525.Az

"FETÖ ilə mübarizə və dövlət çevrilişinə cəhd" mövzusunda dəyirmi masa


 

ERKAN ÖZORAL: "FƏTULLAHÇI TERROR TƏŞKİLATI BÜTÜN DÜNYA ÜÇÜN TƏHDİDDİR"

"FETÖ ilə mübarizə və dövlət çevrilişinə cəhd" mövzusunda dəyirmi masa <b style="color:red"></b>

Dünən Bakıda TRT World ilə "Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi"nin (QAFSAM) birgə təşkilatçılığı ilə "FETÖ ilə mübarizə və dövlət çevrilişinə cəhd" mövzusunda dəyirmi masa keçirilib.

2016-cı il iyulun 15-də Türkiyədə həyata keçirilən dövlət çevrilişinə cəhdin ildönümü ilə bağlı keçirilən tədbirdə QAFSAM-ın sədri Araz Aslanlı açılış nitqi ilə çıxış edərək 15 iyulun dünya siyasi tarixində önəmli hadisələrdən biri olduğunu qeyd edib. O bildirib ki, həmin gün Türkiyənin demokratik yolla seçilmiş hakimiyyətinə qarşı xain çevriliş cəhdi həyata keçirilsə də, Türk xalqının milli iradəsini qırmaq mümkün olmayıb: "Həmin gün Türkiyə dövlətinin yanında olan dost, qardaş dövlətlərdən biri də Azərbaycan idi. Lakin əfsuslar olsun ki, ikili standartlar siyasəti yürüdən bəzi dövlətlər də var ki, Türkiyə dövlətinə və xalqına qarşı əsl simalarını ortaya qoyublar".

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral isə çıxışında qeyd edib ki, Türkiyə dövlətinin daxilində 50 ilə yaxın müddət ərzində hazırlıq görən və müəyyən qüvvələr tərəfindən əmr aldıqdan sonra ötən il hərəkətə keçən xain şəbəkə çevriliş cəhdi həyata keçirib: "Türkiyə xalqı bir yumruq tək birləşib, çevriliş cəhdinin qarşısının alınması üçün öz canlarını ortaya qoyublar. Həmin gün 250 şəhid verdik. Xalq öz prezidentinin bir çağırışı ilə küçələrə çıxaraq xainlərə qarşı mübarizə aparıb".

E.Özoral Fətullahçı Terror Təşkilatının bütün dünya üçün təhdid olduğunu bildirib. O qeyd edib ki, bütün dünya FETÖ-yə qarşı bir olmalı, mübarizə aparmalıdır.

Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Əhliman Əmiraslanov isə deyib ki, keçən il Türkiyədə baş verən çevriliş cəhdi Azərbaycanda da böyük narahatlıq yaradıb: "Həmin gecə hər kəs həyəcan içində qardaş ölkədə baş verən hadisələri izləyirdi. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ilk telefon zəngi açan, öz dəstəyini ifadə edən liderlərdən biri idi. Səhər isə biz, Milli Məclisin iclasında xüsusi bəyanatla çıxış edib baş verən xain çevriliş cəhdinə öz etirazımızı bildirdik".

Ə.Əmiraslanov qeyd edib ki, bu çevriliş cəhdinin qarşısını xalq-dövlət birliyi alıb: "Xalqın qətiyyəti sayəsində xain şəbəkənin çevriliş planları alt-üst edilib. Ona görə də, 15 iyul Türkiyə tarixinin ən şanlı səhifələrindən biridir. Tankların, silahların qarşısına çıxan əliyalın insanlar demokaratik dəyərlərə öz sədaqətini nümayiş etdirib".

Bu hadisələrdən Türkiyənin daha güclü çıxdığını deyən deputat qeyd edib ki, bundan sonra xalq prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında daha sıx birləşib.

Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Necdet Ünüvar isə öz çıxışında bildirib ki, bu hadisələr zamanı hər kəs Türkiyə-Azərbaycan dostluğu, qardaşlığının növbəti dəfə şahidi olub: "Hələ 1918-ci ildə bu böyük dostluğun dəyərli nümunələrindən biri də Türkiyə dövlətinin Nuru paşanın komandanlığı ilə Azərbaycana qoşun göndərməsi və Qafqaz İslam Ordusu ilə Bakının işğalçılardan azad edilməsidir. Halbuki, həmin dövrdə Türkiyə özü də çətin vəziyyət, ağır sınaq qarşısında idi. Lakin bütün bunlar qardaş Azərbaycana dəstək olmaq, arxa durmaq üçün səbəb ola bilməzdi. Bunun üzərindən 100 ilə yaxın zaman keçməsinə baxmayaraq, Azərbaycan-Türkiyə dostluğu daim möhkəm və sarsılmaz olub. Türkiyənin çətin günündə Azərbaycan, Azərbaycanın çətin günündə Türkiyə onun yanında olub".

Daha sonra türkiyəli deputat Ayşe Keşir çıxış edərək Türkiyədə bu vaxta qədər həyata keçirilmiş çevriliş cəhdlərindən danışıb. O bildirib ki, hər dəfə oxşar ssenari əsasında bu xain planlar həyata keçirilib. Görünən odur ki, Türkiyənin bölgədə güclənməsi, qardaş, dost dövlətlərlə birlik içərisində olması kimlərisə narahat edir.

Xanım deputat qeyd edib ki, 15 iyuldakı çevriliş cəhdini digərlərindən fərqləndirən cəhət bu hadisələrin Türkiyədə daxili savaşın başladılmasına hesablanmasıdır.

A.Keşirin sözlərinə görə, 2001-ci ildə Rəccəb Tayyib Ərdoğan seçim kampaniyası zamanı çıxışında "Beynəlxalq Valyuta Fondu ilə əlaqələrimizi qoparacağıq" deməklə dünyaya meydan oxuyub: "Bu çıxış Türkiyəni iqtisadi güclə öz təsir dairəsində saxlamaq istəyən qüvvələrin xoşuna gəlməyib. Ona görə də, 2013-cü ilin may ayında Türkiyə Beynəlxalq Valyuta Fonduna borcunu tam olaraq bağlayanda dərhal Gezi hadisələri başlamışdı. Çünki Rəcəb Tayyib Ərdoğan iqtisadi güclə dövlətləri istədiyi kimi idarə etməyə çalışan qüvvələrin ən azı yüz illik planlarını pozub".

TRT Worldun Xəbər müdiri Fatih Er isə çevrilişçilərin TRT binasına hücumundan danışıb. Həmin gün işlə bağlı xaricdə olduğunu təəssüflə bildirən F.Er qeyd edib ki, buna baxmayaraq, Türkiyədə baş verən xain hücumun dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal fəaliyyət aparıb.

Milli Məclisin deputatı Fazil Mustafa isə deyib ki, Türkiyədə baş verən çevriliş cəhdi xaricdə bəlli dairələr tərəfindən hazırlanan ssenarinin məhsulu idi: "Avropa İttifaqı, Almaniya və ABŞ-ın sərgilədiyi münasibət hər şeyi ortaya qoyub. Bu hadisə sıravi hərbçilərin deyil, böyük güclərin hazırladığı çevriliş cəhdi idi".

Deputat Şəmsəddin Hacıyev də mövzu ilə bağlı fikirlərini bölüşərək Türkiyənin bu hadisələrdən üzüağ, alnıaçıq çıxdığını bildirib. Onun sözlərinə görə, qardaş ölkənin inkişafına, son illər əldə etdiyi nailiyyətləri həzm edə bilməyən qüvvələr bu cür xain plan həyata keçirməyə çalışsalar da, xalqın iradəsi son nəticədə yazılmış ssenarinin inkişafını dəyişib.

Ceyhun ABASOV

 





13.07.2017    çap et  çap et