525.Az

"Qanun pozuntusuna yol vermiş məsul şəxslər inzibati məsuliyyətə cəlb ediləcək"


 

"DÖVLƏT QULLUĞUNA DAİR QANUNVERİCİLİYİN TƏTBİQİNDƏ DÖVLƏT ORQANLARININ FƏALİYYƏTİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ" MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

"Qanun pozuntusuna yol vermiş məsul şəxslər inzibati məsuliyyətə cəlb ediləcək"<b style="color:red"></b>

Dünən Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi" mövzusunda konfrans keçirilib.

Tədbirdə Prezident Administrasiyasının, dövlət orqanlarının, yerli icra hakimiyyəti və məhkəmə orqanlarının, qeyri-hökumət təşkilatlarının rəhbər vəzifəli şəxsləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib ki, tədbirin keçirilməsində məqsəd iştirakçılara dövlət qulluğu sahəsində son islahatlar və yeniliklər, o cümlədən, dövlət qulluğuna dair qanunvericilikdə edilmiş dəyişikliklər barədə məlumat vermək, dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqi zamanı yaranan problemlər və onların həlli sahəsində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparmaqdır: "Dövlət qulluğuna qəbul sistemi çevik olmalıdır. Hər bir gəncə istədiyi sahədə öz karyerasını qurmağa imkan verilməlidir. Daha çox istedadlı gəncləri bu sahəyə cəlb etmək bizim əsas məqsədimizdir".

M.Abbaszadə dövlət qulluğuna dair qanunvericiliyin, o cümlədən, etik davranış qaydalarının düzgün tətbiqinin təmini və pozuntu hallarının aradan qaldırılması üzrə Dövlət İmtahan Mərkəzin görəcəyi tədbirlərlə bağlı məlumat verərək bildirib ki, qanunvericiliyin icrası vəziyyəti mütəmadi öyrəniləcək, pozuntu halları müəyyən edildikdə aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat veriləcək: "Bununla yanaşı, pozuntu halları barədə prezidentə məlumat veriləcək və təqdim olunacaq illik hesabata daxil ediləcək, pozuntuya yol vermiş məsul şəxslər inzibati məsuliyyətə cəlb ediləcək".

M.Abbaszadə vurğulayıb ki, dövlət qulluğuna qəbulla əlaqədar sınaq imtahanları və təlim prosesinin keçirilməsinə sentyabrdan başlamaq nəzərdə tutulur. Oktyabrda isə sertifikasiyaya aid olan yeni test imtahanının keçirilməsi nəzərdə tutulur: "İmtahanın necə keçiriləcəyi indi müzakirə edilir. Bu, kifayət qədər mürəkkəb prosesdir. Müxtəlif təsnifatlara aid olan ixtisaslarla bağlı hazırda müzakirələr aparılır. Təbii ki, bu modellə əlaqədar ilk hüquqi imtahan keçirməmişdən əvvəl dövlət qulluğu ilə bağlı sınaq imtahanları və təlimlər keçirəcəyik".

M.Abbaszadənin dediyinə görə, dövlət qulluğu üzrə yaradılmış reyestrə məlumat daxil etməyən vəzifəli şəxslər 300-600 manat cərimələnəcəklər. O qeyd edib ki, reyestrdə hər bir dövlət qurumundan məsul şəxslərin adları yer alır: "Bu vaxta qədər 130 məsul şəxs dövlət qulluqçularının informasiya sistemində qeydiyyatdan keçib. Məsul şəxsləri müəyyən etməyən dövlət qurumlarına bu işi qısa zamanda həyata keçirməyi, reyestrdə dövlət qulluqçuları ilə bağlı müəyyən səhvləri aradan qaldırmağı tövsiyə edirik. Bəzi qurumlarda elektron bazada dövlət qulluqçularının telefon nömrələri qeyd edilmir".

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov isə deyib ki, dövlət orqanlarında müddətli əmək müqaviləsi ilə iş zamanı sui-istifadə halları olur. Onun dediyinə görə, əgər dövlət orqanında vakansiya varsa, bu haqda DİM-ə məlumat verilməlidir. Qanunvericilikdə baş verən dəyişikliklərə görə, dövlət qulluğuna qəbulda fasilə yarandığını xatırladan B. Xəlilov qeyd edib ki, fasilə aradan qalxacaq.

Dövlət İmtahan Mərkəzinin (DİM) şöbə müdiri Vüqar Əsgərov dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi zamanı dövlət orqanlarında yol verilmiş pozuntular açıqlayıb. O bildirib ki, əsasən yerli məhkəmə orqanlarında staj və sınaq müddətinə riayət edilmir. O deyib ki, dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmə halları var: "Bundan başqa, Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə məlumatların vaxtında tam və dəqiq daxil edilməməsi, ilk və növbəti ixtisas dərəcələrinin verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməməsi, Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminə daxil edilmiş məlumatlarla dövlət qulluqçusunun əmək kitabçasına daxil edilmiş məlumatların uyğunsuzluq təşkil etməsi halları da aşkarlanıb".

V.Əsgərovun dediyinə görə, dövlət qulluğunda yüksək vəzifə (dövlət orqanında xidmət rəisi, aparat rəhbəri, şöbə müdiri vəzifələri) tutmaq istəyən şəxslər də müsabiqədən keçməli olacaqlar: "Dövlət qulluğuna qəbulda edilən digər mühüm dəyişiklik sertifikasiya sisteminin tətbiqi olub. Müsabiqənin test mərhələsindən uğurla keçən namizədə müvafiq sertifikat təqdim olunacaq. 5 il müddətində qüvvədə qalacaq bu sənəd namizədə bu müddət ərzində vakant vəzifələr üzrə elan edilən müsahibələrdə iştirak etməyə imkan verəcək".

S.QARAYEVA

 





11.07.2017    çap et  çap et