525.Az

Sönməyən ulduz...


 

Sönməyən ulduz...<b style="color:red"></b>

Tarix yalnız dahilərin xidmətləri sayəsində xatirələrə həkk olunur. Elə şəxsiyyətlər var ki, onların həyat və fəaliyyəti bütün xalqın, dövlətin inkişaf yollarını müəyyənləşdirir. Azərbaycan xalqı dünya tarixinə çox tanınmış insanlar bəxş edib. XX əsr bu baxımdan, dünyaya böyük lider töhfə verməklə əlamətdar oldu. Atatürk, Vaşinqton, Nehru, Şarl de Qoll kimi nadir tarixi simalar arasında Heydər Əliyev də xüsusi yer tutur.

O, Azərbaycan tarixinə çətin və keşməkeşli qurtuluş mübarizəsinin qəhrəmanı kimi düşüb. Heydər Əliyev tam öyrənilməmiş xəzinədir. Siyasi dünyası ucu-bucağı görünməyən okeana bənzəyir.

Azərbaycan tarixinin 50 illik dövrünü onun mübarizə yolu, böyük quruculuq işləri əhatə edir. 1982-ci ildə Sovetlər İttifaqının rəhbərlərindən biri olan Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda iri sənaye müəssisələrinin inşasına başlandı, iqtisadiyyatın, mədəniyyətin, elmin və başqa sahələrin inkişaf etdirilməsi istiqamətində mühüm layihələr gerçəkləşdirildi.

Heydər Əliyevin Kremldə güclü mövqe qazanması və nüfuzu Azərbaycana, bütövlükdə isə türk dünyasına düşmən kəsilən qara qüvvələrin çirkin məqsədlərinə çatmasına ən böyük əngəl idi.

1993-cü ildə xalqın istəyi ilə yenidən iqtidara gələn Heydər Əliyev Azərbaycanın müstəqilliyini möhkəmlətmək, unitar quruluşunu qorumaq uğrunda əzmlə mübarizə apardı. XX əsrin əvvəlində Mustafa Kamal Atatürk Türkiyəni necə xilas etmişdisə, yüzilliyin sonunda Heydər Əliyev də Azərbaycanı qlobal tənəzzüldən, parçalanmadan qurtardı.

Dünyanın 11 nəhəng neft şirkətini Bakıya toplayan Heydər Əliyev bu istiqamətdə böyük səy göstərdi, çoxlarının əlçatmaz hesab elədiyi arzunu həyata keçirdi. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Bakıda təməlatma mərasimində Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin dediyi sözləri yaxşı xatırlayıram: “Bu tarixi layihəni həyata keçirə biliriksə, buna görə Azərbaycan Prezidenti, əziz dostum Heydər Əliyevin böyük dühasına və qəhrəmanlığına borcluyuq!”

Xəzərin zəngin resurslarını türk dünyasına qazandıran Heydər Əliyevin bu tarixi xidmətlərinə Türkiyə dövləti və ictimaiyyəti yüksək dəyər verdi. Atatürk Sülh Mükafatı, Dövlət Nişanı, bir çox universitetlərin, təşkilat və qurumların mükafatları, neçə-neçə fəxri adlar, İstanbul, Ankara, İzmir və Qarsda adına salınan parklar, xatirəsinə ucaldılan abidələr, Qaziantepdə fəaliyyətə başlayan Heydər Əliyev məktəbi türk ictimaiyyətinin böyük ehtiram və sevgisinin parlaq nümunəsidir.

Azərbaycanın müstəqilliyinin güclənməsində, ölkənin müasir dünya ilə inteqrasiyasında Heydər Əliyevin möhtəşəm əsərlərindən biri də tarixi “İpək Yolu”nun bərpası layihəsidir. 32 ölkənin iştirakı ilə gerçəkləşən və əsrin ən böyük nəqliyyat razılaşması olan bu nəhəng layihə Yaponiyadan başlayaraq İngiltərəyə qədər uzanacaq.

Türk dünyasının güclənməsini istəyən hər kəs bu gün Azərbaycan xalqının və türk dünyasının böyük övladı Heydər Əliyevin unudulmaz xatirəsi qarşısında baş əyir.

Dövlət xadimi, tarixçi, general, natiq, millət vəkili, prezident, cəsur öndər Heydər Əliyev tək Azərbaycana deyil, geniş anlamda türk dünyasına işıqdır. Onun qurduğu Azərbaycan dünyəvi və davamlı inkişaf yolu ilə inamla addımlayır. Azərbaycan xalqı Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan Respublikasına rəhbərlik edən İlham Əliyevə güvənir və bu siyasi kursa daim öz töhfəsini verməyə hazırdır.

[email protected]

 





16.05.2013    çap et  çap et