525.Az

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın sessiyasının yekunları barədə danışdı


 

Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın sessiyasının yekunları barədə danışdı<b style="color:red"></b> Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun Minskdə təşkil olunmuş 26-cı sessiyasının yekunları ilə bağlı mətbuat konfransı keçirib.
 
APA-nın məlumatına görə, nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova ermənilərin iyulun 4-də Füzulinin Alxanlı kəndində törətdikləri təxribatla əlaqədar ATƏT PA-nın sədri Kristina Muttonenə müraciət ünvanladığını söyləyib.

O qeyd edib ki, məktuba müvafiq sənədləri və şəkilləri də əlavə edib. Bütün ölkələrin parlamentlərarası dostluq qruplarına müraciətlərin təqdim edildiyini deyən B. Muradova, baş verənlərlə əlaqədar beynəlxalq səviyyədə məlumatlandırmanın davam etdirildiyini vurğulayıb. O, sessiya çərçivəsində İsveçdən olan parlamentar tərəfindən Şərqi Avropa ölkələri ilə bağlı hazırlanan qətnaməyə toxunaraq bildirib ki, bu sənədin qeyri-peşəkar hazırlandığı və qərəzli olduğu həmin şəxsin diqqətinə çatdırılıb: “Sənədin adı Şərqi Avropa ölkələri idi, amma konkret Rusiya və Belarus tənqid olunurdu. İki yerdə dəxli olmadan Azərbaycanın da adı çəkilirdi. Bu qətnamə layihəsi rədd edildi”.
 
B. Muradova Azərbaycanın təşəbbüsü ilə sessiya zamanı yaradılan ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun bir ilk olduğunu söyləyib.
 
Nümayəndə heyətinin üzvü Azay Quliyev isə bildirib ki, Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın iclaslarında Dağlıq Qarabağ məsələsini daim gündəmə gətirir: “Budəfəki sessiyada Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ məsələsi açıq şəkildə gündəmə gətirildi. Azərbaycan nümayəndə heyətinin sessiyada münaqişənin həllinə dair ilk çağırışı münaqişənin ilk növbədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipləri çərçivəsində həll olunması ilə bağlı idi. Ermənistanın sui-istifadə etdiyi öz müqəddəratını təyinetmə prinsipinə ATƏT PA açıq şəkildə qiymət verdi. Heç bil halda öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyü hesabına baş verə və sərhədlərin toxunulmazlığı, ölkələrin suverenliyi zədələnə bilməz. Bu, hesab edirəm ki, ən mühüm sənəd oldu. Bundan əlavə, orada ATƏT-in Minsk qrupunun fəaliyyəti tənqid edildi və danışıqlardan yayınan Ermənistanın qısa müddət ərzində danışıqlar masasına gəlməsi və nəticəyə söykənən dialoqun başlaması ilə bağlı fikirlər səsləndi. Qaçqın və məcburi köçkünlərin geri qayıtması ilə əlaqədar da çağırışlar edildi. Hesab edirəm ki, ATƏT PA bu sessiyada öz missiyasını yerinə yetirə bildi”.
 
Daha sonra nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Elşad Həsənov və Kamran Nəbizadə çıxış edərək sessiyanın fəaliyyətində nümayəndə heyətinin uğurlarından danışıblar.
 





11.07.2017    çap et  çap et