525.Az

Xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir


 

MİLLƏT VƏKİLİ: "İNVESTORLAR TƏRƏDDÜD ETMƏDƏN AZƏRBAYCANA SƏRMAYƏ QOYUR"

Xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir<b style="color:red"></b>

“Cari ilin altı ayında Azərbaycan iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub”.

Bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
 
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycanda yaradılan şərait nəticəsində yüzlərlə, minlərlə sahibkar öz fəaliyyətini genişləndirir: “Bizim sahibkarlarımız böyük imkanlara malikdirlər. Sahibkarların sosial məsuliyyəti də yüksək səviyyədə olmalıdır. Bu şəraiti onlar üçün biz yaratmışıq. Çünki indi Azərbaycanda sabitlik, sürətli inkişaf olmasaydı, bizim sahibkarlar bu qədər inkişaf edə bilməzdilər. Eyni zamanda, dövlət onlara güzəştli şərtlərlə kreditlər verir, onların məsələləri həll olunur. Mən sahibkarlarla dəfələrlə görüşmüşəm. Hər il bir neçə dəfə görüşürəm və tam dəstək göstərilir. Onlar da öz növbəsində sosial məsuliyyəti dərk etməlidirlər. Ona görə, Qaradağ rayonunda sahibkarlar tərəfindən öz vəsaitləri hesabına 1000 mənzillik şəhərciyin tikilməsi çox yaxşı təşəbbüsdür. Mən bunu bəyənirəm, alqışlayıram. Bu, bütün sahibkarlara nümunə olmalıdır. Mən bundan sonra sahibkarların fəaliyyətini, o cümlədən, bu göstəriciyə görə də qiymətləndirəcəyəm.

Əlbəttə ki, bütün bu məsələlərin həll edilməsi bir daha bizim dövlətimizin siyasətini, niyyətini ortaya qoyur. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Bu il bu məsələlərlə bağlı ciddi addımlar atılmışdır. Beş milyondan çox insan bu il pulsuz müayinədən keçmişdir. Bilmirəm, hansı ölkədə belə bir təşəbbüs var ki, insanlar, əhalinin böyük əksəriyyəti il ərzində pulsuz müayinədən keçsin".

Prezident altı ayın göstəricilərinin onu çox qane etdiyini, qeyri-neft iqtisadiyyatnın altı ayda 1,7 faiz artdığını deyib: "Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə, qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz. Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir".

Prezident deyib ki, bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub: "Bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır. Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək".

İlham Əliyev ölkənin valyuta ehtiyatlarının artaraq bu günə 40,6 milyard dollar təşkil etdiyini vurğulayıb: "Bu da çox gözəl göstəricidir. Çünki ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. Baxın, neftin qiyməti kəskin şəkildə düşüb. Sonra isə müəyyən dərəcədə qalxıb. Yenə də düşmə ehtimalı var. Amma bizim valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünülmüş siyasətə görə. Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb".

Milli Məclisin deputatı Sədaqət Vəliyeva hesab edir ki, Azərbaycanda mövcud olan əlverişli investisiya mühiti, ictimai-siyasi sabitlik və mükəmməl qanunvericilik bazası xarici sərmayədarların diqqətini cəlb etməkdədir. Məhz, bunun nəticəsidir ki, ölkə iqtisadiyyatına qoyulan xarici investisiyanın həcmi qat-qat artıb. Onun sözlərinə görə, elə bu ilin ilk altı ayı ərzində Azərbaycan iqtisadiyyatına 5 milyard dollar sərmayənin qoyulması bir daha sübut edir ki, ölkəmiz xarici investorların ən çox etibar etdiyi ölkədir.

Deputat vurğulayıb ki, dünyanın bir çox ölkələrində maliyyə çatışmazlığı, iqtisadi geriləmə proseslərinin müşahidə edildiyi bir vaxtda Azərbaycanda inkişaf meylləri sezilməkdədir:  "Məhz 2017-ci ilin ilk yarısında ölkəmizin qeyri-neft sektorunun 1,7 faiz, sənaye sahəsinin isə 4,4 faiz artması söylənilənlərin əyani sübutudur. Azərbaycan bu gün sabitlik məkanı olduğundan investorlar ölkəmizə gəlir, tərəddüd etmədən sərmayə qoyur, qazanc götürür, eyni zamanda, vergi ödəyir, iqtisadiyyatımızın artımına töhfələrini verirlər. Dünyada sabit ölkələrin sayının kəskin şəkildə azalması onu göstərir ki, yaxın perspektivdə daha çox xarici sərmayədar investisiya yatırmaq üçün Azərbacana gələcək. Bütün bunlar isə əlavə gəlir, yeni iş yerləri və iqtisadiyyatımızın artması demək olacaq".

PƏRVANƏ

 





14.07.2017    çap et  çap et