525.Az

Vaqif şeirinin üzü və astarı


 

Vaqif şeirinin üzü və astarı <b style="color:red"></b>

Aydın məsələdir ki, XVII-XVIII əsrlərdə şeirimizin xalq dilinə və xalq ruhuna yaxınlaşmasına aşıq poeziyası əsaslı şəkildə təsir göstərib.
 
Şair kimi məhz aşıq mühitində yetişən M.P.Vaqif dostu M.V.Vidadi ilə birlik­də qoşmanı yazılı poeziyamızın aparıcı janrına çevirə bilib. Bunu nəzərə alan ədəbiyyatşünaslarımız M.P.Vaqif yaradıcılığını araşdı­rarkən aşıq poeziyası ilə müqayisələr aparmağı vacib sayıb­lar. Belə müqayisələr bu gün də aparılır və M.P.Vaqifin özünəqədərki ustad aşıqlarımızdan kimlə­rin hansı şeirlərin­dən təsirlənməsi konkret faktlarla üzə çıxarılır. Məsələn, Güney Azərbaycandan olan həmkarımız Məhəmməd Qara­xanlı Alışıq «Xəstə Qasım» kitabına yazdığı «Ön söz»də ustad aşığın «Gözəl, sən» qoşması üzərində xüsusi dayanır və M.P.Vaqifin həmin qoşmadan təsir­lənməsi məsələsini diqqətə çatdırır. Xəstə Qasımın adı çəkilən qoş­masının mö­hürbəndi belədir:

Gözəl namus, gözəl qeyrət, gözəl ar,
Gözəl ilqar, gözəl vəfa, gözəl yar,
Gözəl Qasım, gözəl əcəb, gözəl var,
Gözəl vurul, gözəl mərdə, gözəl sən. 

Xəstə Qasımın bu qoşmasına M.P.Vaqif təcnislə «ca­vab verir» və həmin təcnisin möhürbəndi belədir:

Gözəl qapındadır, gözəl hey dərin,
Gözəl sev demişəm gözəl hey, dərin,
Gözəl, Vaqif qulun, gözəl Heydərin,
Gözəl, yetiş dadə, gözəl alı sən. 

Bu cür təsirlənmə və «cavab vermə» faktları olmadan da M.P.Vaqif və aşıq poeziyası əlaqələrindən gen-bol da­nışmaq mümkündür. Özü də bu əlaqələri yalnız aşıq şeiri şəkilləri üzrə yox, həm də klassik şeir şəkilləri üzrə izləmək olar. Yazılı poeziyadan aşıq poeziyasına keçən müxəmməs janrını M.P.Vaqif mümkün qədər aşıq müxəmməslərinə ya­xınlaşdırmağa çalışır. Aşıq müxəmməsləri üçün səciyyəvi olan misraların iki yerə bölün­məsi M.P.Vaqif müxəmməs­lərinin də bir çoxunda özünü göstərir:

Gədə, mən qurban olum qaşları kaman bacına,
Belə bir şux baxan kirpiyi peykan bacına,
Məməsi misli-şəkər, gözləri ceyran bacına,
Dişi dür, ağzı sədəf, ləbləri mərcan bacına,
Məst damənkəşü xəndanü xuraman bacına. 

Gətirilən nümunədə hər misrasının 7+8 şəklində bölü­nüb oxunmasını və bununla müxəmməsin aşıq müxəm­məslərinə yaxınlaşmasını müşahidə etmək çətin deyil.Belə nümunələr üzərində geniş dayanmadan qeyd etməyi vacib bilirik ki, M.P.Vaqif şeirləri yalnız dil-üslub, forma-şəkil baxımından deyil, həm də ruh etibarilə aşıq şeirlərinə ya­xındır.

Qurbanidən üzübəri tanıdığımızaşıqlardan hər birinin kədərli şeirləri də var, nikbin ruhlu şeirləri də.Amma M.V.Vidadi kimi hədsiz kədərli, M.P.Vaqif kimi hədsiz nikbin aşıq tapmaq çətindir. Aşığın hədsiz kədərli ola bil­məməsi onun funksiyası, sənətinin mahiyyəti ilə bağlıdır. Baş­lıca funksiyası hücrəsinə çəkilib şeir yazmaqdan yox, məc­lislərdə ça­lıb-çağırmaqdan, söz oxuyub, dastan söy­lə­məkdən ibarət olan aşığın han­sı ruhda köklənməsi özündən daha artıq dərəcədə çalıb-oxuduğu audito­­riyadan asılıdır.Bu­nu çox gözəl bilən aşıq məclisdə ağlaşma qur­maq­dan çə­kindiyi kimi, şit danışıqdan da çəkinməli olur, qəmli əh­va­latdan qara­vəl­liyə, zarafatdan ciddi mətləbə keçidlər etməyi bir normaya çevirir.De­məli, M.V.Vidadinin qəmli, M.P.Va­qifin nikbin olmağını birbaşa aşıq ədəbiyyatının ayağına yazmaq olmaz.M.P.Vaqifin şuxluğunu sarayla, sa­rayda gün-güzəranın xoş keçməsi ilə də məhdudlaşdırmaq doğru deyil.Sa­raya qalsa, M.V.Vidadi də bir müddət II İrakli sarayı ilə bağlı olub. Sarayla bağlılıq M.V.Vidadinin üzünü güldürə bilməyibsə, onda M.P.Va­qi­fin üzügülər olma­sının kökünü baş­qa yerdə, məsələn, onun sarayaqə­dərki şeir­lərində axtar­maq lazımdır:

Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdur.
Dügiylə yağ, hamı çoxdan tükənmiş,
Ət heç ələ düşməz, motal da yoxdur. 

Bu, M.P.Vaqifin yoxsulluqdan acı yox, məzəli bir şikayətidir. Şika­yə­tin məzəli məzmunu ondadır ki, şair yox­sulluğa güldüyü kimi, özünə də gülür: 

Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur. 

Yoxsulluğun günahını başqalarından daha çox özündə, öz «kamal­sızlı­ğında» − fərasətsizliyində axtarmaqla şeirə yu­mo­ristik məzmun verən M.P.Vaqif, avtoportretinin mü­hüm bir cəhətini təqdim etmiş olur.Bu cə­hət hə­yat­sevər­likdir. Nə yoxsulluq, nə qəriblik, ayrılıq, nə də başqa ağrı-acılar bu həyatsevərliyin qarşısını ala, yaşamaq-yaratmaq şöv­qünü azalda bilmir:

Ta cəsədin cüda olmayıb candan,
Bil özünü artıq sultandan, xandan,
Qəriblik, ayrılıq nədir ki, ondan
Bu qədər çəkibən azar, ağlarsan? 

M.V.Vidadi ilə bu məşhur deyişmədə M.P.Vaqif həyat­sevərliyini çox sadə fakt əsasında da izləmək olar. Fakt on­dan ibarətdir ki, M.P.Vaqif dərd əlindən «zar-zar ağlayan» M.V.Vidadini də baməzə danışmağa sövq edə bilir:

Vaqif, nə çox yan, baş-ayaq atarsan... 

Yaxud:

Neylərsən söyləmiş buzov-inəyi,
Bizimlə eyləmiş belə hənəyi,
Həzrətqulu bəyin ağ dəyənəyi –
Alıbsan əlinə məgər, ağlarsan? 

M.P.Vaqifə «yan, baş-ayaq atarsan» deməsi, buzov-inəkdən, əldə də­yənəkdən söz açması həyatsevər dostuna qoşulub M.V.Vidadinin də ba­məzə bir üslubda danışma­sından xəbər verir.Yeri gəlmişkən qeyd edək ki, M.P.Va­qiflə M.V.Vidadinin mənzum məktublaşmasının digər nü­mu­nələrində də az-çox zarafat ahənginin olduğunu görü­rük.M.P.Vaqif şair dostuna ünvanladığı «Düşər» rədifli qəzə­lində yenə zarafatından qalmır, «Eşqə düşmək sənə düşməz, qocalıbsan, belə dur, Belə işlər yenə Vaqif kimi oğlanə düşər» deyir.M.V.Vidadi cavab məktubunda «qoca və ca­van» məsələsinin üstündən heç də sükutla keçmir və zarafata zarafatla cavab verib «Nə qədər olsa qoca gərçi Vidadi xəstə, Yenə Vaqif kimi, əlbəttə, yüz oğlanə dəyər» misralarını işlədir. Və M.P.Vaqifin başladığı, M.V.Vi­­dadinin davam etdirdiyi zarafat yaddaşlara həkk olunur, Ü.Hacı­bə­yov sövq-təbii Məşədi İbadı həmin zarafatdan gələn bir ifadə ilə danışdırır: «Mən nə qədər qoca olsam da, min buğu burma cavana dəyə­rəm».

Yenidən «Ağlarsan» deyişməsinə qayıtsaq, qeyd et­məliyik ki, həmin deyişmədə M.P.Vaqifin təhriki ilə nəinki inək-buzov, dəyənək-filan kimi xırda məişət məsələləri, həmçinin çox ciddi mətləblər zarafat mövzusuna çevrilir.Bir-birinin xətrini çox əziz tutan iki şair dünyaya fərqli baxışlarını yumoristik biçimdə ifadə edirlər.Fərqli baxış heç də dünyanın fani olub-olmaması üstündə deyil.Bu dünyanın fani dünya olduğunu M.V.Vidadi kimi M.P.Vaqif də bilir. Belə olmasaydı, M.P.Vaqif deyişməni «Ey Vidadi, sənin bu puç dünyada Nə dərdin var ki, zar-zar ağlarsan?» sözləri ilə başlamazdı. M.P.Vaqif bəri başdan dünyanın faniliyinə işarə edirsə, onda iki şairin dünyagörüşündəki başlıca fərqi fani dünyanın naz-nemə­tindən doyunca dadıb-dadmamaq məsə­ləsinə münasibətdə axtarmaq la­zım­­dır.Həmin məsələyə mü­nasibətdə M.P.Vaqifin M.V.Vidadi ilə apar­dığı müba­hisə, əslində, o vaxtaqədərki şairlərimizlə, o şairlərimizdən isə da­ha çox M.Füzuli ilə aparılan mübahisə deməkdir.M.P.Vaqif dün­ya­ya sufiyanə baxan, gözəli Allahın yerdəki təcəssümü sayan, ilahi nişanəli gözəldən zövqü səfa yox, cövrü cəfa uman, vüsal sevincini yox, hicran əzabını başlıca mövzuya çevirən füzulilərin yolu ilə getmək istəmir.Real həyatda rastlaşdığı gözəllərin vəslini, vüsaldan doğan sevinc və nəşəni başlıca mövzuya çevirməklə, həmin mövzunu təmiz ana dilində kifayət qədər bədii bir biçimdə əks etdirməklə M.P.Vaqif yeni yol tutur.Söz yox ki, bu yolun xeyli his­səsini M.P.VaqifM.V.Vidadi ilə birlikdə addım­layır.Xalq dilinə yaxın bir dillə real hadisələrdən yazmaq, aşıq şeiri şəkillə­rinə üstünlük vermək bu iki sənətkarın qoşa addım­ladığı yolun ədəbi fakt­larıdır.M.P.Vaqif sufiyanə mə­həb­bətdən uzaqdırsa, M.V.Vida­dini də sufiyanə məhəb­bətin tə­rənnümçüsü saymaq olmaz.M.V.Vidadi ilə M.P.Va­qifin yolları real gözəllərə münasibətdə ayrılır. Düzdür, M.V.Vi­dadi «Ağlarsan» rədifli deyişmədə öz «ağlamağını» məhəb­bətlə əlaqə­ləndirir, M.P.Vaqifə «Sənin də başında məhəbbət beyni Əgər olsa, eylər əsər, ağlarsan» deyir, amma buna bax­mayaraq, heç kim M.V.Vidadini məhəbbət şairi ad­lan­dırmır. Çünki M.V.Vidadi «ağlamaq ki, vardır, mə­həb­bət­dən­dir» deyərkən gözəllərə məhəbbəti nəzərdə tutmur.M.V.Vida­dinin nəzərdə tutduğu məhəbbət Allaha, Peyğəm­bərə və qadınlı-kişili bütün insanlara məhəbbətdir. Təsadüfi deyil ki, M.V.Vidadi «məhəbbət» sözünü «mərhəmət», «mü­rüvvət» sözləri ilə qoşa işlədir: 

Ağlamaq ki, vardır, məhəbbətdəndir,
Şikəstəxatirlik mərhəmətdəndir,
Əsil bunlar cümlə mürüvvətdəndir,
Olsa ürəyində, betər ağlarsan! 

İxtiyar sahiblərinin mürüvvətsiz olduğu, insanlara mər­həmət göstə­ril­mədiyi, məhəbbətlə yanaşılmadığı bir dünyada M.V.Vidadi özünü qür­bət­dəki qərib kimi tənha hiss edir və o məhz qürbətin və qəribliyin kədə­rini qələmə alır.Gözəlin yer üzündə Tanrı təcəssümü olması barədə mistik baxışlara meyl göstərməyən M.V.Vidadi M.Füzulidəki aşiq-arif kədə­rini sadəcə olaraq arif kədəri ilə əvəz edir.

Son şeirləri də göstərir ki, qəriblik, tənhalıq hissi M.P.Vaqif üçün də yad deyil, bəlkə də, dünyanın ən tənha şairlərindən biri elə M.P.Vaqifin özüdür.Bəlkə də, mistik məhəbbət mövzusu kimi qəriblik-tənhalıq möv­zu­sunu da M.P.Vaqif bilərəkdən bir qırağa qoyur, kədərin ifadəsinə xid­mət edəcək mətləblərdən məqsədyönlü şəkildə imtina edir.İmtina etdiyi əzabkeş aşiq obrazının yerinə M.P.Vaqif məhz zövqü səfa sahibinin obrazını gətir­mək istəyir.Bu zövqü səfa sahibini M.P.Vaqif az-az hallarda «aşiq» adlan­dırır. Çünki aşiqin Tanrı təcəssümü olan gözələ can atmaq­dan, əzabkeşlikdən başlayan məlum əlamətləri, nişanələri var. Bunu M.V.Vidadi də çox gözəl bildiyindən M.P.Vaqifi heç də eşqdən, məhəb­bətdən yazmaqda yox, gözəl­ləmə yaz­maqda, durub-oturub «canan», «dilbər» deməkdə qınayır:

Gəl danışma müxəmməsdən, qəzəldən,
Şeiri-həqiqətdən, mədhi-gözəldən,
Sənin ki halını billəm əzəldən,
Elə deyib canan, dilbər, ağlarsan. 

M.V.Vidadi canan, dilbərlə gün keçirməyi ötəri bir şey saysa da, bu cür kef-damağın, «ləzzətin», «dadın» əvvəl-axır zəhərə dönəcəyini bil­dirsə də, M.P.Vaqif dediyindən dön­mür, «toy-bayramdır bu dünyanın əzabı» deyib durur. Ədə­biyyatşünaslarımız M.P.Vaqifdən danışarkən bu misranı tez-tez misal çəkməkdə haqlıdırlar.Doğrudan da, bu misra M.P.Va­qif fəlsəfəsini başa düşməkdə açar rolu oynayır. Aydın olur ki, özünün tək-tənha olduğu fani dünyada, hansı yolla olur-olsun, əzablara sinə gərib sevincə can atmaq və qəm-qüssəni bir qırağa qoyub sevincdən-nəşədən yazmaq M.P.Vaqifdə insan gücünü göstərməyin, insanı həyata bağ­lamağın bir yolu kimi düşünülüb. N.Cəfərovun sözləri ilə de­sək, «Füzuli şeirindəki kədər Füzuli müdrikliyinin göstəri­cisidirsə, Vaqif şeirindəki şuxluq da Vaqif müdrikliyinin şər­tidir».

M.P.Vaqifi tanımaqda mühüm əhəmiyyət daşıyan «Ağ­larsan» rədifli deyişmədə bir sünni-şiə mübahisəsi var. Bu məzəli mübahisədən yan keçmək olmur. Əvvəla, ona görə ki, həmin mübahisə əsasında M.P.Vaqif həyatsevərliyinin başqa bir cəhəti də açılır: M.P.Vaqif nəinki real pred­metləri, hətta Əzrayıl, Şeytan, İnkir, Minkir və s. mövhumi qüv­və­ləri, ölümün özünü zarafat mövzusuna çevirmək kimi bir genişlik nümayiş etdirir. İkincisi, ona görə ki, sünni-şiə mü­bahisəsi M.P.Vaqifin həya­tın­dakı bəzi qaranlıq nöqtələrə işıq salır.

Ölümlə, ölülərlə, mövhumi qüvvələrlə zarafat ilk növ­bədə folklordan gə­lir. Xalq ədəbiyyatında ölülərin, Əz­rayılın, Şeytanın komik biçimdə təqdim edil­diyi nə qədər sü­jet var! Aşıq ədəbiyyatında ölülərin o dünyaya yola salın­ma­sı işləri ilə məşğul olan dünyagir mollalara aid neçə məzəli şeir var! Folk­lorla, eləcə də aşıq şeiri ilə möhkəm bağlı olan M.P.Vaqif «Bir gün çökər qaba­ğına Əzrayıl», «Bu yanından çıxar o zalım Şeytan», «Münkir-nəkir necə olsa ötüşər» və s. kimi misralar işlətməkdən, həmin misralarla başlayan bənd­lərdə mövhumi obrazları yarızarafat-yarıciddi bir ahəngdə təqdim etməkdən çəkinmir:

Bu yanından çıxar o zalım şeytan,
Su göstərər, səndən ta ala iman,
Nə Ömər tapılar, onda nə Osman,
Hər biri bir yanda batar, ağlarsan. 

Sünni məzhəbi ilə bağlı Ömər, Osman kimi simaların «hər biri bir yanda batar» şəklində qələmə alınmasını M.V.Vi­dadi, təbii ki, cavabsız qoymur və «tərk edibsən pey­ğəmbərin sünnətin» deyə M.P.Vaqifi mə­zəm­mət edir, onun kef-damaq dalınca qaçmasının heç şiəliklə də bir araya sığ­mamasını xatırladır:

İmamlar ha deyil sənin yoldaşın,
Olsaydı, gözündə olardı yaşın.

Doğrudan da, qırx gün İmam Hüseynə göz yaşı tökən şiəlikdə M.P.Vaqifi cəlb edən nədir?Bəlkə, M.P.Vaqif şiəlik məzhəbini İbrahim xana xoş gəlsin deyə qəbul edib? Salman Mümtaz bu məsələyə belə ay­dın­­lıq gətirir: «İbrahim xan Cavanşirə çox yaxın olmaq üçün qəsdən məz­hə­binə təqyir vermişdir» deyənlər, bizcə, yanılırlar. Çünki Vaqifin mər­siyə və məşhur zikrləri səmimi şiə olduğunu göstərir». M.P.Vaqi­fin səmimiyyətinə biz də şübhə etmirik, amma Qarabağ sarayına can atan və uzun müddət sarayda yaşayan bu şairimizin konkret şəxsi məqsədlər naminə siyasət işlət­diyini də istisna etmirik:

Şafeini imamlardan ayırma,
Əmmə xanı görüb riya qayırma. 

«Ağlarsan» rədifli deyişmədə M.V.Vidadinin dediyi bu sözlər məz­həb məsələsində M.P.Vaqifin müəyyən siyasət işlətməsinə bir işarədir.M.P.Vaqifin siyasət işlətməsində təəccüblü bir şey yoxdur.Çünki onun hərdən siyasət naminə şeirlər yazması da məlum həqiqətdir.Amma mənsəb sahibi olmaq üçün «ali-Cavanşir»i mədh edən qəzəl yazması, ölüm­dən yaxa qurtarmaq üçün Məhəmməd bəy Cavanşirə «Mə­həm­məd» rədifli qoşma həsr etməsi M.P.Vaqifi qınamağa yox, onu başa düşməyə gərək olan faktlardır.Belə faktlar göstərir ki, M.P.Vaqif həyat eşqi ilə dolu bir poeziya yarat­maqla kifayətlənməyib, eyni zamanda şəxsi həyatını nikbin ruhlu şeirinə uyğun şəkildə qurmaq istəyib.M.P.Vaqif həm söz­də, həm də əməldə qəm-qüssəyə təslim olmamağa çalı­şıb.

M.P.Vaqifin bir mərsiyəsi var − İbrahim xanın oğlu Cavadın vaxt­sız ölümü münasibətilə yazılıb.Bu mərsiyə hansısa bir mərsiyədən çox M.Ə.Sabirin «Səttarxana» məd­hiyyəsini yada salır. Bu fikrə inanmaq üçün mərsiyənin bir bəndinə nəzər salmaq kifayətdir:

Od düşüb, köşkü saraylar guyiya tağlar yanar,
Səs verir səngü şəcərlər, od tutub dağlar yanar,
Yasa girmiş səbzələr, geymiş qara bağlar yanar,
Cümleyi-xəlqi-cahan qan-yaş töküb ağlar, yanar,
Səndən ötrü,  xan Cavad, sərdar Cavad, sultan Cavad,
Sərbəsər geysin qara bundan geri dövran, Cavad!
Oldu cün nazik vücudin xak ilə yeksan, Cavad! 

Bu mərsiyənin «Səttərxana» mədhiyyəsini yada sal­ma­sını qeyd etməkdə məqsədimiz M.P.Vaqif – M.Ə.Sabir əlaqələrindən, M.P.Vaqifin özündən sonrakı poeziyamıza, həmçinin mollanəsrəddinçi şeirimizə güclü təsir göstər­mə­sindən danışmaq deyil.Məqsədimiz mərsiyə kimi ən kə­dərli şeir nümunəsində belə M.P.Vaqifin dirilik ifadə etmə­sini nəzərə çatdırmaqdır.«Səttarxana» şeirini (bir vaxt Təb­rizdə Səttarxan əsgər­ləri­nin qəhrəmanlıq marşı kimi oxuduq­ları şeiri) xatırladan da mərsiyədəki dirilik ruhudur.Mər­siyədəki misralar, xüsusən də hər bənddə təkrar olunan və «xan Cavad, sərdar Cavad, sultan Cavad» sözləri ilə baş­la­yan parça sanki bir qəhrəmanlıq nəğməsi kimi səslənir.

Qəhrəmanlıqdan söz düşmüşkən qeyd edək ki, Firidun bəy Köçərli M.P.Vaqifin təbiət etibarilə cəsur adam olmasını xüsusi olaraq diqqətə çat­dırır: «Vaqifin özü həm molla və şair isə də, vaxtın təqazasına görə onun meyl və könlü silah və əsləhəyə dəxi olub, igidlik iddiasına həm dü­şür­­müş və məqami-zərurətdə özü yaraq götürüb davaya çıxarmış». M.P.Vaqifin təbiət etibarilə cəsur adam olması az-çox şeirlərindən də görü­nür. Məhəbbət şairi kimi tanıdığımız M.P.Vaqif igidlik, igid adam­lar, on­ların nəcib insani keyfiy­yətləri barədə şeir yazmağa mənəvi ehtiyac duyur:

İgidlik iddiasın edənə layiq deyil yalan,
Vəfasızlıq nisalərdə, deyildir bab igidlərdə.

Məhəbbət şairinin tüfəng haqda ayrıca müxəmməs yaz­masına da təsadüfi hal kimi baxmaq olmaz:

Dəhridə oldu mənə dildarü dilbər bir tüfəng,
Xoş qədi ayineyi-simü səmənvər bir tüfəng… 

İgidlikdən bəhs edən qəzəli və tüfəngə həsr olunan mü­xəmməsi ilə M.P.Va­qifin məhəbbət şeirləri arasında məna-məzmun yaxınlığı ilk növ­bə­də lirik «Mən»in qabarıq təqdim olunmasındadır.Bu qabarıqlıq, nəinki şeirlərin məzmu­nun­da, həmçinin müxtəlif forma elementlərində, məsələn, rə­dif­lərdə də özünü büruzə verir.Şair bir çox şeirlərini «Vaqif» rədifi üstündə qurur. Məsələn, «Ey Məkkəni, Mə­dinəni yaradan, Bir fikir çək əhvalına Vaqifin»; «Bir ayna qabaqlı, tər sinəli yar, Çox müştaqdır sizin camala Vaqifi»; «Ey səba, yarə de kim, avarə gördüm Vaqifi» misraları ilə başlayan şeirləri başdan-başa «Vaqif» rədifi üstündə qurulub. Şair bir sıra qoşmalarının möhürbəndində üç dəfə, bir sıra müxəm­məs­lərinin möhürbəndində isə dörd dəfə «Vaqif» rədifindən istifadə edir.

İgidliyə qəzəl, tüfəngə müxəmməs həsr edən, öz adını şövqlə bir çox şeirlərinin rədifinə çevirən M.P.Vaqif bir qüd­rət qarşısında acizlərin acizi, məğlubların məğlubudur.Belə bir qüdrət sahibi ay qabaqlı gözəldir.M.P.Vaqif şei­rinin baş qəhrəmanı olan bu gözəl M.P.Vaqif yaradıcılı­ğında gözəllə­mələrin başlıca forma-məzmun istiqamətinə çevril­məsinə sə­bəb olur.M.P.Vaqif nəinki qoşmalar, həm də klas­sik seir janrları əsasında gözəlləmənin nadir mətn tiplərini yaradır.Nadirlik ilk növbədə ondadır ki, şair mətni başdan ayağa, yaxud mətnin böyük bir hissəsini büsbütün bir cümlə üstündə qurur.Məsələn, müxəmməslərindən birini şair «Nə xoş­dur» ifadəsi ilə başlayır. Şeiri oxuyub qurtarırsan və məlum olur ki, böyük bir şeir başdan-başa bircə cümlədən ibarətdir:

Nə xoşdur baş qoymaq bir güləndamın qucağında,
Tamaşa eyləmək ol həlqə zülfəağ buxağında… 

Bu, şeirin ilk iki misrasıdır. 

…O zülfi-yasəməndən həsrətilə ayrılıb naçar,
Gənə Vaqif kimi bir dəxi olmaq iştiyarğında.

Bu isə şeirin son iki misrasıdır.Əvvəlinci iki misra ilə sonuncu iki misra arasındakı böyük bir parça yarla «xoş» olan nə varsa, onların sadalanmasından ibarətdir.

Yaxud qoşmalarının birini M.P.Vaqif «Əyibdir qəd­dimi, dəlib bağ­rı­mı» misrası ilə başlayır və qoşmanın dörd bəndi ardıcıl olaraq kimin, hansı gözəlin qədd əyib, bağır dəlməsindən bəhs edən bir cümlədən ibarət olur: 

Əyibdir qəddimi, dəlib bağrımı,
Bir kirpiyi oxlu, qaşı kamanlı,
Gözləri can alan cəlladi-sərməst,
Baxışı hərami, qəmzəsi qanlı. 
Bir nazik kamallı, bir nazik işli,
Şirin gələcili, şəkər gülüşlü,
Bir mərcan baxışlı, dürdanə dişli,
Bir cəvahir sözlü, sədəf dəhanlı. 

Yaxud qoşmalarının birində ilk bənd «Sənsən candan əziz cananım mənim» misrası ilə bitir və şeirin sonrakı beş bəndi həmin «sənsən» xəbərinin mübtədalarının sadalanma­sından ibarət olur:

Sözüm, ixtilatım, hər qalü qilim,
Mətləbim, muradım, xatirim, meylim,
Şəkkərim, Şirinim, Gülşahım, Leylim,
Züleyxam, Yusifi-Kənanım mənim. 

M.P.Vaqifin aydın və canlı dil, yüksək bədiilik nümu­nəsi olan gözəl­ləmələrində lirik qəhrəmanı bir tərəfdən qa­dına «gəl-gəl» deyən erkək timsalında görürüksə, başqa bir tərəfdən ümidini qadın ülfət və ünsiy­yətinə bağlayan naçar timsalında görürük: 

Xublar arığından yarımaq olmaz,
İgidin həmdəmi gərək çağ ola…

Bir mayabud gərək, baldırı yoğun,
Sərasər ət basa dizin, topuğun,
Əl dəyəndə dura buğunbabuğun,
Titrəyə, quyruqdan çox yumşaq ola. 

Bu nümunədə və buna bənzər bir çox başqa nümu­nə­lərdə naçar­lıqdan əsər-əlamət yoxdur. Lirik qəhrəman həra­rətli bir insan kimi özünə bab gözəl arzusundadır. Həm də elə gözəl ki, qaş-gözü, günəş camalı, bal dodağı, lalə yanağı, sərv boyu, şirin sözü… ilə can alan olsun. Şairin arzu­su gö­zündə qalmır.Bir sıra şeirlərindən göründüyü kimi, o, unudulmaz vüsal anları yaşaya bilir.Bu, öz yerində.Amma məsələ bununla bitmir.Yarla bir yerdə olmağın şirin anlarını xüsusi həvəslə qələmə almasına əsaslanıb M.P.Vaqifi «vüsal şairi» adlandıranların fikrinə etiraz etmədən diqqəti hicran məsələsinə yönəltmək istəyirik.Qeyd etməyi vacib bilirik ki, M.P.Vaqifin məhəbbət mövzulu şeirlərinin çoxusu məhz hicran his­sinin ifadəsinə həsr olunub.

Əlbəttə, bu hicran M.Füzuli hicranından fərqlidir.M.Fü­­­zulidə hicran mütləq hicrandır və onun vüsala çev­ril­mək ehtimalı yoxdur.M.P.Vaqifdə isə hicran müvəqqəti hic­randır və lirik qəhrəmanın dərdi bu hicranı vüsala çevir­məkdən ibarətdir. Hicranın vüsala çevrilməməsi M.P.Va­qifdə lirik qəhrəmanı hövsələdən çıxarır və o, öz sevgilisini acılamaqdan qalmır: 

Nə anlağın vardır, nə bir kəlamın,
Onun üçün hərgiz sözü qanmazsan!
...Ay bimürvət, məgər daşdır ciyərin,
Müdam sızıldaram, heç usanmazsan! 

Bəllidir ki, «usanmaq» qafiyəsi M.P.Vaqifə M.Fü­zu­li­dən gəlir. Am­ma M.Füzulidə aşiq «cəfadan yar usanmaz­mı?» deməklə kifayətlənirsə, M.P.Vaqifdə aşiq məşuqəni vüsala imkan yaratmamaqda ittiham edir və ona lənət yağ­dırır:

Vaqif, lənət gəlsin yarın canına,
Nə dərdinə meyl et, nə dərmanına,
Onun təki bivəfanın yanına
Əgər igid olsan, heç dolanmazsan! 

Göründüyü kimi, M.P.Vaqifin lirik qəhrəmanı gözəlin vüsaldan qaçmasını bivəfalıq sayır və belə bivəfa yarın nə dərdinə, nə də dərmanına meyl göstərmək istəyir.Bu şeirdə və buna bənzər bir çox başqa şeirlərdə lirik qəhrəmanın səsi ötkəm, sözü yenə naçarlıq duyğusundan uzaqdır.Amma bu sözləri şairin həsrətdən-hicrandan söz açan bütün şeirlərinə aid etmək olmaz. M.P.Vaqifin həsrətdən-hicrandan söz açan elə şeirləri var ki, onlarda kifayət qədər dərd var, göz yaşı var: yarın fərağında olan aşiq bülbül kimi ah-zar edir, onun ünündən tamam vilayət titrəyir, bir sözlə, qəm aşiqi ayağa salır. Yarın həsrətindən könül qana, göz yaşı çaylara dönür.«Dağılmış» ayrılıq aşiqi «yanar-yanar» odlara salır.Hicran aşiqdən ötrü məhşərdir.Aşiqin naləvü zarı gecələr asimana dayanır. M.V.Vidadiyə «ağlama» deyən M.P.Va­qif özü hicran əlin­dən nəinki arabir «ağlaram», «sızlaram» deyir, hətta «Ağ­laram» rədifli ayrıca qəzəl yazır: 

Ey güli-xəndan, fərağından sənin qan ağlaram,
Eylərəm şamü səhər çaki-giriban, ağlaram. 

…Yaxşı həmdəm olmasa, şad olmaq olmaz, Vaqifa,
Ağlaram ta ömrüm olduqca firavan, ağlaram.

Bütün bu misallar göstərir ki, M.P.Vaqifin məhəbbət mövzulu şeir­lər­inin bir çoxunda qəm-qüssə ifadə olunub. Bu qəm-qüssə dilbilməz və dərdanlamazlar arasında tək qal­mağın, biçarə dolanmağın qəm-qüssəsidir. Diqqət yetirdikdə aydın olur ki, «mayabud» və «yoğunbaldır­lar»la işrət an­ları yaşamaq M.P.Vaqifdə lirik qəhrəmanın hərarət və ener­ji­sinin bir göstəricisi olsa da, qəm-qüssəyə çarə qılmağın vasi­təsi ola bilmir. Yuxa­rı­dakı qəzəldən də aydın olur ki, qəm-qüssədən çıxmağın yolunu şair həm­də­min, həmdərdin ol­masında görür. Belə bir fikrin M.P.Vaqif lirikası üçün səciy­yəvi olduğunu şairin müxəmməs və qoşma­ları da açıq-aydın göstərir:

Vaqif, sənin işin müdam ah olsun,
Səg rəqibin ömrü qoy kütah olsun.
Həmdəmsiz kimsənə əgər şah olsun,
Gədadır o kimsə dilənmək gərək.

«Həmdəm» dedikdə, M.P.Vaqif, heç şübhəsiz, hər gö­zəli yox, dilbilən və dərdanlayan gözəli nəzərdə tutur və həmin fikri qoşmalarının birində daha aydın şəkildə ifadə edir: 

Gəl sev bir dərd bilən, əhli-məhəbbət. 

M.P.Vaqifin M.V.Vidadidən başlıca fərqi bu məqamda ortaya çıxır: M.P.Vaqif dərd bilən gözəl sevib onun vüsa­lın­da dərdinə dərman axtarır. Özünə «xəstə» deyən M.V.Vidadi isə bu cür dərman barədə o qədər də düşünmür.M.P.Vaqif, dərdinə dərman tapdığına görə sevinir.Dərmansız M.V.Vi­dadi isə qəm-qüssə içindədir.

M.P.Vaqif tapılan dərmanın dərdə əlac edəcəyinə tam inanırmı?Əlbəttə, yox. M.P.Vaqif «əhli-məhəbbət»in qüdrə­tinə tam inansaydı, ölüm kəlməsini dilinə gətirməzdi: 

Bu necə zülmdür mənə eylərsən,
Adam məgər bir insafa gəlməzmi?
Bir gün görərsən ki, vallah, ölmüşəm,
Bu qədər dərd çəkən axır ölməzmi?

Yaxud başqa misal: 

Axır cana yetirərsiz Vaqifi,
Ağlayıban götürərsiz Vaqifi,
Bir gün olur itirərsiz Vaqifi,
O qədər gəzərsiz əli çıraqlı. 

Əlbəttə, bu sayaq misallarda ölümdən danışmaq tapılan dərmana ümidin, inamın itməsi ilə yox, dərmanın dərdliyə yetişməməsi ilə bağlı­dır. Amma o da var ki, günlərlə, aylarla dərmanın intizarında olmaq tədricən dərmandan əl üzmək ovqatına gətirib çıxarır: 

Ey səba, yarə de kim, avarə gördüm Vaqifi,
Qəm əlindən bikəsü biçarə gördüm Vaqifi,
Bağrı olmuş sərbəsər sədparə gördüm Vaqifi,
Aqibət salmış özün odlarə gördüm Vaqifi,
Gecə-gündüz müntəzir dildarə gördüm Vaqifi. 

«Qəm əlindən bikəsü biçarə» olmaq, bəlkə də, M.P.Va­qifin saraya can atmasının səbəblərindən biridir.«El tamam yağıdır, yoxdur bir adəm»deyib öz tən­ha­lığına işarə edən M.P.Vaqif, bəlkə də, biçarəlik, kim­sə­siz­lik sıxıntı­sın­dan sarayın müəyyən imtiyazlarına güvən­məklə qurtarmaq istəyir.«Hər kəsin yox isə ağlı, kamalı, Dünyada alıbdır sahib camalı» deyib dilbər, canan nisgili yaşayan M.P.Vaqif saraya gəlməklə, bəlkə də, bu nisgilinə son qoymaq niy­yətindədir.

İnsan taleyinin hər an tükdən asılı olduğu sarayda M.P.Vaqif öz ağlı ilə xanın etimadını qazana bilir, dilbər-canan məsələsində xanın həmfik­rinə çevrilə bilir: 

Vaqif, yaxşı canan gərək can üçün,
Nədir çox çalışmaq bu cahan üçün,
Bir gözəl lazımdır bizim xan üçün,
Vali qulluğunda ərz edən gərək. 

Bu cür şeirlər yazıb Gürcüstan valisindən İbrahim xana gürcü gözəl­ləri istəməsi xanla M.P.Vaqif arasında məh­rəmanə münasibətin olmasını təsdiq edir.Amma İbrahim xan­la yaxınlıq heç də hər şeyi yoluna qoymur.Ağa Məhəm­məd şah Qacarın hücumu ilə İbrahim xanın Qarabağı tərk etməsi M.P.Vaqifi daha ağır imtahanlardan keçirir.Tarixi mənbələr bu ağır imtahanlardan M.P.Vaqifin mümkün qədər ləyaqətlə çıxmağa çalışdı­ğını göstərir.Məsələn, Mirzə Camal «Qarabağnamə»sində əsir M.P.Vaqi­fin Qa­car sər­kərdələrindən Məhəmməd Hüseyn xanla qarşılaşması səh­nəsi maraq doğurur. Sərkərdənin nalayiq sözləri müqabilində M.P.Vaqif sınmır: «Əgər dustağəm, dustaği-şahəm. Sən nə­çi­sən ki, mənə bir zərrəcə asib yetirəsən».Ağa Mə­həm­məd şah Qacarın ölümündən sonra Məhəm­məd bəy Cavanşir fəlakəti başlayır və bu fəlakətdən yaxa qurtar­maq mümkün olmur.

Məhəmməd bəy Cavanşirin M.P.Vaqifi qətlə yetirmə­sində səbəb kimi göstərilən faktlardan biri qadın məsələsi ilə bağlıdır. Mirzə Adıgö­zəl­bəy «Qa­rabağ­na­mə»sində deyilir: «Molla Pənahın bir yaxşı, gözəl övrəti var idi ki, çox şöhrətli idi və Məhəmməd bəy dəxi onun tərifin eşidib ona əlaqə bağ­lamışdı. Övrət cahilə və cavan idi.Axund qoca pir və natəvan idi və əlavə Məhəmməd bəyin rəşadət və şücaəti, xoşəndamı, kəmalü fərasəti və padşah xəzinəsi əlində olmağı ona ziyadə əlaqə bağlatmışdı.Övrət Məhəmməd bəyə demişdi ki, Molla Pənah ölməyib, hali-həyatda olsa, mən şərən sənə gedə bilmənəm». Mirzə Adı­gö­zəlbəyin nişan verdiyi bu qadının adı mən­bə­lərdə Qızxanım kimi xatır­lanır. Bu, həmin Qızxanımdır ki, M.P.Vaqif ona neçə-neçə gözəlləmə həsr edib.S.Mümtazın verdiyi məlumata görə, «Əyib­dir qəddimi, dəlib bağ­rı­mı», «Dəhanın sədəfdir, dişlərin inci», «Düyün oldu, bütün xublar yığıldı» misraları ilə başlayan gözəlləmələrini M.P.Vaqif məhz Qız­xa­nı­ma yazıb. «Dəhanın sədəfdir, dişlərin inci» gözəlləməsinin belə bir yeri var: 

Yağıdır müjganın, cadudur gözün,
Cəllad kimi qəmzən qəsdədir, ay qız! 

Əlbəttə, şairin bir çox digər gözəlləmələrində qadına müraciətlə deyilən «padşahım», «sultanım» sözləri kimi, bu şeirdəki «yağı», «cəllad» sözləri də məcazi mənadadır. Am­ma taleyin hökmü ilə bu sözlər bir gün məcazi mənadan çıxıb həqiqi məna qazanır.«Padşah», «sultan» adlan­dırdığı, kirpi­yini yağı, naz-qəmzəsini cəllad saydığı, hər əmrinə müntəzir olduğu gözəl, günlərin bir günü həqiqi mənada yağıya, düşmənə çevrilib şairin ölümünə fərman verir. Bir vaxt M.P.Vaqif yazmışdı: 

Deməsin, Vaqif, əcəl kim, gəlsə məndən can alır,
Kimdir ona can verən, fərmani-yarım gəlməmiş? 

Bəli, M.P.Vaqif ölümə məhz yarın «fərman»ından son­ra təslim olur.Özü də bu ölüm Xəzinə qayasındakı qətlə qədər artıq baş verir. «Həm­dəmi-sahibcamal»ından etibar­sız­lıq görüb büsbütün sarsılan M.P.Vaqif «Görmədim» mü­xəm­məsində yazır: 

Zülfü ruyü xəttü xalın axırın gördüm tamam,
Həmdəmi-sahibcamalın axırın gördüm tamam…
…Qədr bilməz həmdəm ilə eylədim ömrü təbah… 

Taxt-tac sahibindən və «həmdəmi-sahibcamal»dan tut­muş oğul-uşa­ğa qədər hamıdan və hər şeydən əlini üzən M.P.Vaqif «Bax» qəzəlində yazır: 

Baş götür, bu əhli-dünyadan ayaq tutduqca qaç,
Nə qıza, nə oğula, nə dusta, nə yarə bax! 

Bəli, «Bax» qəzəlində və «Görmədim» müxəmməsində deyilənlər Xəzinə qayasındakı qətlə qədər M.P.Vaqifin artıq ölümə boyun əyməsin­dən xəbər verir.

Son iki şeiri M.P.Vaqifin ölümə təslim olmasıdırsa, onda həmin şeir­lərlə M.P.Vaqifin əvvəlki şeirləri arasında əlaqə nöqtələrini tapmaq çox va­cib­dir. Belə nöqtələrdən birini Y.Qarayev M.P.Vaqif lirikasının em­pirik səciyyə daşı­masında görür: «Şair ucdantutma tərənnüm etdiyi eyni gö­zəllik, ədalət və əxlaq həqiqətlərini indi də eyni yolla – uc­dantut­ma saxta elan edir, «hər şey yaxşıdır!» − əvəzində indi də «hər şey pis­dir», − deyir. Poetik ideya yenə də «yax­şı»nın və «pis»in dialektika­sın­dan kə­­narda qalır».M.P.Va­qif lirikasında müşahidə etdiyi bu cəhətin folklordan gəl­diyini gös­tərməkdə də Y.Qarayev haqlıdır. Həqiqə­tən, bəzi istisnalar (məsələn, xalq gü­lüşündə müsbət-mənfi, yaxşı-pis çulğalaşması ilə bağlı məqamlar) nəzərə alınmazsa, ağ və qara rənglərin mürəkkəb qarşılıqlı əlaqəsi yox, bu rənglərin ayrı-ayrılıqda təqdim olunması folklor, o cümlədən aşıq ədəbiyyatı üçün da­ha səciyyəvidir. Folklordan gələn «em­piriklik» M.P.Vaqifin son bədbin şeir­ləri ilə əvvəlki nikbin şeirləri arasında ortaq cəhətə çevrilirsə, onda ortaq cə­hətləri başqa məqamlarda da axtarmaq olar.Belə məqamlardan biri məhəb­bət mövzulu şeirlərinin bir çoxunda M.P.Vaqifin qəm-qüssəyə yer vermə­sidir.Doğrudur, kədər not­la­rı şairin məhəbbətini azalda, müəllifi ümidsizlik, tərki-dünyalıq his­si­nin ifa­dəsinə yönəldə bilmir.Amma fakt faktlığında qalır. Fakt budur ki, Y.Qa­ra­yevin realist sənət üçün vacib bildiyi cəhət, yəni yaxşı ilə pisin, müs­bətlə mənfinin «dia­lektikası» M.P.Vaqif lirikasında özünü tam şəkildə göstərə bilməsə də, M.P.Vaqif məhəbbət mövzulu şeirlərinin bir çoxunu hicran və vüsal duyğularının qarşılıqlı əlaqəsinə həsr edir və hicran kədəri ilə vüsal sevinci həmin şeirlərdə qaynayıb-qarışır. Biz bir az əvvəl M.P.Vaqifin hicran şeirlərindəki qəm-qüssə not­larından konkret misallar əsasında danışdığımıza görə deyilənlərə təkcə onu əlavə etmək istəyirik ki, həmin qəm-qüssə notları ilə «Bax» qəzəli və «Görmədim» müxəmmə­sindəki motivlər arasında müəyyən səsləşmə var. Səsləş­mə­nin mahiyyəti on­dadır ki, «həmdəmi-sahibcamal»ın vəslinə ümid bəsləyən aşiqdən «həm­dəmi-sahib­camal»ın etibarsız­lığını görüb sarsılan aşiqə doğru bir yol gəlir. Bu yol zövqü səfaya can atıb tənhalıqdan yaxa qurtarmaq istəyən, amma sonda büsbütün «bikəsü biçarə»yə çevrilən bir şairin yo­ludur.

 





30.06.2017    çap et  çap et