliyi ilə aparılan kompleks iqtisadi islahatların tərkib hissəsi kimi Rəqəmsal Ticarət Qovşağı regional əhəmiyyət daşıyır".

Daha sonra "Azexport" portalının rəhbəri Zaur Qardaşov Rəqəmsal Ticarət Qovşağının elektron versiyasının təqdimatını edib. Z. Qardaşov bildirib ki, Rəqəmsal Ticarət Qovşağı elektron pul kisəsi və "Elektron imza", o cümlədən "ASAN imza"nı qeyri-rezidentlərə təqdim etməklə sahibkarların xarici tərəfdaşlarla əlaqələrini daha da asanlaşdıracaq. Bundan başqa, qovşaq qeyri-rezidentlərə elektron imza, o cümlədən "ASAN imza"dan istifadə edərək Azərbaycanda müəssisə, bank hesabları açmağa, idxal-ixrac əməliyyatları həyata keçirməyə imkan verəcək. Portal vasitəsi ilə bu əməliyyatların elektron qaydada reallaşdırılması qaydaları sahibkarlara təqdim olunub.
 
İqtisadiyyat nazirinin müavini Sahil Babayev qeyd edib ki, Azərbaycan Rəqəmsal Ticarət Qovşağının fəaliyyətə başlaması ölkə iqtisadiyyatında ixracın genişləndirilməsi, investisiyaların cəlbi baxımından əhəmiyyətlidir.

Rəqəmsal Ticarət Qovşağının təqdimat mərasimində "Azexport" portalı, Rəqəmsal Ticarət Qovşağı ilə bağlı bir neçə tanıtım çarxı nümayiş etdirilib. Bunlardan biri sahibkarların "Azexport" portalına cəlb edilməsi məqsədi daşıyır. Diqqət çəkən məqam o idi ki, bu çarx Azərbaycan prezidenti İlham Əliyevin bundan öncə "Azexport" portalı ilə bağlı söylədiyi fikirlər və dövlət başçısının sahibkarlara çağırışı üzərində qurulub. Video çarxda dövlətin bu portal vasitəsilə sahibkarlara yaratdığı imkanlar konkret faktlar əsasında təsvir olunur. Digər çarx Rəqəmsal Ticarət Qovşağının mahiyyətini və onun yaratdığı perspektivləri əks etdirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı başqa bir çarxda Qovşaqla bağlı Estoniyanın Dövlət İdarəçiliyi naziri Mixail Korb, "Silikon vadisi"nin nümayəndəsi İngrid Rosten, ABŞ-ın Corctaun Universitetinin təmsilçisi Sam Potolikkio, Almaniya Şərqi Avropa İqtisadi Əlaqələri Komitəsinin icraçı direktoru Maykl Harms kimi tanınmışlar Rəqəmsal Ticarət Qovşağı barədə öz rəy və proqnozlarını bildiriblər. Bu fikirlərdə Rəqəmsal Ticarət Qovşağının qısa zaman kəsiyində nəzərdə tutulduğu kimi beynəlxalq bir layihəyə çevriləcəyi əks olunub. Sonuncu çarx isə "Azexport" portalının bir növ imic reklamıdır. Bu çarxda Azərbaycanın tanınmış ziyalıları, mədəniyyət xadimləri - Çingiz Abdullayev, Fəxriyyə Xələfova, Faiq Ağayev, Rahib Azəri portalı tanıtımını həyata keçirirlər. Bu şəxslərin hamısı "Azexport" portalını Azərbaycanda və xaricdə təmsil edən "ulduz səfirlər"dir. Çarxda hər bir Azərbaycan sahibkarına bu portalda təmsil olunmağa çağırış var. Eyni zamanda "Azexport"un bir Azərbaycan brendi olduğu və onda ölkəmizdə istehsal olunan ən yaxşı malların toplandığı göstərilir. Başqa sözlə, çarxda "Azexport" portalı məcazi mənada Azərbaycanın qeyri-neft sektorunun siması kimi təqdim olunur.
 
Rəqəmsal Ticarət Qovşağının təqdimatı mərasiminin sonunda iştirakçıların təqdimatla bağlı sualları cavablandırılıb.
 
Qeyd edək ki, prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılan Rəqəmsal Ticarət Qovşağının operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzidir.

 





30.06.2017    çap et  çap et