525.Az

Gənc yazarların poeziya gecəsi keçirildi


 

Gənc yazarların poeziya gecəsi keçirildi<b style="color:red"></b>

Dünən Binəqədi Gənclər Evində Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi 4 aylıq “Bölgələrdən səslər-3” layihəsinin yekun tədbiri - eyniadlı kitabın təqdimatı və “Gənc yazarların poeziya gecəsi” təşkil edilib.

Tədbirə millət vəkilləri, Binəqədi Gənclər Evinin rəhbərliyi, yazarlar, layihə iştirakçıları və media nümayəndələri qatılıblar.

Mərasimin açılış nitqində şair-publisist, DGTYB-nin qurucusu Əkbər Qoşalı “Bölgələrdən səslər” layihəsi haqqında geniş məlumat verib. Qeyd edib ki, artıq ənənə halını almış layihənin məqsədinin paytaxtdan kənarda yaşayan istedadlı gəncləri üzə çıxarıb ictimaiyyətə təqdim etmək, onların öz yaradıcılıq nümunələrini geniş auditoriyada tanıtmasına şərait yaratmaqdır.  “İndi bölgələrdə yeni nəsil ədəbiyyatı yaranır” - deyən Ə.Qoşalı şairə Rəsmiyyə Sabirin tərtibçisi olduğu almanaxda Azərbaycanın 28 rayonunda yaşayan gənc yazarların yaradıcılığından seçmə nümunələr toplandığını nəzərə çatdırıb.

Ə.Qoşalı çıxışında gənclərə səslənərək deyib ki, hazırda gənclərdən arzu olunan xalqına, vətəninə bağlılıq, milli ədəbiyyata sadiqlikdir. O, Qarabağ probleminə də toxunaraq, deyib ki, Azərbaycanın yaxın keçmişində baş vermiş bu cür ağır faciəni, bütün Türk dünyasının ortaq dərdi Qarbağı dünya ictimaiyyətinə tanıtmaq gənc qələm sahiblərinin öhdəsinə düşür. Onlar yazacaqları bədii əsərlərlə ədəbiyyatın təsir gücündən istifadə edərək bu həqiqətlərin boğulmasına imkan verməməlidirlər.

Gənc yazarlar İntiqam Yaşar və Ülkər Piriyevanın aparıcılığı ilə davam edən tədbirdə almanaxda şeirləri yer alan şairlər öz yaradıcılıq nümunələrini səsləndiriblər.

Gəncləri təbrik edən millət vəkili Sona Əliyeva belə layihələrin ədəbiyyatın inkişafında müstəsna rol oynadığını deyib: “Artıq üçüncü dəfədir keçirilən bu layihə bölgələrimizdə yaşayan gənc istedadların üzə çıxarılmasında böyük əhəmiyyətə malikdir. Hansısa regionda yaşayıb öz istedadını daha geniş arenaya göstərmək istəyən gənclər üçün mənəvi dəstəkdir. Şeirləri dinlədikcə bir daha əmin oluruq ki, bu yazarlar içərisində gələcək nəsillərin sevə-sevə oxuyacağı, adını ədəbiyyat tariximizə həkk edəcək şairlər mütləq çıxacaqdır. Mən həmçinin, bu işdə həmişə gənclərə dayaq olan Azərbaycan Yazıçılar Birliyinin də rolunu qeyd etmək istərdim. Birliyin “Gənc Ədiblər Məktəbi” layihəsi ilə həmişə istedadlı gənclərə dəstək verilir, onların inkişafına yol açılır”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov layihədə zəhməti keçən hər kəsə öz təşəkkürünü bildirib, son zamanlar ədəbiyyata, kitaba olan marağın artmasından məmnunluğunu ifadə edib: “Ədəbiyyatın missiyası çox möhtəşəmdir, əbədidir. Ədəbiyyat bütün missiyaları ilə yanaşı, həm də dilin qoruyucusudur. Şairlər var ki, həmişə aktual olurlar. Məsələn, mənim üçün həmişə aktual olan şair Sabirdir. Mən inanıram ki, bu gənclərimiz arasında da aktual şairlər çıxacaqdır. Şeir insanın içindən gəlib keçməlidir. Əgər belə olarsa, sizi həmişə oxuyacaqlar”.

Əməkdar jurnalist, İctimai Yayım şurasının üzvü Azər Həsrət kitabın redaktoru olduğu üçün məmnun olduğunu deyib: “Əkbər bəy bəlkə də bunu bir şeir toplusu kimi gənclərə tribuna vermək üçün düşünüb, ancaq mən fikirləşirəm ki, birlik 3-cü dəfə bu addımı atmaqla Azərbaycanın bölgələrində nə qədər böyük bir potensialın olduğunu aşkara çıxarıb”.

Şair Elçin Mirzəbəylinin fikrincə, bu qurum ömrü uzun olan, Azərbaycan ədəbiyyatını Türk dünyasında tanıdan, ritorikadan, pafosdan uzaq, hər zaman ciddi işləri ilə gündəmdə qalan bir təşkilatdır. Bəstəkar Sevinc Tofiqqızı, qiraətçi Ülkər Piriyeva isə öz ifaları ilə gecəyə lirik-poetik ovqat qatıblar.

Sonda layihədə fərqlənənlərə diplom və müxtəlif hədiyyələr verilib.

ŞAHANƏ

 





01.07.2017    çap et  çap et