525.Az

“Dünya azərbaycanlılarının palitrası”nın Gürcüstanda təqdimatı keçirildi


 

“Dünya azərbaycanlılarının palitrası”nın Gürcüstanda təqdimatı keçirildi<b style="color:red"></b>

İyulun 14-də Diaspor Jurnalistləri Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin müəllifi olduğu “Dünya azərbaycanlılarının palitrası” kitabının Gürcüstanda təqdimatı keçirilib.

Diaspor Jurnalistləri Birliyinindən verilən məlumata görə, Tibilisidə M.F.Axundovun ev muzeyində keçirilən təqdimatda Azərbaycanın Gürcüstandakı səfirliyinin və SOCAR Georgianın nümayəndələri, həmçinin, azərbaycanlı ziyalılar, gənclər və jurnalistlər iştirak ediblər.

Tədbiri M.F.Axundovun ev muzeyinin direktoru Leyla Əliyeva açaraq qonaqları salamlayıb. O, kitabın dünya azərbaycanlılarının, eləcə də Gürcüstanda yaşayan soydaşlarımızın bir araya gəlməsində rolundan danışıb.

Tədbirdə iştirak edən Fuad Hüseynzadə bildirib ki, kitab dövlət müstəqilliyimizin 25 illiyi münasibətilə çap olunub.

O qeyd edib ki, kitabda bu vaxta kimi diasporla bağlı müxtəlif KİV-lərdə çap olunan müsahibələrinin bir hissəsi yer alıb: “Ümumi olaraq kitabda 170 müsahibə toplanıb. 5 qitədəki aktiv soydaşlarımızdan alınan bu müsahibələr müxtəlif vaxtlarda dərc olunub. Hər bir müsahibə öz dövrünün reallığını əks etdirir”.

Daha sonra kitabın xarici ölkələrdə təqtimatı ilə bağlı hazırlanmış slayd nümayiş olunub.

Təqdimatda Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva, Borçalı İrəli İctimai Birliyiyinin sədri Məhəbbət İmanov, Gürcüstanın Azərbaycanlı Hüquqşunaslar Assosiasiyasinın sədri Əli Bədirov, Gürcüstanın Qardabani rayon bələdiyyəsinin sədr müavini Rəfi Orucov çıxış edərək kitab haqqında öz fikirlərini bildiriblər.
Diaspor Jurnalistləri Birliyinin baş katibi Siyavuş Əmirli çıxış edərək Diaspor Jurnalistləri Birliyinin keçirdiyi layihələrdən danışıb.

Xatırladaq ki, kitabın bundan əvvəl Rusiya, Yaponiya, İsveç, ABŞ, İsrail və Qazaxıstanda təqdimatı olub.

Ceyhun ABASOV

 





14.07.2017    çap et  çap et