525.Az

Akademik Musa Musayev anıldı


 

Akademik Musa Musayev anıldı<b style="color:red"></b>

Azərbaycanın görkəmli zooloq parazitoloqu və protozooloqu, akademik, baytarlıq elmlər doktoru, professor Musa Musayevin anadan olmasının 95 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov akademik M.Musayevin Azərbaycan elminin görkəmli xadimlərindən biri olduğunu qeyd edərək onun zoologiya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Ə.Əmiraslanov alimin yaratdığı elmi məktəbin əhəmiyyətini xüsusi vurğulayaraq bu məktəbin davamçılarının bu gün də səmərəli elmi tədqiqatlar apardığını nəzərə çatdırıb.

AMEA Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov "Akademik Musa Musayev həyat və yaradıcılığı haqqında" məruzə ilə çıxış edib. E.Yusifov bildirib ki, 27 dekabr 1921-ci ildə Gəncə şəhərində anadan olan M.Musayevin ilk elmi axtarışları heyvanların və insanın təhlükəli xəstəliklərindən biri olan leptospirozların öyrənilməsinə həsr edilmişdir. 1949-cu ildən Zoologiya İnstitutunda baş elmi işçi kimi elmi fəaliyyətə başlayan M.Musayevin elmi fəaliyyəti Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu ilə bağlı olub.  M.Musayevin instituta rəhbərlik etdiyi dövrlərdə bu elmi müəssisədə fəaliyyət göstərən 18 laboratoriyadan 12-si akademikin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılıb. Onun fəaliyyəti nəticəsində Zoologiya İnstitutunun insektarisi və vivarisi olan yeni kompleks binası, okean və dənizlərdə işləyə bilən "Elm" elmi-tədqiqat gəmisi tikilib, Mingəçevir şəhərində texniki avadanlıq və kiçik gəmi ilə təchiz olunan laboratoriya yaradılıb, Zooloji muzeyin, laboratoriyaların kolleksiya və kitab fondu zənginləşdirilib.

Tədbirdə professor Şaiq İbrahimov, biologiya üzrə fəlsəfə doktoru Türkan Qurbanova, professor Vaqif Verdiyev akademik M.Musayev haqqında xatirələrini bölüşüblər.

Mərasimdə daha sonra yeni təsis edilən "Akademik Musa Musayev Mükafatı" təqdim edilib.  Barat Əhmədov "ilin ən yaxşı elmi rəhbəri", Sücəddin Quliyev "ilin ən məhsuldar alimi", Xalid Əliyev "ilin ən yaxşı laboratoriya müdiri", Şahzadə Mədətova "ilin ən yaxşı ictimai fəalı", Səbinə Həsənova "ilin ən yaxşı gənc alimi", Herpetalogiya laboratoriyası "ilin ən yaxşı laboratoriyası", Könül Tağıyeva "ilin ən yaxşı ictimai fəalı" və Səbinə Bünyatova "ilin ən yaxşı ictimai fəalı" nominasiyası üzrə mükafatlarla təltif ediliblər.

Tədbirin sonunda M.Musayevə həsr edilmiş "Elmə həsr edilmiş ömür" filmi ictimaiyyətə təqdim olunub.

Şahanə MÜŞFİQ

 





13.07.2017    çap et  çap et