525.Az

Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısı keçirilir


 

TƏDBİRDƏ BEYNƏLXALQ TÜRK MƏDƏNİYYƏTİ VƏ İRSİ FONDUNUN PREZİDENTİ GÜNAY ƏFƏNDİYEVA MÜHAZİRƏ İLƏ ÇIXIŞ EDİB

Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının toplantısı keçirilir<b style="color:red"></b>

İyulun 11-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bişkek şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının “Gənc diplomatların dördüncü təlim proqramı”nda mühazirə ilə çıxış edib.

Fonddan verilən məlumata görə, mühazirə Türk dünyasına xas ortaq mədəni irsi, türkdilli xalqların paylaşdığı ümumi ənənə və dəyərləri, Türk dünyasının dahi şəxsiyyətləri, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv dövlətləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin UNESKO-nun Ümumdünya İrs Siyahısına və Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmiş maddi və qeyri-maddi mədəni irs nümunələri haqqında ətraflı məlumatı əhatə edib.

Çıxış zamanı G.Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, onun ümumtürk mədəniyyətinin qorunması və təbliğinə yönəlmiş layihə və tədbirləri barədə məlumat verib.

G.Əfəndiyeva Türk dünyasına xas dağıdılmış və mənimsənilmiş mədəni irs nümunələrinin mühafizəsinin və dünyaya tanıdılmasının fondun əsas fəaliyyət istiqəmətlərindən biri olduğunu iştirakçıların diqqətinə çatdırıb, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonunun işğalı nəticəsində Azərbaycanın bir çox abidələrinin, mədəniyyət və incəsənət nümunələrinin məhv edilməsini bütövlükdə Türk dünyasına zərbə kimi qiymətləndirib. Bu baxımdan, fondun dəstəyilə “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” kitabının hazırlandığı qeyd edilib.

G.Əfəndiyeva 4 iyulda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutulması nəticəsində Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olması ilə bağlı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən bəyanat verildiyini qeyd edib, Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyərək bütün beynəlxalq təşkilatları günahsız insanların, hətta azyaşlı uşaqların həlak olmasına layiqli qiymət verməyə, bu kimi hallar ilə mübarizə aparmağa və onların qarşısının alınması istiqamətində səylərini birləşdirməyə səslədiyini bildirib.
Mühazirə gənc diplomatlar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, təlim proqramında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına 4 üzv ölkədən - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən, eləcə də Macarıstandan olan gənc diplomatlar iştirak edirlər.

Xatırladaq ki, gənc diplomatların dördüncü təlim proqramı iyulun 16-dək davam edəcək.

Ceyhun ABASOV

 





11.07.2017    çap et  çap et