525.Az

Abel Məhərrəmov: "Bu il BDU-nu 4 minədək tələbə bitirib"


 

Abel Məhərrəmov: "Bu il BDU-nu 4 minədək tələbə bitirib"<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Qubanın II Nügədi kəndindəki Tədris-Təcrübə və İstirahət mərkəzində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən verilən xəbərə görə, iclas iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alıxanlı kəndini atəşə tutması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Quliyevanın həlak olması ilə əlaqədar dünya birliyinə çağırış edib, beynəlxalq hüquq normalarının Ermənistan tərəfindən kobud şəkildə pozulmasına ciddi reaksiya verilməsini tələb ediblər.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov iclasda respublikada təhsilə yüksək dövlət qayğısından, bu sahənin dinamik inkişafından söz açaraq, prezident İlham Əliyevin təhsilin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlardan bəhs edib. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə tanınmasında mühüm rol oynayan IV İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışlarının ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb.

A. Məhərrəmov rəhbərlik etdiyi ali məktəbdə elmin, təhsilin inkişafı istiqamətində reallaşdırılan layihələrdən, qazanılan uğurlardan söz açarkən, bu il universiteti 4 minədək tələbənin bitirdiyini, onlardan təxminən 400-nün fərqlənmə diplomuna layiq görüldüyünü diqqətə çatdırıb.

İclasda elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə BDU-nun publik hüquqi şəxs statusuna malik olan universitetə çevrilmə yolu ilə yenidən təşkili üçün qarşıda duran vəzifələr haqqında məlumat verib.

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva isə 2016-2017-ci tədris ilində Yekun Dövlət Attestasiyası və yay imtahan sessiyasının nəticələri, yay çöl-tədris və istehsalat təcrübələrinin keçirilməsi ilə bağlı çıxış edib.

İclasda BDU-nun Qazax filialının bir illik fəaliyyəti də müzakirə olunub. Filialın direktoru, professor Vüsət Əfəndiyev maddi-texniki bazanın, eləcə də infrastrukturun qurulması istiqamətində görülən işlər haqqında məlumat verib.

Elmi Şuranın iclasında elmi adların verilməsi, yay məktəblərinin təşkili, adlı təqaüdlərin verilməsi, tədris ilində xüsusi uğur əldə edənlərin mükafatlandırılması kimi məsələlərə baxılıb, o cümlədən, yubilyarlar təbrik edilib.

S.QARAYEVA

 





11.07.2017    çap et  çap et