525.Az

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı


 

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı <b style="color:red"></b>

Tar və idmanın vəhdəti 

"Qardaşımla birgə məşqə baxmağa gəlmişdim. Baş məşqçi eynəkdə olduğumu gördü və məni məşqə çağırdı. Elə özüm də həvəsli idim. İstəyirdim ki, hansısa nailiyyətim olsun".

Bunu Sumqayıt Paralimpiya Kompleksində cüdo ilə məşğul olan 12 yaşlı Bilal Abdullazadə deyir. 3 ildən çoxdur ki, səylə çalışan yeniyetmə idmançı artıq ilk nailiyyətinə də imza atıb. O, Paralimpiya Festivalında mükafatçılar sırasına düşməyi bacarıb. Eyni zamanda, Sumqayıt Musiqi Kollecində təhsil alan Bilal ifa etdiyi tarın həzin səsi ilə insanların zövqlərini oxşayır.

Ona təkcə cüdonun sirlərini yox, vətənpərvərliyi də aşılayırlar. Deyir ki, məşqə gələndə zaldakı üçrəngli bayrağımıza baş əyərək, salamlaşır, gedəndə isə eyni qaydada sağollaşırlar. Özü isə beynəlxalq yarışlarda yüksək nəticə göstərərək, bayrağımızı ucaltmağı, himnimizi səsləndiməyi hamıdan çox istəyir.

Bu zalda Bilalın öyrənəcəyi, nümunə götürə biləcəyi o qədər məşhurlar var ki... İkiqat paralimpiya çempionu İlham Zəkiyev, paralimpiya çempionu Ramil Qasımov, paralimpiya mükafatçıları Tofiq Məmmədov, Ramin İbrahimov və Kərim Sərdarov, çoxsaylı dünya və Avropa çempionları yığma komandanın baş məşqçisi İbrahim İbrahimovun rəhbərliyi altında hazırlaşırlar. 

"Gənclərə tövsiyəm budur ki, heç vaxt məğlubiyyətlə barışmasınlar" 

T.Məmmədov da böyük qardaşının sayəsində cüdo ilə məşğul olmağa başladığını deyir. O, daha gec - 21 yaşında ikən tatami üzərinə ayaq bassa da, 2008-ci il Pekin Yay Paralimpiya Oyunlarının gümüş mükafatçısı olub. Təcrübəli paralimpiyaçı hesab edir ki, idmançı üçün yaşın fərqi yoxdur: "Gənclərə tövsiyəm odur ki, iradəli, dözümlü olsunlar, böyük səylə çalışsınlar və qarşılarına məqsəd qoysunlar. Heç vaxt məğlubiyyətlə barışmasınlar. İnsanda ikinci ruh deyilən bir şey var. İnsan görməyə də, əlil ola da bilər. Əsas məsələ odur ki, insanın ruhu sağlam olsun. Bunun sayəsində nəticələr də olacaq".

İdmanla məşğuliyyət və nailiyyətləri onun həyat tərzini və yaşayış şəraitini də dəyişib. Deyir ki, cüdoya gələnədək sıxıntıları həqiqətən də çox olub. Lakin artıq hər şey yoluna düşüb: "Buna görə Milli Olimpiya Komitəsinin rəhbərliyinə və yığma komandanın baş məşqçisi İbrahim İbrahimova minnətdaram. Cənab Prezidentin diqqət və qayğısı sayəsində biz də nəticələr göstəririk. Əsas nümunəni bizim fəxrimiz, nəinki Qafqazda, bütün dünyada məşhur olan ikiqat paralimpiya çempionu İlham Zəkiyevdən götürürük". 

İlham Zəkiyev: "Əvvəlcə əlil idmançı özünə qalib gəlməyi bacarmalıdır" 

Doğrudan da nümunə götürməyə dəyər. Hərbi xidmət zamanı erməni snayperinin gülləsinə tuş gələn İlham Zəkiyev hər iki gözünü itirib. Bundan sonra tərxis olunaraq, cüdonun sirlərini öyrənməyə başlayan 37 yaşlı idmançı ikiqat paralimpiya çempionluğundan əlavə, eyni sayda dünya, 5 dəfə Avropa çempionluğu əldə edib. O, "Bakı 2015" I Avropa Oyunları zamanı 26 iyun - Milli Ordunun yaranma günündə qızıl medal qazanmağı bacarıb. "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında isə təcrübəli cüdoçu bürünc medala yiyələnib. Martın 3-də keçirilmiş hesabat-seçki konfransında isə İ.Zəkiyev Milli Paralimpiya Komitəsinin (MPK) vitse-prezidenti seçilib.

Saysız-hesabsız nailiyyətlərinə baxmayaraq, o, yenə də məşqlərini davam etdirir. Deyir ki, vitse-prezident olması idmançı karyerasını bitirməsi demək deyil. Məşhur paralimpiyaçının fikrincə, özünə qalib gələ bilməyən əlil idmançı heç bir qələbədən danışa bilməz: "İnsan idmanla öz iradəsi ilə məşğul olmalıdır. Əvvəlcə zəhmət çəkmək lazımdır, sonra isə qələbələr mütləq olacaq. Şəxsən mən 2002-ci ilin noyabrından məşqlərə başlamışam. Həmin vaxt 22 yaşım var idi, çətin günlər keçirirdik, komandada tək idim. 2004-cü il Afina Yay Paralimpiya Oyunlarındakı qələbədən sonra bu sahəyə axın artdı. Buna qədər tanımırdılar, insanların paralimpiya hərəkatından xəbərləri yox idi. Artıq 4 il sonra növbəti olimpiadada paracüdo üzrə kişilərin yarışında tam heyətlə çıxış etdik. 7 çəki dərəcəsinin hər birində idmançı aparmışdıq. Nəticədə Pekindən 1 qızıl, 2 gümüş və 1 bürünc medalla qayıtdıq".

"Valideynlər əlil uşaqlarından utanmamalı, onları evdə gizlətməməlidirlər" 

2013-cü ildə dünyada ilk dəfə məhz Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılıb. Məqsəd odur ki, təcrübəli paralimpiyaçılar karyeralarını bitirdikdən sonra onları əvəzləyənlər olsun. İ.Zəkiyev 2020-ci il Tokio Yay Paralimpiya Oyunlarında çıxış etməyi hədəfləsə də, hesab edir ki, idmanda yaş, istər-istəməz öz sözünü deyir. Bu səbəbdən, o, əlil uşaqların idmana cəlb olunmalarını vacib sayır: "Bu uşaqlar cəmiyyətin ayrılmaz hissəsidirlər. Əlillikdən heç kəs sığortalanmayıb. Valideynlər əlil uşaqlarından utanmamalı, onları evdə gizlətməməli, cəmiyyətə inteqrasiya etdirməlidirlər. Bizim mütəxəssislər və məşqçilər uşaqları, əlillik dərəcələrinə uyğun olaraq, müvafiq idman növünə yönəldəcəklər. Kim bilir, bəlkə onların da aralarından dünya, Avropa, paralimpiya çempionları çıxacaq?!"

Sözsüz ki, idmanla məşğuliyyət hər bir fiziki qüsurlu şəxsin cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Lakin İ.Zəkiyevin fikrincə, təkcə idmanla iş bitmir. Evdə və ətrafda da insanlar dəstəklərini əsirgəməməlidirlər: "Uşaqlar idmana gələndən sonra sanki yenidən həyata qayıdırlar. Məsələn, paralimpiya çempionu Oluxan Musayevin ayaqları anadangəlmə yoxdur. O, əlil arabası ilə hərəkət edir. Ancaq Oluxan sağlam insanların edə bilmədiklərini edib. Mənəvi dəstək, ilk növbədə, ailədən gəlməlidir. Biz də üzərimizə düşən məsələlərdə gücümüz çatan dəstəyi göstəririk".

İ.Zəkiyev deyir ki, Azərbaycanda idmana və idmançılara, o cümlədən, paralimpiyaçılara qayğı birbaşa Prezident İlham Əliyevin adı ilə bağlıdır: "2008-ci ildə bizi Pekin Yay Paralimiya Oyunlarına yola salanda, ölkə başçısı hazırda məşq etdiyimiz Sumqayıt Paralimpiya Kompleksini bizə hədiyyə etdi. Hələlik bu, MDB ölkələri üzrə paralimpiya növlərinin inkişafı məqsədilə ayrıca inşa edilən ilk və yeganə idman qurğusudur. Burada hər bir növ əlilliyi olan insanlar məşq edə bilərlər. Çünki istənilən şəraitə malikdir".

İbrahim İbrahimov: "Komandada ən yaxın dostlarım tam görməyənlərdir" 

Paralimpiyaçı cüdoçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İbrahim İbrahimov isə Sumqayıt Paralimpiya Kompleksi açılan gündən çoxlu sayda valideynin onlara müraciət etdiklərini bildirir. O, əlil uşaqların idmana cəlb olunmaları, onların idmanla məşğuliyyətlərinə sevindiyini söyləyir: "Vaxt var idi insanlar əlil uşaqlarını evdən bayıra çıxarmağa utanırdılar. Amma "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında özünüz də şahidi oldunuz ki, hətta arabada olan idmançılarımız ən yüksək nəticələr göstərdilər. Eyni zamanda, fiziki qüsurlu idmançılarımız Avropa və dünya çempionatlarında, Yay Paralimpiya Oyunlarında iştirak edirlər. Artıq dünyada öz sözlərini deməyi bacaran İlham Zəkiyev, Oluxan Musayev və Oleq Panyutin kimi yüksək səviyyəli paralimpiyaçılarımız var. Digər əlil insanlar da onlara baxaraq, idmana gəlirlər".

Baş məşqçinin sözlərinə görə, cüdo ilə məşğul olmaq üçün müraciət edən görmə qüsurlu uşaqlar tatami üzərində çalışdıqca həyatda da dəyişirlər. Bu isə onların həyata hədsiz dərəcədə bağlı olmalarından irəli gəlir: "Onlar o dərəcədə həyata bağlı, böyük arzularla yaşayan insanlardırlar ki... Halbuki ilk dəfə məşqə qatılarkən, çox pessimist olurlar. Elə idmançılarımız var ki, Azərbaycan bayrağını ümumiyyətlə görməyiblər. Amma onlar görən insanlardan da hissiyyatlıdırlar. Komandada ən yaxın dostlarım tam görməyənlərdir. Mən çətinliklə nəfəs alanda da hiss edirlər ki, nə isə problem var".

İ.İbrahimovun sözlərinə görə, Milli Paralimpiya Komitəsinin gördüyü iş əlil insanları həyata inteqrasiya elətdirməkdən ibarətdir. Bu məqsədlə Uşaq Paralimpiya Komitəsi indiyədək əlil uşaqlar arasında iki idman festivalı keçirib: "Sumqayıt Paralimpiya Kompleksinə yüzlərlə, minlərlə müraciət edən insan var. Rayonlardan, bölgələrimizdən bura daha çox gəlirlər. Burada yaşayış şəraitimiz olmasa da, çalışırıq ki, həmin insanları da ümidsiz buraxmayaq. Həmişə valideynlərə müraciət edirəm ki, əlil insanları evdə saxlamayın. Gətirin!" 

"Bizim cəmiyyətdə heç bir ayrı-seçkilik yoxdur" 

"Bakıda 2015-ci ildə keçirilmiş I Avropa Oyunlarında və 2017-ci ildə təşkil olunmuş IV İslam Həmrəyliyi Oyunlarında paralimpiyaçılar da yarışdılar. Avropa Oyunlarında yalnız paralimpiyaçı cüdoçular mübarizə aparırdılarsa, İslamiadada paralimpiyaçı atletlər də çıxış etdilər. Nəticədə Azərbaycan paralimpiyaçıları ilk yarışda 3 medal qazandıqları halda, ikincisində 24 medala sahib oldular. Bunlardan 11-i cüdonun, 13-ü isə atletikanın payına düşdü.

İ.İbrahimovun fikrincə, idmançılarımızın ümumilikdə qazandıqları 162 medaldan 24-nün paralimpiyaçıların aktivinə yazılması fərəhləndirici haldır: "Bunlar onun nəticəsidir ki, Milli Paralimpiya Komitəsi işini Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və federasiyalarla birgə düzgün qurur. Biz də əlimizdən gələni edirik. Belə bir kompleksin işləməsi, Milli Paralimpiya Komitəsinin köməyi, ən əsası, dövlət qayığısı nəticəsində nailiyyətlərə imza atırıq".

Təcrübəli mütəxəssis daha bir vacib məqama diqqət çəkir. Deyir ki, paralimpiyaçılar nəticə göstərdikcə, maddi vəziyyətlərini də xeyli yaxşılaşdırırlar: "Onlar işlə təmin olunur, yüksək maaş alır, özlərinə şərait qururlar. Vaxtilə həyatdan təcrid olunmuş atletlərə bu gün hər cür şərait yaradılıb. Hamısı evlə, avtomobillə, yüksək maaşla, olimpiya təqaüdü ilə, eləcə də Heydər Əliyev Fondundan yüksək təqaüdlə təmin olunublar. Geyimlə təminat, təlim-məşq toplanışlarında iştirak sarıdan da problemləri yoxdur. Bunların hamısı böyük stimuldur. Yəni, əlil idmançıların heç biri dövlət qayğısından kənarda qalmırlar. Doğrudan da bizim cəmiyyətdə heç bir ayrı-seçkilik yoxdur".

Elşən MƏMMƏDOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir

 





04.07.2017    çap et  çap et