525.Az

Yaponiyada Azərbaycanın biznes mühiti yüksək qiymətləndirilir


 

OKTYABR AYINDA BAKI BİZNES MƏRKƏZİNDƏ “YAPONİYA QİDA MƏHSULLARININ SƏRGİSİ” TƏŞKİL OLUNACAQ

Yaponiyada Azərbaycanın biznes mühiti yüksək qiymətləndirilir<b style="color:red"></b>

İyulun 1-dən 3-dək Yaponiyanın şimalında yerləşən Hokkaido adasının gözəl guşələrindən biri olmaqla, UNESCO Ümumdünya İrsi siyahısına daxil edilmiş Şiretoko yarımadasında yerləşən Şari şəhərinin icra hakimiyyətinin binasında 150-dən çox yaponiyalı biznesmenin və yerli siyasi qurumların iştirakı ilə geniş tərkibli biznes seminar təşkil edilib.

Seminar Yaponiyanın 2000-dən çox iş adamını özündə cəmləşdirən “Sərhədləri Ötənlər Klubu”nun (Cross Border Club, Ekkyokai) yaradılmasının 4 illiyi münasibətilə təşkil olunmuş tədbirlər çərçivəsində həyata keçirilib.

Tədbirdə əsas diqqət Yaponiya və Azərbaycan arasında artmaqda olan ticari mübadilələrə yönəldilib.

Tədbiri giriş sözü ilə açan “Sərhədləri Ötənlər Klubu”nun prezidenti, Azərbaycanda dəfələrlə səfərdə olan iş adamı Kazuyasu İşida qeyd edib ki, klubun yaradılmasından ötən 4 il ərzində baş tutmuş turlar çərçivəsində təkcə Azərbaycana 500-dən çox yaponiyalı biznesmenin səfərləri təşkil edilib. Bunların nəticəsi olaraq hər iki ölkə şirkətləri arasında biznes sövdələşmələrinin sayı artıb. Eyni zamanda, Yaponiyada Azərbaycan məhsullarına maraq yaranıb və bir çox səviyyələrdə artıq satışlar həyata keçirilməyə başlanılıb.

K.İşida onu da qeyd edib ki, bu ilin oktyabr ayında Bakı Biznes Mərkəzində “Yaponiya qida məhsullarının sərgisi” təşkil olunacaq. Sözügedən sərgidə Yaponiyadan 60 şirkətin iştirakı planlaşdırılır ki, artıq 30 şirkətin iştirakı dəqiqləşib. K. İşida vurğulayıb ki, 2014-cü ilin noyabr ayında ilk dəfə Yaponiya məhsullarının sərgisini Bakıda təşkil etdikləri zaman 10-larla yapon şirkəti iştirak etmişdi. O zaman Yaponiyadan müxtəlif avadanlıqlar, rəsm əsərləri nümayiş etdirilib.

Tədbirin təşkilat komitəsinin sədri, eyni zamanda tədbirdə Azərbaycanı təmsil edən həmyerlimiz, Hokkaydo universitetinin doktorantı, Yaponiyanın dövlət təqaüdçüsü, fəal diaspor fəaliyyəti ilə tanınan Əlibəy Məmmədov iş adamlarına Azərbaycan haqqında ümumi məlumat verdikdən sonra ölkəmizin biznes potensialı və bu işdə yaponiyalı iş adamları ilə qarşılıqlı əməkdaşlıq mövzusunda nitq söyləyib.

Ə.Məmmədov bildirib ki, Yaponiyada Azərbaycan məhsullarına böyük maraq var. Həmyerlimiz qeyd edib ki, Azərbaycandan Yaponiyaya bal, şərab, nar şirələri, biyan kökü və turşusu idxal edilməkdədir: “Xüsusilə bal və şərab məhsullarına diqqət yüksək səviyyədədir və bu məhsullar Yaponiya bazarında özünəməxsus yerini tutmaqdadır. Bu məhsulların idxal miqdarı ildən ilə artmaqdadır”.

Azərbaycanda qida emalı sənayesinin, kənd təsərrüfatı və turizmin böyük potensiala malik olduğunu qeyd edən Ə.Məmmədov yaponiyalı iş adamlarını Azərbaycanın qida emalı sənayesinə və turizm sahəsinə investisiyalar yatırmağa dəvət edib. Onun sözlərinə görə, Azərbaycanda son illər turist axını müşahidə edilməkdədir: “Azərbaycan hökümətinin dəstəyi və AZPROMO-nun fəaliyyəti nəticəsində Azərbaycan məhsulları Avropa və Asiya ölkələrinin bazarlarına çıxışlar əldə etməyə başlayıb”.

Bu işlərin ölkəni neft asılılığından azad etməyə çox böyük töhvələr verdiyini deyən həmyerlimiz 5-10 il ərzində Azərbaycanın büdcə gəlirlərində də qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatı və turizmdən gələcək gəlirlərin öz yerini tutacağına əminliyini vurğulayıb, Azərbaycanda Yaponiyaya olan marağı və etibarı nəzərə almaqla, digər ölkə nümayəndələri ilə müqayisədə yaponiyalı iş adamlarının daha böyük potensiala malik olduğunu bildirib. O deyib ki, Azərbaycanda Yaponiyanı çox sevirlər və Yaponiyada biznes fəaliyyəti ilə məşğul olmaq istəyən azərbaycanlı sahibkarlar da az deyil.

Tədbirin təşkil edildiyi Şari şəhərinin meri Takahaşi Baba rəhbərlik etdiyi şəhərlə Azərbaycanın regionları arasında mədəni, iqtisadi və siyasi mübadilələrin həyata keçirilməsində maraqlı olduğunu, eyni zamanda, bu əlaqələrin ölkələrimizin regionlarının inkişafına verə biləcəyi töhvələr haqqında danışıb. Şari şəhərinin zəngin kənd təsərüfatı, turizm və balıqçılıq potensialından söhbət açan T.Baba bildirib ki, şəhərin gəlirləri də məhz bu 3 sahədən gəlir. Eyni zamanda, emal sənayesinin inkişaf etdiyini vurğulayan T.Baba kənd təsərrüfatı və turizm sahəsində əldə etdikləri təcrübələri azərbaycanlı həmkarları ilə bölüşməyə hazır olduqlarını qeyd edib.

Tədbirin sonunda nitq söyləyən “Sərhədləri Ötənlər Klubu”nun Fukuoka şəhər bölməsinin rəhbəri, ölkəmizdə dəfələrlə səfərdə olmuş biznesmen Noritaka Mitsutake qeyri-neft sektorunda Azərbaycanla biznes əlaqələrinin möhkəmləndirilməsində “Sərhədləri Ötənlər Klubu”nun və onun prezidenti Kazuyasu İşidanın oynadığı əhəmiyyətli roldan danışaraq qeyd edib ki, cari ilin oktyabr ayında Bakıda təşkil ediləcək “Yaponiya qida məhsullarının sərgisi” iki ölkənin biznes həyatında yeni mərhələnin başlanğıcı olacaq.

N.Mitsutake bildirib ki, sərgiyə hazırlıq məqsədilə iyul ayının sonlarında təxminən 30 yaponiyalı iş adamı Azərbaycana səfər edəcək.

Sonda onu da qeyd edək ki, seminar çərçivəsində, Azərbaycan, Səudiyyə Ərəbistanı, Amerika, Çin, Honkonq, Banqladeş və Sudandan olan ziyalılar tərəfindən Yaponiya ilə xarici ölkələr arasında ola biləcək biznes imkanları haqqında geniş fikir mübadiləsi aparılıb.

Ceyhun ABASOV

 





04.07.2017    çap et  çap et