525.Az

Prezident 22-ci Dünya Neft Konqresində ciddi mesajlar verdi


 

“İSTANBULDA AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASINDA AZƏRBAYCANIN OYNADIĞI MÜHÜM ROLUN VURĞULANMASI CİDDİ FAKTORDUR”

Prezident 22-ci Dünya Neft Konqresində ciddi mesajlar verdi<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün Türkiyədə rəsmi səfərdə olub.

Səfər çərçivəsində ölkə başçısı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya prezidenti Aleksandr Vuçiç, ABŞ-ın dövlət katibi Reks Tillerson, Türkiyənin baş naziri Binəli Yıldırım, Albaniyanın baş naziri Edi Rama, Bolqarıstanın baş naziri Boyko Borisov, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak və Dünya Neft Şurasının prezidenti Cozef Tot ilə görüşərək siyasi və enerji sahələrində əlaqələrdən danışıb.

Xüsusilə, dövlət başçıları və hökumət rəhbərləri ilə danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib. Prezident İlham Əliyev bu münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bir daha bəyan edib, Ermənistanın təmas xəttində törətdiyi və dinc sakinlərin ölümü ilə nəticələnən son hərbi təxribat haqqında məlumat verib.

Bundan başqa, prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı görülən işlərdən danışıb.

İyulun 10-da dövlət başçısı İlham Əliyev İstanbulun evsahibliyi etdiyi 22-ci Dünya Neft Konqresi çərçivəsində keçirilən prezidentlərin tədbirində iştirak edib.

“Enerji gələcəyimizə körpülər” devizi altında təşkil olunan 22-ci Dünya Neft Konqresinə 100-dən çox ölkədən 50 nazir, 5 mindən çox dövlət nümayəndəsi və şirkət rəhbərləri dəvət alıb.

Prezident İlham Əliyev tədbirdə çıxış edərək bildirib ki, Türkiyə və Azərbaycan bütün məsələlərdə bir-birinin yanındadır: “Bizim əməkdaşlığımız çoxşaxəlidir və bütün sahələri əhatə edir. O cümlədən, enerji sahəsində Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi bir çox önəmli strateji layihələrin icrasına imkan verib. Onların arasında Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini və TANAP layihəsini xüsusi qeyd etmək istərdim. Bu layihələr nəinki regionumuzun, dünyanın enerji xəritəsini yenidən tərtib edib”.

Azərbaycan qədim neft diyarı olduğunu deyən ölkə başçısı qeyd edib ki, əslində, biz hesab edirik ki, Azərbaycan neftin vətənidir: “Çünki dünyada sənaye üsulu ilə ilk dəfə neft 1846-cı ildə məhz Azərbaycanda, Bakıda çıxarılıb. Ondan bir əsr sonra - XX əsrin ortalarında yenə də dünyada ilk dəfə olaraq dənizdən neft Xəzər dənizinin Azərbaycan sektorunda Azərbaycan neftçiləri tərəfindən hasil edilib. Lakin o vaxt Azərbaycan müstəqil deyildi və biz təbii sərvətlərimizdən tam istifadə edə bilmirdik. Ancaq müstəqillik dövründə Azərbaycan xalqı öz taleyinin, öz təbii sərvətlərinin sahibi olub. Müstəqillik dövründə bu təbii sərvətlər ölkəmizin inkişafına, xalqın rifah halının yaxşılaşmasına xidmət etməyə başlayıb. Müstəqilliyimizin ilk illərində - 1994-cü ildə Azərbaycan ilk dəfə olaraq Xəzər dənizindəki karbohidrogen yataqlarını xarici sərmayədarların üzünə açıb. 1994-cü ildən etibarən Azərbaycanın neft sənayesinə böyük sərmayə qoyulmağa başlanıb. Eyni zamanda, 1994-cü il ona görə əlamətdar bir tarixdir ki, məhz o ildə “Əsrin kontraktı” imzalanıb. Bu kontrakt Bakı-Tbilisi-Ceyhan kəmərinin neftlə doldurulmasında əsas rol oynayır. Ondan sonra Azərbaycanda çox zəngin “Şahdəniz” qaz yatağı aşkar edilib. Bu yatağın qaz ehtiyatlarının həcmi 1,2 trilyon kubmetrdir. Bu, dünya miqyasında ən böyük qaz yataqlarından biridir və bu gün Cənub Qaz Dəhlizinin resurs bazasının əsasını təşkil edir”.

Dövlət rəhbəri vurğulayıb ki, Azərbaycan müasir dövrdə neft və qazı hasil və ixrac edən ölkəyə çevrilib: “Bizim ölkəmiz dünya bazarlarına çıxış əldə etmək üçün neft-qaz kəmərləri tikməli idi. Çünki bizim dünya bazarlarına birbaşa çıxışımız yoxdur. Bu məqsədlə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri və 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istismara verilib. Ondan bir neçə il əvvəl Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikilib. Beləliklə, Azərbaycanın təbii resurslarının dünya bazarlarına çıxarılması üçün kifayət qədər böyük şəbəkə yaradılıb”.

Gələcək onilliklər ərzində Azərbaycan qazının həm region, həm də Avropa ölkələrinin tələbatını ödəyəcəyini deyən prezident onu da bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında yeddi ölkə iştirak edir: “Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç Balkan ölkəsi də gələcəkdə Cənub Qaz Dəhlizinə qoşula bilər. Bu istiqamətdə də müvafiq işlər aparılır. Yəni, biz bu layihənin coğrafiyasını genişləndiririk, gələcəkdə daha da genişləndirə bilərik. Çünki bu, hər bir ölkəyə fayda gətirən təşəbbüsdür. Bu layihənin icrası onu göstərir ki, burada iştirak edən bütün ölkələr və şirkətlər qazanc əldə edirlər. Biz elə bir gözəl əməkdaşlıq formatı yaratdıq ki, həm hasilatçılar - yəni, Azərbaycan, həm tranzit ölkələr və həm də istehlakçılar burada ortaq maraqlar əsasında çalışır. Məhz bu maraqlar balansı bu böyük layihənin uğurlu icrasına gətirib çıxarıb. Çünki burada həm texniki, maliyyə, iqtisadi, siyasi məsələlər kifayət qədər çoxdur. Artıq bu gün demək olar ki, “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra ediləcək və Azərbaycan bundan sonra uzun illər ərzində həm bölgə, həm də Avropa ölkələrini təbii qazla təmin edəcək”.

Prezident İlham Əliyevin Türkiyə səfəri ilə bağlı “525”ə fikirlərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli qeyd edib ki, ölkə başçısının iştirak etdiyi 22-ci Dünya Neft Konqresi beynəlxalq səviyyədə olduqca önəmli, əhəmiyyətli platformadır: “Azərbaycana verilən dəyər prezident İlham Əliyevin tədbirə dəvət olunmasından, ölkə və hökumət başçıları səviyyəsində keçirilən təkbətək görüşlərdən qabarıq şəkildə hiss olunur”.

Dünya Neft Konqresi çərçivəsində dövlət başçısı İlham Əliyevin bir sıra əhəmiyyətli görüşlər keçirdiyini xatırladan E.Mirzəbəyli qeyd edib ki, ABŞ-ın dövlət katibi Resk Tillersonla baş tutan görüş də bunlardan biri idi: “Həmin görüşdə Azərbaycanın Birləşmiş Ştatlar üçün böyük önəm kəsb etdiyi vurğulanıb. Eyni zamanda, Cənub Qaz Dəhlizinə verilən dəstək bir daha açıq şəkildə ifadə olunub. Bunlar çox əhəmiyyətli faktorlardır”.

Politoloq bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirilən görüş ölkələrimiz arasında əlaqələrin daha da inkişafı, regional əməkdaşlıq məsələlərinin müzakirəsi baxımından olduqca dəyərli idi.

E.Mirzəbəylinin sözlərinə görə, bütövlükdə tədbir çərçivəsində səsləndirilən bəyanatlar, xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rolun vurğulanması ciddi bir faktor kimi diqqətə alınmalıdır: “Ümumilikdə, 22-ci Dünya Neft Konqresi Azərbaycanın maraqları baxımından əhəmiyyətli tədbir hesab olunmalıdır. Prezident İlham Əliyevin də tədbirdəki çıxışında Azərbaycanın potensialı, iqtisadi resusrları, nəqliyyat və enerji layihələrinin həyata keçirilməsində oynadığı rolun vurğulanması xüsusi olaraq qeyd olunmalıdır”.

Milli Məclisin deputatı Musa Qasımlı isə qeyd edib ki, prezident İlham Əliyevin Türkiyədə keçirilən 22-ci Beynəlxalq Neft Konqresində iştirakı, etdiyi nitq və keçirdiyi ikitərəfli görüşləri müstəsna əhəmiyyət daşıyır. O, SİA-ya bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ dövlət katibi Reks Tillerson və digər dövlət və hökumət başçıları ilə keçirilən görüşlər həm ikitərəfli, həm regional, həm də beynəlxalq baxımdan faydalıdır: “Bu görüşlər zamanı aparılan müzakirələr prezident İlham Əliyevin liderliyi altında Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun və dünya işlərində rolunun artdığını göstərir. Konqresdə edilən nitq özünün dərin məzmunu, mahiyyəti və böyük hədəfləri baxımından diqqəti cəlb edib. Bu nitq Azərbaycan Respublikasının Avropanın enerji təhlükəsizliyində müstəsna yer tutduğunu bir daha təsdiqləyib. Hesab edirəm ki, səfər Azərbaycan diplomatiyasının mühüm səhifələrindən biridir”.

Qeyd edək ki, Dünya Neft Konqresinin əsas təşkilatçısı olan Dünya Neft Şurası neft və qaz sənayesi üzrə mühüm məsələlərin müzakirə olunduğu və vacib qərarların qəbul edildiyi beynəlxalq platformadır. Bitərəf və qeyri-siyasi qurum olan Dünya Neft Şurası bu sahədə elmi yeniliklərin tətbiqi, texnologiya və informasiya mübadiləsi, dünyanın neft ehtiyatlarından davamlı və hamının rifahına xidmət edəcək şəkildə istifadə olunması istiqamətlərində fəaliyyət göstərir. 70 üzv ölkəni birləşdirən Dünya Neft Şurası dünyada neft-qaz istehsalçıları və istehlakçılarının 96 faizini əhatə edir.

Ceyhun ABASOV

 





12.07.2017    çap et  çap et