525.Az

Göylərə sığınan şair


 

VƏ YAXUD XƏZANGÜL XANIMA AÇIQ MƏKTUB

Göylərə sığınan şair<b style="color:red"></b>

Hörmətli Xəzangül xanım!

Mən sizi şair kimi keçən əsrin 70-80-ci illərindən tanıyıram. Dövrü mətbuatda çap olunan yazılarınızı həmişə diqqətlə izləmişəm. Şeirlərinizi oxuduqca sizinlə yaxından tanışlıq arzusunda bulunmağa çalışsam da, uzaqda yaşadığım üçün arzum arzu olaraq uzun müddət qalıbdı.

XX əsrin arxivə yön aldığı son illərdə şair dostum Sahib İbrahimliynən rəhbəri olduğunuz məktəbə yolumuz düşmüşdü. Diqqətcil olan şair dostum Sahib İbrahimli bizi tanış etdi. Ayrılanda bir neçə kitabınızı, o cümlədən, sizin haqqınızda professor B.Bağırovun yazdığı monoqrafiyanın içərisini yazaraq mənə hədiyyə verdiniz.

Kitabları oxudum. Ürək sözlərimi yazmaq fikrinə düşdüm. Yoldaşlar bilirlər ki, mənə verilən kitabları oxuyuram və sonra təəssüratlarımı qeyd edib oxucularla bölüşürəm.

Uşaqların təhsil, hərbi xidmət problemləri ilə bağlı qeydlərim kağız üzərində qaldı. Etiraf edim ki, sonralar da ailə-məişət qayğıları həmin fikri unutdurdu.

Bugünlərdə "Özümü axtarıram" (Bakı 2015) adlı kitabınızı mənə hədiyyə etdiniz. Kitabı çatan kimi diqqətlə oxudum. Sizinlə görüşən zaman kitab haqqında təsərrüfümü şifahi qeyd etdim. Fikrimin sonunda "Kitab xoşuma gəldi. Qeydlərim var. Bir yazı hazırlamaq fikrindəyəm" dedim:

Yenə qayğılar və son bir neçə ay ağrımağım yazının gecikməsinə səbəb oldu. Düzü, dəfələrlə kitabı yenidən vərəqləyib qeydləri yazıya çevirmək istəsəm də, ağrı imkan vermədi. Bu gün bu qeydləri yazanda hesablayıram ki, bu yazı təxminən 20 ilə yaxındır yol gəlir. Görünür yazılarında maraqlı taleləri olurmuş. Nə bilim...

Xəzangül xanım!

Təxminən üç ilə yaxındır ki, AYB-nin Gəncə bölməsinə rəhbərlik edirsiniz. Bu müddət ərzində sizin rəhbərliyiniz ilə keçirilən bir çox tədbirlər və hər həftənin V günü yazarların toplantısı zamanı müşahidələrimə əsasən deyə bilərəm ki, incə ruhlu şairliyinizdən əlavə, yaxşı rəhbər, yaxşı yoldaş və gözəl dostsunuz.

Siz Gəncə Ədəbi Birliyinə rəhbər olandan sonra Gəncə Ədəbi Birliyində böyük bir canlanma əmələ gəlib.

Birlikdə tez-tez keçirilən yeni kitabların təqdimatları qələm yoldaşlarda yaradıcılığa olan həvəsin göstəricidir.

Bunları xatırlamaqda məqsədim nə sizi tərifləməkdi, nə də yarınmaqdı. Allaha şükür, bizim bir-birimizdən elə bir asılı işimiz yoxdu. Sadəcə olaraq yaxşı işi görüb ona qiymət vermək hər bir insanın insanlıq borcudur.

Təbii ki, ağız büzənlər də olur. Buna da təbii baxmaq lazımdır. Çünki pis olmasa, yaxşı qiymətini ala bilməz.

Pis yaxşının, çirkin gözəlin meyarı, ölçüsüdür.

Çox az qələm adamlarının şəxsiyyəti ilə yaradıcılığı üst-üstə düşə bilir. Yaradıcılıqla şəxsiyyət bir-birini tamamlayanda bütövlük yaranır. Bu bütövlüyü də Tanrı hər adama qismət etmir. Ədəbi mühitə rəhbərlik etdiyiniz bu zaman kəsiyində hələ bir adamın xətrinə dəyməmisiniz. Yoldaşlar arasında səmimiyyət yarada bilmisiniz. Hamını səbrlə dinləməyi bacarırsınız. Hətta bəzi vaxtlar, müəyyən gərginlik yarananda-adətən qələm adamları emosinal olurlar - həmin gərginliyi səbrlə, xoş ovqatla əvəzləmə bacarığınız, həmin anda dodaqlarınızdan nazikcə sıyrılan istehzalı təbəssümü yəqin çoxları hiss etmir. Mənə elə gəlir ki, o istehzanın sıyrılması özü ilə birgə içərinizdə yaranmış qığılcımın boşalmasıdır. Bəlkə də bu uzun illər qazandığınız təcrübədən və dərin poetik duyğulardan doğulur.

İndi isə "Özümü axtarıram" kitabınızın məndə oyatdığı bəzi təəssüratları siz və oxucularla bölüşmək istəyirəm.

Kitabın adı çox şey deyir. İnsan ömrü boyu özünü axtarır. Bu axtarışda insan özünü dərk etdikcə müdrikləşir. Mən kitabın adında bir təvazökarlıq görürəm. Özünü axtarmaq "Bir ondan razıyam ki, özüm özümdən narazıyam" deyən şairlə fikriniz üst-üstə düşür.

Axtarıram hər an özümü, Allah,
Yalanlar içində düzümü, Allah.
Sən mənə verginən dözümü, Allah,
Qarışıq dünyada tapsam izimi,
Bəlkə görə biləm, bəlkə özümü.

Dünya elə qarışıb ki, şair düz sorağı ilə  səfərə çıxsa da, istəyinə nail ola bilmir. Bu qarışıqlıqda yeganə çıxış yolunu Allaha sığınmaqda görür və Tanrıdan dözüm diləyir. Qarışılıqda izini-özünü axtarır. Amma ümidini itirmir.

Birisi telindən oxşayır mənə,
Başqası əlindən oxşayır mənə.
O biri çölündən oxşayır mənə,
Neynim dolaşıb dünya gəzimmi?
Bəlkə tapa biləm, bəlkə özümü.
                 
"Yetimə vurulan silləyəm bəlkə" deyən Xəzangülün içində incə, zərif duyğular var. Həmin incəlik şairi oxşarlarından tamamilə fərqləndirir. Oxşarlar yalanları, iki üzlükləri, fırıldaqları ilə təbiətdən, cəmiyyətdən daha çox qopartmağa çalışdıqları halda, Xəzangül isə təbiət və cəmiyyətin daha çox qayğıya ehtiyacı olduğunu düşünür. Bax burda şair oxşarları ilə, daha doğrusu yaşadığı cəmiyyətin bir çox üzvləri ilə razılaşa bilmir. Son misrada:

- Tanrı dərgahına tutdum üzümü,
Tapa biləcəyəmmi görən özümü
- deyərək Yaradana pənah aparır.

Tapmısan özünü, şair! Sual edə bilərsiniz harada? Şeirlərinizdə. O şeirlərinizdə ki, hər bir misra içinizdən gəlib. O şeirlərinizdə ki, hər biri oxucu mənəviyyatında bir saflıq yaradır, vətənə məhəbbət hissi aşılayır, təmiz sevgiyə və insanlığa bir çağırış duyğusu yarada bilir. Bax, bu ruhda yazdığınız şeirlərinizdə izinizi görüb özünüzü tapmağınıza inana bilərsiniz. Bu cür tapıntıyla içinizdə qürurlanmağa haqqınız var. Oxucu kimi mən buna şübhə etmirəm.

Ey...
Ağ kəhərin belində,
Qantarğası əlində,
Oturan igid.
Görürsənmi, o ağ kəhərin
buğlanan  nəfəsini,
o buğla birlikdə,
Haraylar qoparan kişnərtisini?
Əsl at istəyini
at səsini.

"Yaxşı yol" şeiri süjetli olmaqla bərabər, bir çox məsələlərə toxunulub. Çoxlarından, xüsusən atın belində oturmuş oğlandan fərqli olaraq, siz ata başqa yöndən yanaşmısınız. Atın gözəlliyi ilə bərabər, at istəyi, at həsrəti çox canlı verilmişdi.

Gəl yapışma yəhərə,
Düş yerə.
Azadlığı cilovlamaq olarmı?
Bu cilov, buxovunla
At atlıqda qalarmı?

Misralardan göründüyü kimi, şairin arzu və istəyi azadlıqdır. Əsarətə dözməyən şair ürəyi adi bir heyvan olan atın timsalında hər bir canlıya, o cümlədən, əsarətdə yaşayan ölkələrə, insanlara azadlıq istəyir.

Vaxtı ilə Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə qələmi ilə qoşulan şairin "Yaxşı yol" şeirində oxuduğu azadlıq nəğməsi hələ sona yetməyib. Şeir bu gün də öz aktuallığını itirməyib.


Görünə-görünə görünməz oldum,
Dilim üsyan etdi, lal, dinməz oldum.

Və yaxud:

Baş aça bilmirəm, sirr üstə sirəm,
Yerə naməhrəməm, göyə əsirəm -

deyən şairin fikri çox maraqlıdır. Burda biz iki Xəzangüllə qarşılaşırıq. Biri hamı ilə görüşən, hal-əhval tutan Xəzangüllə, digəri isə görünməyən Xəzangüllə. Görünməyən Xəzangülü görmək üçün gərək yaradıcılığı ilə tanış olmaqla bərabər onun ruhuna yaxın olasan. Bizi maraqlandıran görünməyən Xəzangüldü. O Xəzangül ki, sevincini və ağrı-acısını poetik şəkildə oxucularına çatdırır. Xəzangül yaradıcılığında Göyə sığınmaq, Göyə pənah aparmaq, Göyə aşiqlik özünü göstərir. Özü yerdə yaşasa da, Yerə naməhrəm olduğunu qeyd edir. Yaşadığı cəmiyyətin neqativ hallarını görən şair ümidini göyə bağlayır və təsəllisini orda tapıb ovunur.

Böyük rus şairi Puşkinin "Xəyal yeganə cənnətdir ki, orada təqib olunmuruq" fikri Xəzangül yaradıcılığının ideyası ilə bir nöqtədə görüşür. Xəzangül də daxili rahatlığı üçün göylərə qısılır və göy qızı olur.

Göy üzünün buluduna qoşulub,
Göy üzündən dərd axıdan yaş olub,
Kədərimlə Yer üzünə boşalıb,
Külək olub saçlarımı yolaydım.

Şairin bənzətmə və arzusu diqqət çəkir.

Bütün sənət adamaları kimi Xəzangül də yaradıcılığında ümumibəşəri mövzu olan məhəbbətdən yan keçməmişdir.

Başqa qələm sahiblərindən fərqli olaraq, Xəzangülün yaradıcılığında Aşiqdə, Məşuqda, sevəndə, seviləndə Xəzangüldü.

Mən könlümü Xəzangülə verirdim.

Və yaxud:

Dönə-dönə ürək verdim özümə.
Sonra Xəzangülüm gəlib girər yuxuma

- və başqa nümunələr fikrimizin reallığına sübutdur.

Kitabda "Gəlmişəm, qızın olmağa" şeirində kövrək xatirələr qoynunda gəncliyini soraqlayan şair özü ilə bərabər, oxucusunu da kövrəldir.

Xəzangül xanım, bu yazı "Özümü axtarıram" kitabınız haqqında qısa qeydlər, bir oxucu kimi "Özümü axtarıram" kitabı barədə ilkin təəssüratlarım idi! Qane etməsə, üzrlü saymağınızı istərdim.

Sizə uzun ömür, can sağlığı və yeni yaradıcılıq uğurları arzulayıram.

Fazil SƏNAN

 





04.07.2017    çap et  çap et