525.Az

Qardaşlıq və qəhrəmanlığın ekran təcəssümü "Yaşadığım torpaq" maraqla qarşılandı


 

Qardaşlıq və qəhrəmanlığın ekran təcəssümü "Yaşadığım torpaq" maraqla qarşılandı<b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Qürbətdə Vətən" layihəsi çərçivəsində çəkimiş, Milli Qəhrəman Albert Aqarunovun xatirəsinə həsr olunan "Yaşadığım torpaq" bədii sujetli sənədli filminin təqdimat mərasimi keçirilib. Mərasimdə "Dağ yəhudiləri milli icması"nın üzvləri, filmin yaradıcı heyəti, ictimaiyyət nümayəndələri, yazarlar, milli qəhrəmanın döyüş yoldaşları və media nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində, Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Filmin rejissoru Səadət Şükürovanın rəhbərlik etdiyi, İsraildə fəaliyyət göstərən "Odlar yurdu" teatr truppasının fəaliyyətindən ibarət videoçarx nümayiş olunub.

Aparıcı Aysel Fikrət Səadət Şükürovanın İsrail və Azərbaycandakı fəaliyyəti, "Odlar yurdu" teatr truppası, təqdimatı keçirilən "Yaşadığım torpaq" filmi haqqında iştirakçılara məlumat verib. Filmdə Milli qəhrəmanın keçdiyi həyat yolundan, Qarabağ müharibəsindəki şücaətindən bəhs olunur. Döyüş yoldaşları Sərrac Mustafayev, İsmayıl İsmayılov və başqaları onunla bağlı cəbhə xatirələrini bölüşüblər.

Filmdə Albert Aqarunovun uşaqlığını Turan Məmmədov, gəncliyini Bəxtiyar Pənahlı, anasını Xatirə Süleymanova canlandırıblar.

Xalq artisti Zümrüd Məmmədova filmin sonuna əlavə edilmiş "İsrail-Azərbaycan" klipindəki mahnının musiqisini qızı İlahə Qismətin yazmasını məmnunluqla vurğulayıb: "İsrail-Azərbaycan dostluğu ta qədimə dayanır. Mən həmişə orada qastrollarda olarkən onların Azərbaycan mədəniyyətinə, musiqisinə məhəbbətini görmüşəm. Səadət xanım həm Azərbaycanın, həm də İsrailin mərd övladıdır. Onun məsuliyyəti, xalqına, vətəninə sevgisi təqdirəlayiqdir. İki ölkə arasındakı dostluq hər zaman yaşayacaq. Bu film mənə doğmadır. Çünki mən 23 ildir əsgərəm, hər zaman döyüş meydanlarında əsgərlərimizin arasında oluram. Onların qeyrətinin, şücaətinin canlı şahidiyəm".

"Dağ yəhudiləri milli icması"nın sədri Mirix Yudayev İsrail-Azərbaycan dostluğundan söz açıb, Azərbaycanın hər zaman yəhudilər üçün Vətən olduğunu deyib: "Bizi bu vətəndən, Azərbaycandan ayırmaq mümkün deyil. Bizim üçün qəriblik Allahın yazdığı qismətdir. İsrail bizim tarixi, Azərbaycan real vətənimizdir. Biz bu xalqla birgə Azərbaycanın xoşbəxtliyi, firavanlığı uğrunda əlimizdən gələni əsirgəmirik. Biz bu ölkənin şad gününə sevinmişik, dərdini dərdimiz bilmişik. Azərbaycan Nizami dühası, Nəsimi hikməti, Babək qılıncı, Koroğlu nərəsi, Kəpəz qüdrəti, Göygül gözəlliyi, Üzeyir musiqisi, Vurğun poeziyasıdır. Əgər bir xalqın ilahi musiqisi varsa, xalq özü ilahidir. Eşq olsun o günə ki, bizim bayrağımız Qarabağ göylərində dalğalanacaq. Albertin döyüş yoldaşları bu gün də müharibəyə, səngərə can atırlar. Budur bu xalqın əzəməti, böyüklüyü".

Filmin rejissoru və ssenari müəllifi Səadət Şükürova hər iki ölkənin qardaşlığı üçün bundan sonra da ürəklə çalışacağını deyib: "Vətən dünyaya gələrkən ilk gördüyümüz torpaq, bizi qoruyan anadır. Damarımdan axan hər iki millətin qanı məni məcbur edir ki, bu işləri görüm. Məndən soruşa bilərsiniz, niyə məhz Albert? Bugünki gündə şəhidlərimiz, Milli qəhrəmanlarımız haqqında müxtəlif sənədli, bədii filmlər çəkilir. Albertin bir cümləsi mənim diqqətimi çəkdi. O deyir ki, çörəyini yeyib suyunu içdiyim torpağı qorumaq mənim haqqımdır. Məhz bu söz filmin ana xətti oldu. Mən bu filmlə bir daha Azərbaycanın tolerant ölkə olduğunu, qoynundakı bütün millətlərə qucaq açdığını göstərmək istədim. Mən hər iki millətə xidməti özümə borc bilirəm. Gələcəkdə də belə olacaq".

A.Aqarunovun döyüş yoldaşı Zahid Nəzərov, "İsrail-Azərbaycan" mahnısının sözlərinin müəllifi Nəzmiyə Hicran, gənc şair Zaur Rəxşan, aktrisa Xatirə Süleymanova və başqaları da söz alaraq, filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür ediblər.

Sonda filmin yaradıcı və aktyor heyəti diplom və müxtəlif hədiyyələrlə təltif olunub.

Şahanə MÜŞFİQ

 





13.07.2017    çap et  çap et