525.Az

Türkiyədə azərbaycanlı alimin 60 illik yubileyi qeyd olundu


 

Türkiyədə azərbaycanlı alimin 60 illik yubileyi qeyd olundu<b style="color:red"></b>

Türkiyənin Ahi Evran Universitetində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin 60 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.

RMİ-dən AzərTAc-a bildiriblər ki, “Morri tipli fəzalarda operatorlar və tətbiqləri” mövzusunda təşkil olunan konfransda dünyanın 15 ölkəsindən 100-ə yaxın alim iştirak edib.

Konfransın plenar iclasında Ahi Evran Universitetinin rektoru, professor Vatan Karakaya görkəmli alim Vaqif Quliyevin dünya riyaziyyat elminə verdiyi töhfələrdən, elmlə yanaşı, pedaqoji fəaliyyətlə məşğul olmasından, alimlər nəsli, böyük tələbə ordusu yetişdirməsindən danışıb. Vurğulanıb ki, Vaqif Quliyev təkcə görkəmli alim yox, həm də dəyərli ziyalıdır.

Konfransda Rusiya Xalqlar Dostluğu Universitetinin nəzdində S.M.Nikolski adına Riyaziyyat İnstitutunun direktoru, professor Viktor Burenkov alimin riyazi nəzəriyyə və tətbiqlərin ciddi problemlərin həllinə yönələn əhəmiyyətli elmi tədqiqatlarının olduğunu deyib. O, Vaqif Quliyevin çoxşaxəli zəngin yaradıcılığı ilə riyaziyyat elminin inkişafında mühüm rol oynadığını, öz elmi məktəbini yaratdığını xüsusi vurğulayıb.

Ankara Universitetinin professoru Ayhan Şerbetci ölkələrimiz arasında elmi əlaqələrin daha da möhkəmlənməsi baxımından bu cür tədbirlərin əhəmiyyətini diqqətə çatdırıb.

İclasın sonunda Vaqif Quliyevə xatirə hədiyyəsi təqdim edib.

 





13.07.2017    çap et  çap et