525.Az

Strateji məqsədlərə gedən yolun uğur ideologiyası


 

AZƏRBAYCANÇILIQ ÜMUMİ TƏRƏQQİ PROSESİNDƏ ÖLKƏMİZƏ DAVAMLI ŞƏKİLDƏ YENİ UĞURLAR GƏTİRİR, ONUN QARŞISINDA DAHA BÖYÜK PERSPEKTİVLƏR AÇIR

Strateji məqsədlərə gedən yolun uğur ideologiyası<b style="color:red"></b>

Azərbaycançılıq ideyasının təbliği 

Bu gün müasir Azərbaycanın malik olduğu ən böyük sərvətlərindən biri çoxmillətlilik, burada yaşayan müxtəlif xalqların vahid ailə kimi yaşamasıdır.

Bu, fenomen ölkəmizin mədəni genefonduna müsbət mənada böyük töhfələr verib və verməkdədir. Enyi zamanda, müxtəlif xalqların Azərbaycanda yaranan birgəyaşayış modeli indi dünya üçün ən nadir nümunələrdən hesab olunur. Xüsusən də dünyanın ən inkişaf etmiş ölkələrində, o cümlədən, Avropada, ABŞ-da milli etnik, dini zəmində zorakılıqların artması fonunda dünyanın xilası üçün Azərbaycan nümunəsinə ehtiyac daha da artır.

Bunu Azərbaycana gələrək buradakı tolerant mühitlə yerindəcə tanış olan əcnəbilərin dilindən də aydın eşitmək olar. Məsələn, bu günlərdə Azərbaycanda səfərdə olan "Bney Bris" yəhudi təşkilatının prezidenti Hari Saltzman qeyd edir ki, nadir tolerantlıq modelinə malik olan Azərbaycanın bu təcrübəsi dünyada geniş yayılmalıdır. 

Qayəsində vətəndaşlıq dəyəri duran ideya 

Ölkəmizdə bütün xalqların mehriban, qarşılıqlı anlaşma şəklində yaşamasının səbəblərinə gəlincə, bunun kökündə dayanan başlıca amillərdən biri qismində ötən əsrin son dekadasında tətbiq edilən azərbaycançılıq ideyasını xüsusi vurğulamaq lazım gəlir. Məhz bu ideya hər bir Azərbaycan vətəndaşını vahid amal, məqsəd, niyyət uğrunda birləşdirir, onları sözün əsl mənasında səfərbər edir. Yaranmasından qısa zaman keçməsinə baxmayaraq, azərbaycançılıq kifayət qədər möhkəm özüllər üzərində bərqərar ola bilib. Ən əsası isə bu ideya ölkə vətəndaşlarını monolit bir qüvvə kimi birləşdirə bilib.

Xatırlatmaq yerinə düşərdi ki, ötən əsrin 90-cı illərinin əvəllərində Azərbaycan növbəti dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra xaotik bir durumla üzləşmişdi. Həmin dövrdə hakimiyyətdə olanların səriştəsiz idarəçiliyi, yerlərdə yaranan hərc-mərclik, Dağlıq Qarabağ münaqişəsinin şiddətlənməsi, eləcə də kənardan olan təzyiqlər Azərbaycanın parçalanması həddinə kimi gətirib çıxarmışdı. Belə vəziyyətdə xalqın xilas üçün ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etməsi ilə vəziyyət dəyişməyə başladı. Xalqın parçalanmasına son qoymaq üçün Heydər Əliyev o dövrdə ideoloji zəmində müvafiq addımlar atılmasının vacibliyini kifayət qədər aydın görürdü. Elə bu fonda da o, ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri ətrafında birləşdirə biləcək azərbaycançılıq ideyasını irəli sürdü.

Ölkədə süni şəkildə yaradılan separatçılıq əhval-ruhiyyəsi qarşısında azərbaycançılıq ideyası keçilməz bir səddə, alınmaz bir qalaya çevrildi. Qayəsində, kökündə vətəndaşlıq dəyəri duran bu ideya yarandıqdan az sonra bütün Azərbaycanı vahid yumruq kimi birləşdirən ideoloji zəmin formalaşdırdı. Eyni zamanda, bu ideya dövlətçilik xəttində də inkişafın məhək daşlarından birinə çevrildi. Beləliklə, azərbaycançılıq məfkurəsi yeni inkişaf şəraitində dövlətçilik xəttinin də ideoloji əsasına çevrilərək cəmiyyətdə geniş şəkildə öz intişarını tapdı.

Bir məqamı da xüsusi olaraq vurğulmaq lazım gəlir ki, ikinci dəfə hakimiyyətə gəldikdən sonra xalqın birliyi üçün Heydər Əliyevin azərbaycançılıq ideyasını irəli sürməsi heç də təsadüf deyildi. Bu dahi şəxsiyyət hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik edəndə dəazərbaycançılıq məfkurəsinin daim ön planda yer almasına xüsusi diqqət yetirirdi. Məhz onun fəaliyyəti nəticəsində Azərbaycan dilindən istifadə dairəsi genişləndi, doğma dildə Azərbaycan ədəbiyyatında, musiqisində, kinosunda və digər yaradıcılıq sahələrində çoxsaylı əsərlər ərsəyə gəldi, milli-mənəvi dəyərlərini təbliği geniş vüsət aldı. Bu, yeni müstəqillik tarixində azərbaycançılıq ideyasının genişlənməsində az rol oynamadı. 

Azərbaycanlı kimliyi 

Ötən zaman həm də onu göstərdi ki, azərbaycançılıq ideyası ölkənin müstəqilliyinin qorunub möhkəmləndirilməsi, Azərbaycanın inkişafında yeni uğurlara imza atmasının da əsas  özülünü yaradıb. Demokratik inkişaf və hüquqi, sosial dövlətin qurulmasında da əvəzsiz əhəmiyyətə malik bu ideya milli həmrəyliyin məhək daşı sayılır. Elə bu da azərbaycançılıq ideyasının coğrafi sərhədləri aşaraq bu gün bütün dünyada yaşayan soydaşlarımızın, Azərbaycana bağlı insanların bir araya gəlməsini şərtləndirir.

Qloballaşmanın geniş vüsət aldığı şəraitdə dünyanın ən müxtəlif güşələrində yaşayan azərbaycanlıların assimiliyasiyaya məruz qalmasının qarşısını almaq baxımından bu amil çox böyük əhəmiyyət kəsb etməyə başlayır. Ən azından bununla dünyanın fərqli bölgələrində azərbaycanlı kimliyi yaşayır. Digər tərəfdən bu vəziyyətdə dünya azərbaycanlılarının etibarlı şəkildə təşkilatlanması həyata keçirilir.

Hazırda Azərbaycanın zorla cəlb olunduğu müharibə, Dağlıq Qarabağ münaqişəsinin davam etməsi fonunda isə dünya azərbaycanlılarının təşkilatlanması olduqca mühümdür. Ən azından bununla Azərbaycan həqiqətləri dünyaya çatdırılır, erməni lobbisinin ölkəmiz barədə yalanlarının dünya ictimaiyyətinə çatdırılmasının qarşısı alınır.

Təqdirləayiq haldır ki, ötən dövr ərzində bu istiqamətdə proseslər daha çox müsbət məcrada inkişaf edib. İndi dünya azərbaycanlıları öz sözlərini müxtəlif ölkə və təşkilatlarda layiqincə deyir, ermənilərin məkrli planlarını vaxtında ifşa edirlər. Bunun nəticəsidir ki, artıq erməni tərəfi beynəlxalq müstəvidə Azərbaycan diasporuna, diplomatiyasına məğlub olduqlarını açıq şəkildə etiraf edir. Vəziyyət daha böyük sürətlə ölkəmizin lehinə dəyişir.

Hadisələrin bu səpkidə inkişafı isə yuxarıda qeyd olunduğu kimi azərbaycanlıların artıq vahid bir amal, ideya ətrafında birləşməsindən qaynaqlanır. Bununla aydın görünür ki, sözügedən ideya həm də insanlarda vətənpərvərlik və dövlətçilik  ruhu aşılayır. Elə bu da təhlilçilər tərəfindən azərbaycançılıq ideyasının daha bir vacib tərəfi kimi dəyərləndirilir. Ruhunda, qəlbində bu ideyanı daşıyan şəxs əsl vətəndaşlıq mövqeyindən çıxış edərək Vətənin mənafelərinin uğurla təmin olunmasını prioritet missiyası kimi görür.

Bu mənada tam qətiyyətlə söyləmək olar ki, vətənpərvərlik və dövlətçilik azərbaycançılıq ideologiyasının mühüm əsasları sırasında yer alır. Məsələnin bu tərəfinə nəzər salan tədqiqatçılar belə qənaətə gəlir ki, azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətənpərvərlik mövqeyi dövlətin beynəlxalq müstəvidə mövqelərinin qorunması, möhkəmləndirilməsi baxımından olduqca vacib element qismində çıxış edir.

Bütün bunlar azərbaycançılıq ideyasının nə qədər böyük əhəmiyyət daşıdığını, müstəqil Azərbaycanın varlığının əsasında duran başlıca cəhətlərdən biri olduğunu çox aydın göstərir. Elə bu səbəbdəndir ki, yeni müasir tariximizdə azərbaycançılıq ideyası yaşayır, əhatə və təsir dairəsini davamlı şəkildə genişləndirir.

Bu xüsusda Milli Məclisin deputatı Nizami Cəfərov diqqəti ona yönəldir ki, xalq və dövlətimiz azərbaycançılıq ideologiyasının tətbiqini, müdafiəsini və inkişaf etdirilib təkmilləşdirilməsini indi həm də dünya miqyasında qaynar ideoloji proseslər kontekstində gerçəkləşdirir. Bu isə olduqca vacib məqamlardan sayılır. Nizami Cəfərovun sözlərinə görə, azərbaycançılıq ideologiyasının çağdaş təkamül mərhələsi özünəməxsus dinamizmi ilə zənginləşməkdə, milli ictimai şüurun əsaslarını müəyyənləşdirməkdə və Azərbaycan xalqının dünya birliyindəki  mövqelərini inamla yüksəltməkdədir. O, bu gün azərbaycançılıq ideyasının layiqincə yaşadıldığını bildirir: "Ümummilli lider Heydər Əliyevin tarixən, özünüdərk və təkamül məfkurəsi kimi formalaşmış azərbaycançılıq baxışlarını dövlət ideologiyası səviyyəsinə qaldırmış ulu sələfinin ideya-nəzəri irsini müstəqil dövlətin rəhbəri kimi İlham Əliyev yeni məzmun və çalarlarla zənginləşdirir. Azərbaycançılıq ideologiyasının təkamülündə  İlham Əliyev mərhələsi onun siyasi varisliyi qəbul etdiyi  vaxtdan başlayır, bizim günlərdə həm inamla, böyük enerji ilə, həm də miqyasını genişləndirərək və təkmilləşərək davam etməkdədir". 

Mühüm dövlətçilik təlimi 

Həqiqətən də bu gün azərbaycançılıq ideyası ətrafında dünya azərbaycanlılarının birləşməsi, tarixi vətənlərinə bağlılığı məsələsinə Prezident İlham Əliyev xüsusi diqqət yetirməkdədir. Milli ideologiya tipi kimi azərbaycançılığın genişlənməsi məsələsində tarixi əsaslandırma, təşkilatlandırma, istiqamətləndirmə kimi ünsürlədən məharətlə istifadə olunur. Prezident İlham Əliyev elə bu müstəvidə müasir dövrdə də azərbaycançılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi göstərir: "Bizi əsrlər boyu bir millət, bir xalq kimi qoruyan, saxlayan dəyərlərimiz olmuşdur. Bu gün bu məsələyə çox böyük diqqət göstərilir. Bu gün qloballaşan, çətinliklərlə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır".

Onu da xüsusi qeyd etmək lazım gəlir ki, bu gün azərbaycançılıq təkcə milli ideologiya yox, həm də dövlətçilik təlimi kimi qəbul edilir, tətbiq olunur. Belə dövlətçilik təlimi və onun əsasında qurulan dövlət nümunəsi həm Qərb, həm də Şərq aləmində qəbul olunur, alqışlanır. Eyni zamanda, bu nümünə nəticəsində Azərbaycan tarix baxımından çox qısa bir dövr ərzində əsrlərə bərabər inkişaf yolu keçməyi bacarır. 

Bu gün Azərbaycanımız dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələri sırasındadır. Hüquqi, demokratik dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə genişmiqyaslı islahatlar davam etdirilir. İnsan hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, Azərbaycanın dünya xalqları ailəsində nüfuzu artır. Bütün bunları şərtləndirən ümdə amillərdən biri məhz xalqın,  onun yaratdığı dövlətin ideoloji əsaslarının sağlam olmasıdır. 

Beləliklə, xalqın milli-mənəvi varlığının ilkin əlamətlərini, onun kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemi olaraq qəbul edilən azərbaycançılıq ümumi tərəqqi prosesində ölkəmizə davamlı şəkildə yeni uğurlar gətirir, onun qarşısında daha böyük perspektivlər açır. Məhz bu ideya Azərbaycanı müsbət rakursdan dünyaya tanıdır, onu mütərəqqi dəyərlərə, tolerantlığa, multikulturalizmə, etnik müxtəlifliyə malik olmasını beynəlxalq aləmə nümayiş etdirir.

Ölkəmizin müasir milli modernləşmə yolunda uğurla irəliləməsində dəazərbaycançılıq ideyasının töhfələri kifayət qədər böyükdür. Bu ideya yaşadıqca Azərbaycan daha da möhkəmlənəcək, güclənəcək və dünya birliyində öz layiqli yerini tutmaqda davam edəcək.

İbrahim CƏFƏROV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

 





06.07.2017    çap et  çap et