525.Az

Ukrayna dərsləri - 1-ci hissə


 

Ukrayna dərsləri - <b style="color:red">1-ci hissə</b>

Ukrayna münaqişəsi bütün dünya, o cümlədən, MDB ölkələri üçün ciddi araşdırma predmetidir. Hər bir ölkə Ukrayna böhranından dərslər çıxarmağa çalışır.

Ukraynada böhran 2013-cü ildə Avropa İttifaqı ilə siyasi və iqtisadi sazişin bağlanması haqqında qərarın rəsmi Kiyev tərəfindən dayandırılması ilə vüsət aldı. Ukrayna hökuməti Avropa İttifaqı ilə sazişdən imtina qərarının ölkədə sənaye istehsalının azalması və MDB ilə münasibətlərin pisləşməsi səbəbindən verildiyini bəyan etdi. Ukraynanın Avropa İttifaqı ilə saziş bağlamasına qarşı çıxan Rusiya Ukraynadan idxalla bağlı qaydaları sərtləşdirdi. Bu, Ukraynaya qarşı ticarət müharibəsinin başlanması kimi qiymətləndirildi. 2013-cü ilin dekabrında V.Yanukoviç və V.Putin arasında imzalanan sazişə əsasən, Rusiya Ukraynadan 15 mlrd. ABŞ dolları məbləğində istiqraz almaq və Ukraynaya verilən Rusiya təbii qazının qiymətini aşağı salmaq öhdəliyi götürdü.

2010-2014-cü illərdə hakimiyyətdə olan V.Yanukoviçin dövründə Ukrayna Rusiya və Avropa İttifaqı arasında manevr edirdi. Daxili siyasi səbəblərdən V.Yanukoviçin Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirməsinə baxmayaraq, bu əməkdaşlıq Rusiya ilə əlaqələrin pozulması nəticəsində Ukrayna iqtisadiyyatının məruz qaldığı itkiləri kompensasiya etməyə qadir deyildi. Eyni zamanda V.Yanukoviç Rusiya tərəfinin təzyiqi altında idi. Bu təzyiq ilk dəfə Ukrayna mallarına ticarət maneələrinin yaradılması, sonra isə Ukraynanın "düzgün seçim” etməsi şərtilə yardım paketinin göstərilməsi yolu ilə həyata keçirildi. Məhz bu təzyiq amilləri V.Yanukoviçin Avropa İttifaqı ilə sazişi qəfildən dayandırmasına səbəb olmuşdu.

Avropa İttifaqı ilə sazişdən imtina qərarı və Rusiya ilə saziş imzalanması Kiyevin mərkəzində və ölkənin əksər regionlarında prezident V.Yanukoviçə qarşı kütləvi etirazlara səbəb oldu. Şərqi Ukrayna, əsasən, Rusiyaya istiqamətləndiyi halda, Qərbi Ukrayna Avropa İttifaqına inteqrasiya uğrunda çıxış edirdi.

Kütləvi etirazlar Rusiya və Ukrayna arasında böhranın katalizatoruna çevrilərək, 100-dən çox insanın ölümü, yüzlərlə insanın yaralanması ilə müşayiət olunan iğtişaşlara gətirib çıxardı. Etirazçılar fərqli siyasi yönümə malik olsa da, iğtişaşlarda həlledici rolu əsasən,  Qərbi Ukraynadan olan millətçi qruplaşmalar, o cümlədən "Sağ sektor” və "Azadlıq” partiyaları oynayırdı. Aİ rəsmiləri və ABŞ nümayəndələri etirazçılara dəstəyini ifadə edərək, müxalifət liderləri ilə görüşdülər. 

Moskva Karnegi Mərkəzinin direktoru Dmitri Treninin sözlərinə görə, ABŞ uzun müddət ideoloji və geosiyasi mülahizələrə görə Ukraynada qərbpərəst hərəkatları dəstəkləmiş və Kremlin Avrasiya inteqrasiyası cəhdlərinə şübhə ilə yanaşmışdır. Vaşinqton üçün Ukraynanın Rusiyanın nüfuz dairəsində qalması qəbuledilməz olduğundan, ABŞ qərbyönümlü qüvvələrin Kiyevdə hakimiyyətdə qalmasını dəstəkləyirdi.     

2014-cü ilin fevralında Kiyevdə zorakılıq geniş vüsət aldı, millətçi "Sağ sektor” hərəkatı güclü hərbi qüvvə yaratdı. V.Yanukoviç müxalifət liderləri ilə danışıqlara başlamaq məcburiyyətində qaldı. 2014-cü il fevralın 21-də prezident V.Yanukoviç və müxalifət liderləri Ukrayna böhranının həllinə dair saziş imzaladılar. Bu sənəd, faktiki olaraq, V.Yanukoviçin məğlubiyyətini ifadə edirdi. Aİ üzvləri olan Fransa, Almaniya və Polşanın xarici işlər nazirləri sazişin imzalanmasında vasitəçi qismində iştirak edirdi.

Lakin radikal müxalifətçi partiyalar və "Sağ sektor” hərəkatı sazişi qəbul etmədi və prezident V.Yanukoviçin istefasını tələb etdi. Fevralın 21-də V.Yanukoviç Kiyevdən qaçdı. Fevralın 22-də Ukrayna parlamenti V.Yanukoviçin səlahiyyətlərini icra edə bilməməsini əsas gətirərək, onun vəzifədən kənar edilməsinə səs verdi.

Rusiya bu qərarın legitimliyini və yeni Ukrayna hakimiyyətini tanımadı. Fevralın 27-də məlum oldu ki, V.Yanukoviç Rusiya rəhbərliyinə onun şəxsi təhlükəsizliyini təmin etmək xahişi ilə müraciət etmişdir.

Avromaydan hadisələri, bir tərəfdən, hakimiyyətə yiyələnmiş müxalifəti dəstəkləyən rəsmi Kiyev, Qərbi və Mərkəzi Ukrayna, digər tərəfdən isə Rusiyanı dəstəkləyən Cənub-Şərqi Ukrayna arasında ziddiyyətlərin kəskinləşməsinə səbəb oldu. 2014-cü il fevralın sonu-martın əvvəllərində Cənub-Şərqi Ukrayna şəhərlərində ifrat sağ millətçi təşkilatlara qarşı, rus dilinin statusunun qorunub saxlanması uğrunda kütləvi aksiyalar vüsət aldı. Hökumət əleyhinə və rusiyapərəst şüarlar altında keçirilən aksiyaların radikallaşması nəticəsində Donetsk və Luqansk vilayətləri ərazisində dinc etirazlar tədricən silahlı qarşıdurmaya keçdi, Ukraynanın federallaşması şüarları isə regionların müstəqilliyi tələbləri ilə əvəz olunaraq, Donetsk və Luqansk xalq respublikalarının elan olunmasına gətirib çıxardı. Ukrayna rəhbərliyi separatçı çıxışları yatırmaq üçün antiterror əməliyyatının başlandığını bildirdi.

Martın 4-də Rusiya prezidenti V.Putin bildirdi ki, V.Yanukoviçi Ukraynanın qanuni prezidenti hesab edir, Ukraynada baş vermiş hadisələri isə antikonstitusison çevriliş və hakimiyyətin silahlı yolla ələ keçirilməsi kimi qiymətləndirir.       

Martın 12-13-də baş nazir Arseni Yatsenyuk ABŞ-a səfər edərək, B.Obama ilə danışıqlar apardı və BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək, Rusiyanı qoşunları Krımdan çıxarmağa çağırdı. Martın 13-də Ali Rada Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi xahişi ilə BMT-yə müraciət etdi. Parlament Rusiyanı təcavüzdə və Ukrayna ərazisinin bir hissəsini ilhaq etmək cəhdlərində ittiham etdi. Ali Rada habelə BMT-ni Krımdakı vəziyyəti təxirə salınmadan müzakirə etməyə çağırdı.

Bu dövrdə (2014-cü ilin fevral-mart aylarında) ən dramatik dəyişikliklər məhz Krımda baş verdi. V.Yanukoviçin devrilməsindən az sonra Krımda rusiyapərəst qüvvələr yerli hökuməti, parlamenti və yarımadanın infrastrukturunu öz nəzarətinə keçirdi. Krım Muxtar Respublikasının yeni yerli hakimiyyət orqanları Rusiyanın dəstəyi ilə Ukrayna hökumətinin etirazına və Qərb ölkələrinin təzyiqinə baxmayaraq, martın 16-da Krımın statusu haqqında referendum keçirərək, yarımada əhalisinə Ukrayna tərkibindən çıxmaq və Rusiyanın tərkibinə daxil olmaq barədə sualı cavablandırmağı təklif etdilər. Referendum göstərdi ki, seçicilərin əksəriyyəti Rusiyaya qoşulmağa tərəfdardır. Martın 17-də referendumun nəticələri və Müstəqillik Bəyannaməsi əsasında birtərəfli qaydada suveren Krım Respublikası elan olundu, Sevastopol xüsusi statusa malik şəhər kimi onun tərkibinə daxil oldu. Krım Respublikası və Sevastopol Rusiya Federasiyasına birləşmək istədiklərini bəyan etdilər. Rusiya referendumun nəticələrini və Krımın suverenliyini rəsmən tanıdı. Avropa İttifaqının üzvü olan dövlətlər və ABŞ referendumu qanunsuz hesab edərək, onun nəticələrini tanımadıqlarını bildirdilər.

Martın 18-də Moskvada Rusiya Federasiyası və Krım Respublikası arasında Krım Respublikasının və Sevastopolun federasiya subyektləri qismində Rusiya tərkibinə qəbul edilməsi haqqında müqavilə imzalandı.

Ukrayna rəhbərliyi ölkə üçün yarımadanın itirilməsi ilə başa çatmış Krım hadisələrini Rusiyanın təcavüzü kimi qiymətləndirir. Hazırda Ukrayna və əksər beynəlxalq təşkilatlar Krımın Rusiyaya birləşdirilməsini tanımır, Krım yarımadasını və Sevastopolu Ukraynanın müvəqqəti işğal olunmuş ərazisi hesab edir.

2014-cü ilin aprelində Ukraynanın şərqində yeni Ukrayna hökumətinə qarşı kütləvi etirazlar Ukrayna silahlı qüvvələri, könüllü hərbi birləşmələr və üsyançı dəstələri arasında silahlı münaqişəyə çevrildi. Ukrayna rəhbərliyinin rəsmi mövqeyinə görə, Ukraynada separatçılıq Rusiya tərəfindən məqsədyönlü şəkildə qızışdırılır, bir çox radikal "üsyançı” isə Rusiyadan gələrək Ukrayna ərazisində təxribatçı fəaliyyətlə məşğul olan şəxslərdir.

Ukrayna, ABŞ, bir sıra digər dövlətlər, habelə NATO, Avropa Şurası, ATƏT PA və Avropa İttifaqı Rusiyanı münaqişəyə müdaxilə edərək, üsyançıların tərəfində döyüş əməliyyatlarında nizami qoşunlardan istifadə etməkdə, "üsyançılar”a silah və maliyyə dəstəyinin göstərilməsində ittiham edir. Rusiya rəhbərliyi döyüş əməliyyatlarında iştirak və üsyançılar”a silah göndərilməsi ilə bağlı ittihamları rədd edir.

2014-cü il aprelin 7-də başlanmış münaqişə Rusiya-Ukrayna münasibətlərində böhranın daha da kəskinləşməsinə səbəb olmuşdur. Sonradan münaqişənin diplomatik vasitələrlə həllinə cəhdlər göstərilsə də, böhranın tam və qəti həllindən danışmaq mümkün deyildir.

BMT-nin 2016-cı ilin sonuna olan məlumatına görə, Ukraynanın şərqində münaqişənin qurbanlarının sayı 32 856 nəfərə çatmışdır, o cümlədən 10 056 nəfər həlak olmuşdur.1,5 mln. insan münaqişə zonasından digər ölkələrə qaçmışdır. 

Ukrayna münaqişəsindən söz açarkən iki başlıca məqamı vurğulamaq vacibdir.

Birincisi, Ukrayna tarixi və dil amillərinə, habelə mövcud vəziyyətinə görə bölünmüş ölkədir. Şərqi Ukrayna və rusdilli əhali ölkənin Avropa İttifaqına üzv olmasına rəğbət göstərmir. Hələ 2013-cü ilin dekabrında İFES tərəfindən aparılan sorğu göstərmişdi ki, ukraynalıların 37 %-i Avropa İttifaqına üzvlüyü, 33 %-i isə Rusiyanın başçılıq etdiyi Gömrük İttifaqına qoşulmanı dəstəkləyir. Lakin regionlarda fərqlər daha kəskin təzahür edir. Qərbi Ukraynada əhalinin 73%-i Avropa İttifaqına üzvlüyü və yalnız 5%-i Gömrük İttifaqını dəstəkləyir. Cənub regionunda 62% Avropa İttifaqını və 14% Gömrük İttifaqını dəstəkləyir. Şərqi Ukraynada isə bu göstəricilər müvafiq surətdə 46% və 20% təşkil edir.

İkincisi, Ukrayna iqtisadiyyatı ciddi problemlərlə üzləşir. Regionlar arasında da iqtisadi vəziyyət fərqlidir. Şərqi Ukraynada, xüsusilə Donetsk ətrafında sənayenin yüksək təmərküzləşməsi müşahidə olunduğu halda, Qərbi Ukraynada kənd təsərrüfatı daha çox inkişaf etmişdir. ÜDM artımı, adətən, Kiyev və Şərqin sənaye rayonları hesabına təmin olunur.

Ukrayna-Rusiya münaqişəsinin səbəblərini araşdıran D.Trenin qeyd edir: "Rusiyaya görə, Ukrayna iki onillik boyunca Rusiyanın enerji daşıyıcılarının Avropaya tranzitinə problemlər yaradan etibarsız ölkə olmuşdur... İndi isə Ukrayna qəfildən Qərbyönümlü elitanın və Rusiya əleyhinə çıxış edən millətçilərin koalisiyasının başçılıq etdiyi ölkəyə çevrilmişdir...Ölkə qısa müddətdə NATO-ya üzv olmağa çalışır. Putin Kiyevin Atlantik alyansında mümkün iştirakı halında fəaliyyət planını işə salmışdır”.  

D.Treninin fikrincə, böhran başlandıqdan sonra Moskva iki məqsəd güdürdü. Birincisi, Krımın yeni hakimiyyətin üzünə bağlanması. Bu məqsəd nisbətən tez, yarımadada referendumun təşkili və Krımın, habelə Sevastopolun Rusiyaya birləşdirilməsi yolu ilə həyata keçirildi. İkinci məqsəd bu ölkədə Qərbi Ukraynanın hökmranlığına son qoyacaq federal tənzimləmənin əldə edilməsindən ibarət idi. Bu, NATO-ya üzvlük istiqamətində hər hansı hərəkəti çətin və hətta qeyri-mümkün edərdi.       

Krım böhranı ilə əlaqədar Rusiyanın Ukrayna siyasətinin hüquqi cəhətlərinə toxunmaq zəruridir. Qərb Rusiyanı Krıma qanunsuz müdaxilədə və onun ilhaqında ittiham etmişdi. Bununla əlaqədar qeyd olunmalıdır ki, Rusiya və Ukraynanın ərazi bütövlüyü ilə bağlı hüquqi öhdəlikləri bir sıra ikitərəfli və çoxtərəfli sənədlərdə təsbitini tapmışdır. 1994-cü ildə nüvə silahının yayılmaması haqqında Müqaviləni imzalamağa razılıq müqabilində Ukraynaya təhlükəsizlik təminatlarının verilməsi məqsədilə Budapeşt Memorandumu imzalanmışdı. Sovet nüvə silahından imtina qarşılığında ABŞ, İngiltərə və Rusiya Ukraynanın müstəqilliyinə və mövcud sərhədlərinə hörmət etmək öhdəliyi götürmüşdü. 1997-ci ildə Rusiya və Ukrayna arasında imzalanan Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında Müqavilə tərəflərin münasibətlərini qarşılıqlı hörmət prinsipləri əsasında qurması şərtilə iki dövlət arasında sərhədlərin toxunulmazlığını bir daha təsdiqləmişdi.  

Əksər Qərb ölkələri bu sənədlərə istinad edərək, Rusiyanın Krıma təcavüz etdiyini bildirmişdir. Rusiya öz hərəkətlərini xaricdə olan vətəndaşlarının müdafiəsi və dəvət üzrə müdaxilə konsepsiyaları ilə əsaslandırır.

V.Matviyenkonun sözlərinə görə, Ukrayna ərazisində yaşayan rus azlığın müdafiəsi üçün müdaxilə zəruri idi. O, hərbi əməliyyatlar zərurətini Ukraynada yaşayan Rusiya vətəndaşlarının həyatına və təhlükəsizliyinə real təhlükənin mövcudluğuna istinadla əsaslandırmışdır. Lakin Rusiya Ukraynada rus azlığa qarşı pozuntulara dair heç bir konkret sübut təqdim etməmişdir.

Beləliklə, Rusiya vətəndaşlarının müdafiəsi məqsədi beynəlxalq hüquqla uzlaşmır. Buna görə də rusdilli əhaliyə münasibətdə hər hansı ciddi insan hüquqları pozuntularının olmaması humanitar mülahizələrə görə müdaxilə üçün əsas vermir.

Dəvət üzrə müdaxilə prinsipinə gəlincə, Rusiya Yanukoviçin Ukraynadan qaçmasından sonra onun Rusiyanı müdaxiləyə dəvət etdiyi məktubunu açıqlamışdır.Rusiyanın fikrincə, Yanukoviçin vəzifədən kənarlaşdırılması Ukrayna Konstitusiyasına zidd olduğundan, Yanukoviç qanuni prezident kimi xarici qoşunları müdaxilə üçün dəvət edə bilərdi. Lakin Yanukoviçin Ukraynadan qaçması və daxili dəstəyi itirməsi faktı beynəlxalq hüquqa görə onu Rusiyanı müdaxilə üçün dəvət etmək hüququndan məhrum edir.Buna görə də Rusiya qoşunlarının Krımda yerləşməsi Yanukoviçin müdaxilə haqqında dəvəti ilə əsaslandırıla bilməz, Ukraynanın ərazi bütövlüyünün pozulması və qanunsuz güc tətbiqi kimi nəzərdən keçirilməlidir. 

Yuxarıda qeyd olunduğu kimi, Ukrayna Rusiya üçün böyük strateji əhəmiyyətə malik bufer dövlətdir. 2013-cü ildən başlanmış böhranlı vəziyyət yalnız Rusiya-Ukrayna münasibətlərinə deyil, həm də Rusiyanın Qərblə münasibətlərinə təsir göstərmişdir. Rusiya-Ukrayna münaqişəsi soyuq müharibənin keçmiş iştirakçıları arasında yeni qarşıdurmaya təkan vermişdir. Bir çox ekspertlərin fikrincə, Ukrayna böhranı Aİ və Rusiya arasında Ukraynanın gələcək siyasi və iqtisadi yönümü uğrunda rəqabətin nəticəsidir.

D.Trenin göstərir ki, "böhranın kökləri həm Gürcüstan, həm də Ukrayna üçün NATO-nun genişləndirilməsi perspektivlərinə son qoymuş 2008-ci il Rusiya-Gürcüstan müharibəsinə gedib çıxır”.

Bu hadisələrdən Aİ və Rusiya fərqli nəticələr çıxarmışlar. Aİ "Şərq tərəfdaşlığı” proqramı vasitəsilə Ukraynanı beş digər keçmiş sovet dövləti ilə əlaqələndirməyə çalışırdı. Rusiya isə Ukraynanı Avrasiya Birliyinə cəlb etməyə can atırdı.    

Hazırda Qərbdə Kremlin Ukrayna ilə bağlı siyasi xətti, əsasən tənqidi qiymətləndirilir. Lakin bəzi tədqiqatçılar hadisələrə Rusiyanın mövqeyindən nəzər salmağa cəhd göstərirlər. Tanınmış amerikalı politoloq C.Mirshaymer "Ukrayna böhranında Qərb müqəssirdir” məqaləsində göstərir ki, böhrana görə ABŞ və onun avropalı müttəfiqləri məsuliyyət daşıyır. Rusiya Krımı ələ keçirməklə Qərbin Ukraynanı Rusiyanın orbitindən çıxarmaq və onun Qərbə inteqrasiyasına nail olmaq strategiyasına cavab vermişdir.

C.Mirshaymer vəziyyətin ABŞ və Aİ-nın rəsmi mövqeyindən kəskin surətdə fərqlənən təhlilini təqdim edir. O, Rusiyanın Ukraynada cərəyan edən proseslərə reaksiyasını geosiyasi baxımdan araşdırarkən, Kremlin Krımla bağlı hərəkətlərinin beynəlxalq hüquq baxımından qanunsuzluğunu mübahisələndirmir.

C.Mirshaymer göstərir ki, böhranın kökləri NATO-nun keçən əsrin 90-cı illərində bəyan etdiyi Şərqə doğru genişlənməsi strategiyasına gedib çıxır. Rusiyanın mütəmadi surətdə öz etirazını bildirməsinə baxmayaraq, NATO genişlənmə xəttini davam etdirdi. 2008-ci ildə alyans Gürcüstan və Ukraynanın üzvlüyə qəbul edilməsini mümkün hesab edirdi. Lakin bu ölkələrin NATO üzvü olması perspektivi Rusiyanın ciddi narahatlığına səbəb oldu. Rusiyanın Gürcüstana qarşı müharibəsi Moskvanın NATO-nun  bu planlarına aydın cavabı oldu. Lakin NATO və Qərb bu cavaba əhəmiyyət vermədi. NATO-nun genişləndirilməsi, Aİ-nın genişləndirilməsi və demokratiyanın irəliləyişi istiqamətində atılan addımlar və Moskvanın müqaviməti son nəticədə Ukrayna böhranına gətirib çıxardı.

Newtimes.az
Əlimusa İbrahimov
Siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi

 





05.07.2017    çap et  çap et