525.Az

Ötən il Avropa Məhkəməsində Azərbaycana qarşı çox az qərar qəbul olunub


 

ƏDLİYYƏ NAZİRLİYİNİN BEYNƏLXALQ ƏMƏKDAŞLIQ İDARƏSİNİN RƏİSİ ADİL ƏBİLOV: "AVROPA MƏHKƏMƏSİNİN PRESEDENTLƏRİNİN MİLLİ SƏVİYYƏLƏRDƏ ÖYRƏNİLMƏSİ VƏ TƏTBİQİ OLDUQCA ƏHƏMİYYƏTLİDİR"

Ötən il Avropa Məhkəməsində Azərbaycana qarşı çox az qərar qəbul olunub <b style="color:red"></b>

Son illər ölkəmizdə məhkəmə-hüquq sistemində ardıcıl və məqsədyönlü islahatlar aparılır, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edilir. Həmçinin, məhkəmə sisteminin inkişafında mühüm əhəmiyyət kəsb edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin öyrənilməsi və tətbiqinə xüsusi diqqət yetirilir.

Bununla əlaqədar ətraflı məlumat almaq üçün Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilovun fikirlərini öyrənmək istədik. Nazirlik rəsmisi müxbirimizin suallarını cavablandıraraq bunları şərh etdi.

- Avropa məkanında hüquq sistemlərinin təkmilləşdirilməsi və inkişafında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Məhkəmənin yurisdiksiyası Avropa Şurasına üzv olan bütün dövlətlərə şamil olunur və 820 milyondan artıq insanın hüquqlarının təmin olunmasına xidmət edir. Lakin onun yurisdiksiyası bununla məhdudlaşmır. Məsələn, Məhkəmənin icraatında olan işlərə nəzər yetirsək görərik ki, Məhkəmə Böyük Britaniyanın İraqda keçirdiyi hərbi əməliyyatlar zamanı dinc insanların təsadüfən öldürülməsini, İtaliya sərhədçilərinin Afrikadan gəmilərlə gələn miqrantları yarı yoldan Liviyaya - müharibə zonasına qaytarmaqla onların həyatına təhlükə yaratmasını, Makedoniyanın ərazisində aşkar olunmuş gizli həbsxanalarda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin yerli hökumətin xəbəri olduğu halda işgəncələr tətbiq etməsini İnsan Hüquqları üzrə Avropa Konvensiyasının pozulması kimi qiymətləndirmişdir. Göründüyü kimi, Məhkəmənin yurisdiksiyası genişlənərək Avropa məkanından xeyli kənara çıxmışdır.

Bu baxımdan Konvensiyanın implementasiyasında mühüm rol oynayan Avropa Məhkəməsinə insanlar daha tez-tez üz tuturlar. Belə bir mülahizə mövcuddur ki, Avropa Məhkəməsi "öz uğurunun qurbanı"na çevrilmişdir. Belə ki, şikayətlərin axınının xeyli dərəcədə artması Məhkəmənin hədsiz işlə yüklənməsinə gətirib çıxarmışdır. Statistikaya nəzər yetirsək görərik ki, hazırda Məhkəmədə 80 minə yaxın şikayətə baxılmaqdadır ki, onların təxminən yarısı cəmi 3 ölkədən - Ukrayna, Türkiyə və Macarıstandan daxil olmuşdur.

Məhkəmənin icraatında çoxlu sayda iş həcminin mövcudluğu və hər il müxtəlif dövlətlərdən minlərlə yeni ərizələrin daxil olması Avropa Məhkəməsinin islahatını şərtləndirmişdir. 2010-cu ildən Konvensiya sisteminin uzunmüddətli effektivliyini təmin etmək üçün Məhkəmənin gələcəyinə dair dörd yüksək səviyyəli konfrans təşkil edilmiş, problemin həlli yolları araşdırılmış, Məhkəmədə hədsiz iş yükünün mövcudluğu üzv dövlətlərdə milli məhkəmə sistemlərinin qüsurlu olması ilə əlaqələndirilmiş və bununla bağlı əhatəli tədbirləri nəzərdə tutan bəyannamələr qəbul olunmuşdur.

Yeri gəlmişkən, üzv-dövlətlərin məhkəmə sistemlərindəki problemlər ötən ilin aprelində Sofiyada keçirilmiş Avropa ədliyyə nazirlərinin konfransında geniş müzakirə olunmuşdur.

Belə ki, konfransda çıxış edən məhkəmə hakimiyyətinin təmsilçiləri qarşılaşdıqları problemlərdən danışaraq öz ölkələrində məhkəmə fəaliyyətinə digər hakimiyyətlər tərəfindən müdaxilə edilməsi, o cümlədən, KİV-lərin yolverilməz təzyiqi faktlarını diqqətə çatdırmış, məhkəmələrin maliyyələşdirilməsinin pisləşməsi, hakimlərin əmək haqlarının və sayının azaldılması kimi neqativ tendensiyaları vurğulamışlar. Eyni zamanda bildirmişlər ki, məhkəmə sistemlərinin müstəqilliyi möhkəmləndirilməli, hakimlər tam siyasətsizləşdirilməli və bu sahədə korrupsiyanın qarşısının alınması üçün əlavə təsirli tədbirlər görülməlidir.

Təsadüfi deyil ki, 2016-cı ildə Avropa Məhkəməsinin qəbul etdiyi pozuntunu müəyyən edən qərarlarının hər dördündən biri məhz Konvensiyanın 6-cı maddəsinin - ədalətli məhkəmə hüququnun pozulması ilə bağlı olmuşdur.

Qeyd olunan konfranslarda ölkəmiz ədliyyə naziri səviyyəsində təmsil olunmuş, Azərbaycanda dövlət başçısının rəhbərliyi ilə məhkəmə sistemində aparılan və məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına xidmət edən islahatlara böyük maraq göstərilərək təqdir edilmişdir.

Bildirməliyəm ki, hər il Məhkəmə öz fəaliyyəti və hər bir dövlət üzrə daxil olan şikayətlər və çıxarılan qərarlarla bağlı statistik hesabatları onun saytında dərc edir. Statistikaya əsasən, çıxarılan qərarların təxminən yarısı 4 ölkəyə -  Rusiya, Ukrayna, Türkiyə və Rumıniyaya qarşı olmuşdur. Məhkəmənin fəaliyyəti dövründə isə qərarların 25 faizi Türkiyə və İtaliyaya qarşı çıxarılmışdır.

Azərbaycana qarşı isə Avropa Məhkəməsi tərəfindən 2016-cı ildə digər ölkələrlə müqayisədə çox az, cəmi 16 qərar qəbul olunmuşdur. Halbuki, əhalisinin sayı Azərbaycanla təxminən eyni olan Bolqarıstana qarşı 33, Macarıstana qarşı 40, Yunanıstana qarşı isə 41 qərar çıxarılmışdır.

Məhkəməyə edilən şikayətlərin sayı ilə bağlı qeyd olunmalıdır ki, Məhkəmənin statistik hesabatlarında bu rəqəm dövlətlər üzrə hər 10 min əhaliyə münasibətdə hesablanır və Avropa üzrə orta rəqəm 0.64-dür. Azərbaycan üzrə isə bu rəqəm təxminən 2 dəfə aşağı - 0.34 təşkil edir. Ölkəmizlə müqayisədə Avropa İttifaqına üzv və digər dövlətlərdən, məsələn, Macarıstandan 16 dəfə, Rumıniyadan 12 dəfə, Bosniya və Herseqovinadan 8 dəfə çox şikayət daxil olmuşdur.

Unutmaq olmaz ki, Avropa Məhkəməsinə edilən şikayətlərin böyük əksəriyyətinin Konvensiyaya uyğun olmadığından rədd edilməsi, əksər ərizələrin təkrar olması faktı düzgün hüquqi məlumatlandırmanın aparılmaması ilə əlaqədardır. Ona görə də Avropa Məhkəməsinin presedentlərinin milli səviyyələrdə öyrənilməsi və tətbiqi, insan hüquqlarının müdafiəsi sahəsində əsas iştirakçılar olan hakimlər, prokurorlar və vəkillərin tədrisi olduqca əhəmiyyətlidir. Bunun üçün üzv-dövlətlər tərəfindən müxtəlif, o cümlədən, maarifləndirici tədbirlər görülməlidir ki, Məhkəməyə şikayətlərin sayı azalsın və müraciətlərin keyfiyyəti artsın.

Bununla əlaqədar ölkəmiz tərəfindən bir sıra mühüm tədbirlər görülmüş, o cümlədən, Avropa Məhkəməsinə şikayətlərin qəbul edilmə kriteriyalarına dair Praktiki Bələdçi Azərbaycan dilinə tərcümə olunaraq Avropa Şurasının və Ədliyyə Nazirliyinin internet saytında yerləşdirilmişdir.

Eyni zamanda, tədris prosesinin səmərəsinin artırılmasına, təlimlərin, xaricdə təhsilin təşkilinə, hakimlər üçün Avropa Məhkəməsinin presedentləri və qərarları üzrə vəsaitlərin nəşri və yayılmasına xüsusi önəm verilir. Son illər çoxsaylı xarici nüfuzlu mütəxəssislər, həmçinin Avropa Məhkəməsinin hakimləri, o cümlədən, sədrləri ölkəmizdə konvensiya üzrə təlimlərdə iştirak etmişlər. Həmçinin, konvensiyanın tətbiqi problemləri ilə bağlı Ali Məhkəmədə mütəmadi həftəlik seminarlar keçirilir, hakimlər və digər hüquqşünaslar üçün Strasburq məhkəməsinə tədris səfərləri təşkil olunur.

Bununla yanaşı, Avropa Şurası ilə birgə Ədliyyə Akademiyası tərəfindən "Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi" adlı ikiillik layihə çərçivəsində paytaxtda və bölgələrdə hakimlər, hakimliyə namizədlər, prokurorlar və vəkillər üçün silsilə o cümlədən, video-konfrans vasitəsilə təlimlər keçirilir.

İdarə rəisi həmçinin, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları zamanı beynəlxalq təşkilatlarla müxtəlif sahələr üzrə əməkdaşlıqdan söhbət açdı:

- Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə, o cümlədən, penitensiar sistemdə ardıcıl islahatlar həyata keçirilir. Cari il fevralın 10-da dövlət başçısının imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncam ilə bu islahatlar yeni mərhələyə qədəm qoymuşdur.

Bununla əlaqədar artıq müəyyən addımlar atılmış, beynəlxalq təcrübə öyrənilmiş, həmçinin Avropa İttifaqı ilə birgə həyata keçirilən "Azərbaycanda ədliyyə sisteminin inkişafına və cinayət işləri üzrə məhkəmə qərarlarını icra edən qurumların göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək" adlı ikiillik layihə çərçivəsində Sərəncamla yaradılmış Probasiya xidmətinin əsasları, qanunvericiliyin təkmilləşdirilməsi, təlim kurslarının və səfərlərinin, maarifləndirmə tədbirlərinin təşkili, məhkumlar üzərində elektron monitorinqin tətbiqi ilə bağlı pilot layihələr hazırlanır.

Eyni zamanda, dövlət başçısının tapşırığına əsasən, mübahisələrin məhkəmədən kənar alternativ həllində mühüm rol oynayan mediasiya institutunun tətbiqi də gündəmdədir. Bununla əlaqədar Avropa İttifaqı ilə mediasiya sahəsində də ayrıca layihənin təşviqinə dair razılığa gəlinmiş və bu il layihənin icrasına başlanılması nəzərdə tutulur. Paralel olaraq Almaniya Federal Ədliyyə Nazirliyi yanında Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu ilə də səmərəli əməkdaşlıq edilir. Ötən ay Fondun icraçı direktoru ölkəmizdə səfərdə olmuş və yeni əməkdaşlıq sahələrinə, o cümlədən, probasiya və mediasiya institutlarının tətbiqi ilə bağlı təcrübə mübadiləsinin aparılmasına dair müzakirələr keçirilmişdir.

Bildirməliyəm ki, Ədliyyə Nazirliyi tərəfindən, həmçinin Avropa Şurasının Azərbaycan üçün Fəaliyyət Planının icrası çərçivəsində bir çox sahələr üzrə, o cümlədən, hüquqşünasların insan hüquqları üzrə tədrisi, məhkəmələrin səmərəliliyinin artırılması, penitensiar sistemdə islahatlara əlavə dəstək, regiona ədliyyə idarələrinin potensialının gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı birgə layihələr təşviq olunaraq öz real nəticələri verir.

Azərbaycanda məhkəmə islahatlarına nüfuzlu beynəlxalq maliyyə qurumu olan Dünya Bankı tərəfindən də dəstək göstərilərək məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmənin tətbiqi və digər sahələrdə dünyada nümunəvi uğurlu layihələr həyata keçirilir. Paytaxtda və bölgələrdə müasir məhkəmə kompleks və binalarının, o cümlədən, bu günlərdə dövlət başçısının iştirakı ilə istifadəyə verilmiş Nərimanov Rayon Məhkəməsinin yeni binasının inşası məhz Dünya Bankı ilə birgə icra olunan layihələr çərçivəsində ərsəyə gəlmiş, hazırda da bu istiqamətdə işlər uğurla davam olunur.

A.Əbilov həmçinin, digər dövlətlərlə ədliyyə sahəsində əməkdaşlıqdan, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasından bəhs etdi:

- Həyata keçirilən hərtərəfli uğurlu islahatlar, həmçinin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsini sürətləndirmişdir. Ədliyyə Nazirliyi bir çox xarici dövlətlərlə səmərəli ikitərəfli əməkdaşlıq edir. Artıq 30 ölkənin Ədliyyə nazirlikləri ilə əməkdaşlığa dair mühüm sənədlər, o cümlədən, cari ilin aprelində Azərbaycan ədliyyə nazirinin Əlcəzairə səfəri zamanı nazirliklərimiz arasında məhkəmə, ədliyyə, o cümlədən, penitensiar sistemin təkmilləşdirilməsi, elektron ədliyyə, qanunvericilik, ədliyyə işçilərinin və hakimlərin tədrisi sahəsində birgə tədbirlərin keçirilməsini nəzərdə tutan əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Xüsusi qeyd olunmalıdır ki, bu, iki ölkə arasında imzalanmış ilk sənəddir. Səfər çərçivəsində əməkdaşlığa dair məhsuldar danışıqlar aparılmış, əhaliyə göstərilən elektron ədliyyə xidmətləri, hakimlərin və penitensiar xidmət əməkdaşlarının tədrisi prosesi və şəraiti ilə tanış olunmuş, hər iki tərəf üçün faydalı olan yaxşı təcrübələr bölüşülmüşdür.

Eyni zamanda, əvvəldə qeyd etdiyimiz probasiya və mediasiya sahələrində ikitərəfli səviyyədə də təcrübələrin öyrənilməsinə böyük önəm verilir. Dövlət başçısının 2017-ci il 10 fevral tarixli sərəncamının imzalandığı ərəfədə Gürcüstan ədliyyə nazirinin Azərbaycana səfəri zamanı probasiya xidməti və "elektron qolbaq"ın tətbiqi ilə bağlı müzakirələr aparılmış, qonşu ölkənin bu sahədə müəyyən təcrübəsinin olduğu nəzərə alınaraq onunla tanış olmaq barədə razılığa gəlinmiş və qısa müddətdən sonra nümayəndə heyətimiz Gürcüstana səfər etmişdir. Bundan əvvəl isə Türkiyənin bu sahədə təcrübəsi yerində öyrənilmişdir.

Bununla yanaşı, Azərbaycanda aparılan ədliyyə və məhkəmə islahatları, elektron məhkəmə sisteminin tətbiqi, əhaliyə göstərilən xidmətlər, o cümlədən, Azərbaycan brendi olan "ASAN xidmət"lə tanış olmaq məqsədilə cari ilin aprelində Latviyanın ədliyyə üzrə dövlət katibi, ötən həftə isə Belarus Ədliyyə Nazirliyinin nümayəndə heyəti ölkəmizə səfərlər etmiş, əməkdaşlıq edilə bilən sahələr üzrə faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Bugünlərdə isə Ukraynanın ədliyyə naziri əməkdaşlığın genişləndirilməsi məqsədilə Azərbaycanda səfərdə olmuş, hər iki dövlətdə ədliyyə və məhkəmə sahəsində aparılan islahatlar, probasiya və mediasiya institutunun tətbiqi, əhaliyə hüquqi xidmətlərin göstərilməsi və s. üzrə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.

Azərbaycan hüquqi yardım, ekstradisiya,  məhkumların verilməsi sahəsində bir çox dövlətlərlə, o cümlədən, İran İslam Respublikası ilə səmərəli əməkdaşlıq edir. Bu sahədə əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsi məqsədilə İranın ədliyyə naziri bu ilin fevralında respublikamıza səfər etmiş, iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Birgə Bəyanat imzalanmış, iranlı nazir ölkəmizdə məhkəmə-hüquq islahatlarına maraq göstərərək Yasamal Rayon Məhkəməsinin müasir binası və elektron məhkəmə informasiya sistemi ilə tanış olmuş, təcrübə mübadiləsi aparılmışdır.

İndoneziyanın ədliyyə naziri də ölkəsində hüquq sistemində islahatların aparıldığı nəzərə alınaraq bir çox dövlətlərin qabaqcıl təcrübələrinə, o cümlədən, Azərbaycanda da bu sahədə görülən işlərə maraq göstərmiş və aprel ayında ölkəmizdə yolüstü səfərdə olarkən nazirliyin rəhbərliyi ilə görüşmüş və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi ilə bağlı bir sıra konkret təkliflər irəli sürmüşdür.

Göründüyü kimi, 2017-ci ilin ötən dövrü Ədliyyə Nazirliyinin beynəlxalq hüquqi əməkdaşlığı islahatların müxtəlif sahələr üzrə təcrübə mübadiləsi baxımından zəngin və məhsuldar olmuşdur. Bu istiqamətdə tədbirlər bundan sonra da davam etdiriləcək.

 





30.06.2017    çap et  çap et