525.Az

Prezident: “İslahatlar və apardığımız siyasət öz nəticəsini verir”


 

“2017-ci İLİN İLK ALTI AYI ƏRZİNDƏ QARŞIYA QOYULAN HƏDƏFLƏRƏ ÇATMAQ MÜMKÜN OLUB”

Prezident: “İslahatlar və apardığımız siyasət öz nəticəsini verir”<b style="color:red"></b>

Məlum olduğu kimi, iyulun 12-də prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Dövlət başçısı müşavirədə dövr ərzində sosial-iqtisadi həyatda əldə olunan uğurlar, Azərbaycanın günü-gündən artan hərbi potensialı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi və münaqişə fonunda yaşanan hadisələr, eləcə də dünyada baş verən proseslər və digər məsələlərlə bağlı ətraflı fikirlərini bildirib, növbəti dövr üçün qarşıda duran vəzifələri müəyyənləşdirib, müvafiq tapşırıqlarını verib.

Prezident qeyd edib ki, Azərbaycan 2017-ci ilin birinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib: “Əfsuslar olsun ki, 2017-ci ildə dünyada çox təhlükəli meyllər daha da güclənir. Həm bizim bölgəmizdə, həm dünyada narahatedici məqamlar kifayət qədər çoxdur. Müharibələr, münaqişələr, qanlı toqquşmalar, böhranlar - əfsuslar olsun ki, bugünkü beynəlxalq mənzərənin əlamətləri bunlardır. Azərbaycan isə uğurla inkişaf edir. Azərbaycanda sabitlik möhkəmlənir. Sabitliyin mənbəyi Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir”.

Azərbaycanda bütün sosial-iqtisadi məsələlərin uğurla öz həllini tapdığını deyən İlham Əliyev bildirib ki, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir: “Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, eyni zamanda, xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur”.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycanda yaradılan şərait nəticəsində yüzlərlə, minlərlə sahibkar öz fəaliyyətini genişləndirir: “Bizim sahibkarlarımız böyük imkanlara malikdirlər. Sahibkarların sosial məsuliyyəti də yüksək səviyyədə olmalıdır. Bu şəraiti onlar üçün biz yaratmışıq. Çünki indi Azərbaycanda sabitlik, sürətli inkişaf olmasaydı, bizim sahibkarlar bu qədər inkişaf edə bilməzdilər. Eyni zamanda, dövlət onlara güzəştli şərtlərlə kreditlər verir, onların məsələləri həll olunur. Mən sahibkarlarla dəfələrlə görüşmüşəm. Hər il bir neçə dəfə görüşürəm və tam dəstək göstərilir. Onlar da öz növbəsində sosial məsuliyyəti dərk etməlidirlər. Ona görə, Qaradağ rayonunda sahibkarlar tərəfindən öz vəsaitləri hesabına 1000 mənzillik şəhərciyin tikilməsi çox yaxşı təşəbbüsdür. Mən bunu bəyənirəm, alqışlayıram. Bu, bütün sahibkarlara nümunə olmalıdır. Mən bundan sonra sahibkarların fəaliyyətini, o cümlədən, bu göstəriciyə görə də qiymətləndirəcəyəm.

Əlbəttə ki, bütün bu məsələlərin həll edilməsi bir daha bizim dövlətimizin siyasətini, niyyətini ortaya qoyur. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Ona görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir”.

Prezident cari ilin ilk altı ayının göstəricilərinin qaneedici olduğunu bildirib. Ölkə rəhbərinin sözlərinə görə, qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb: “Bu, çox yaxşı göstəricidir. Mən, xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə, bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz.

Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir”.

Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulduğunu deyən İlham Əliyev qeyd edib ki, bu gün sərmayə qoyuluşu demək olar ki, bütün ölkələrdə azalır: “Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Nəyə görə? Təkcə ona görə yox ki, bizdə yaxşı investisiya iqlimi var. Ona görə ki, Azərbaycan bu gün sabitlik məkanıdır və investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı kəskin azalır. Ona görə əminəm ki, gələcəkdə daha çox xarici sərmayədar Azərbaycana investisiya qoymaq üçün bizə müraciət edəcək.

Bizim valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Bu da çox gözəl göstəricidir. Çünki ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb. Baxın, neftin qiyməti kəskin şəkildə düşüb. Sonra isə müəyyən dərəcədə qalxıb. Yenə də düşmə ehtimalı var. Amma bizim valyuta ehtiyatlarımız artır. Nəyə görə? Düşünülmüş siyasətə görə. Ona görə ki, biz heç vaxt populist işlərlə məşğul olmamışıq. Biz hər zaman ölkəmizin uzunmüddətli inkişafı ilə məşğul olmuşuq. Biz həm qənaət etdik, həm islahatlar apardıq. Ancaq strateji əhəmiyyət daşıyan layihələrə vəsait ayırdıq. Əlbəttə ki, biz idxalı azaltmışıq, ixracı isə artırmışıq. Büdcə ilə bağlı heç bir problem yoxdur. Ona görə, Neft Fondundan büdcəyə transferlər də azaldı. Yəni, ilin altı ayında valyuta ehtiyatlarının 3 milyard dollar artması mükəmməl nəticədir”.

İşsizliyin aradan qaldırılması istiqamətində atılan addımlardan danışan dövlət başçısı bildirib ki, bu il 122 min yeni iş yeri açılıb ki, onlardan 101 mini daimi iş yeridir: “Onu da qeyd etməliyəm ki, 24 min iş yeri bağlanıb. Bunun da həm obyektiv, həm də subyektiv səbəbləri var. Bu, əslində daimi prosesdir. Ancaq biz rəqəmlərə baxanda, - 122 min iş yeri açılıb, 24 min iş yeri isə bağlanıb, - əlbəttə, görürük ki, yenə də iş yerlərinin açılması prosesi uğurla gedir. Ona görə də bizdə işsizlik aşağı səviyyədədir”.

Xarici ticarət dövriyyəsinin göstəricilərinin də müsbət olduğunu deyən prezident qeyd edib ki, bu ilin altı ayında ixrac 36 faiz artıb: “Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb. Bax, budur gördüyümüz işlərin nəticələri. Bununla bərabər, idxal 15 faiz azalıb. Müsbət saldo 1,9 milyard dollar təşkil edir. Hesab edirəm ki, hər bir ölkə üçün bu, ən arzuolunan nəticələrdir. Kənd təsərrüfatı da 2,2 faiz artıb. Bu göstəricilər, - yəni, bunlara heç bir şərh verməyə ehtiyac yoxdur, - dünya miqyasında bu gün ən gözəl göstəricilərdir. Bunu o ölkə əldə edib ki, biz hələ enerji amilindən asılıyıq. O ölkə əldə edib ki, onun gəlirləri son iki il ərzində üç-dörd dəfə azalıb. Bax, budur bizim siyasətimiz, gördüyümüz işlər və əldə etdiyimiz nəticələr”.

Prezidentin keçirdiyi müşavirə ilə bağlı “525”ə fikirlərini bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, 2017-ci il ölkə prezidenti İlham Əliyev tərəfindən stabillik ili kimi xarakterizə olunub: “Bu il qarşıya qoyulan əsas vəzifə Azərbaycanda makro-iqtisadi stabilliyi qoruyub saxlamaqdır”.

V.Bayramov bildirib ki, ölkədə qeyri-neft sektorunun inkişafı və bu sahədə artımın qeydə alınması çox vacib idi: “İstər birinci rübün, istərsə də yarım ilin yekunları göstərir ki, qeyri-neft sektorunda artımın əldə edilməsinə nail olmaq mümkün olub”.

İqtisadçı alim deyib ki, 2017-ci ilin birinci altı ayı ərzində əldə olunan uğurlardan biri də dövlət rezervləri ilə bağlıdır: “Artıq Azərbaycanın dövlət rezervləri 40 milyard dollardan artıqdır. Neftin qiymətinin aşağı düşdüyü dövrdə dövlət rezervlərinin qorunub saxlanılması makro-iqtisadi stabillik baxımından olduqca vacib idi. Çünki bu, birbaşa iqtisadi stabilliyə təsir göstərir. Təbii ki, xarici borcların qaytarılması və xarici borc öhdəliklərinin yerinə yetirilməsi baxımından dövlət rezervlərinin həcmi olduqca əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanın dövlət rezervləri ölkənin xarici borc öhdəliklərindən 5 dəfə çoxdur”.

Mərkəz sədrinin sözlərinə görə, cari ilin ilk altı ayı ərzində dövlət rezervlərinin qorunub saxlanılması daxil olmaqla, makro-iqtisadi stabilliyi və bütövlükdə iqtisadiyyatdakı stabilliyi formalaşdırmaq mümkün olub: “Əsas məqsəd 2017-ci ildə stabiliyi qorumaq və 2018-ci ildən başlayaraq iqtisadi artımı yenidən bərpa etməkdir”.

V.Bayramov əlavə edib ki, beynəlxalq maliyyə qurumları, o cümlədən, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı növbəti illərdə ümumi daxili məhsulda artım olacağını proqnozlaşdırıb: “Ümumi daxili məhsulda növbəti illərdəki artım bu il əldə ediləcək makro-iqtisadi stabillikdən birbaşa asılı olacaq ki, 2017-ci ilin ilk altı ayında da qeyd olunan hədəflərə nail olmaq mümkün olub”.

Milli Məclisin deputatı Azər Badamov isə qeyd edib ki, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı ölkə başçısı cari ilin ötən altı ayı ərzindəki ölkəmizin iqtisadi mənzərəsini geniş şəkildə təhlil edib. O, SİA-ya bildirib ki, ən diqqəti çəkən məqamlardan biri isə dünya ölkələrinin iqtisadiyyatında investisiyaların qoyuluşu azaldığı halda Azərbaycanda investisiya mühitinin genişlənməsi olub: “2017-ci ilin altı ayında iqtisadiyyatımıza 5 milyard dollar investisiya yatırılıb. Bu, böyük uğurdur. Bu onu göstərir ki, ölkəmizdə sərmayələrin qoyulmasında xarici investorların marağı artıb və qoyulan sərmayələrin çox hissəsi xarici sərmayələr olub. Dünyanın bir çox ölkələrinə qoyulan xarici sərmayələrin azalması fonunda, Azərbaycana qoyulan xarici sərmayələrin artmasının müşahidə olunması sevindirici haldır. Bu, xarici biznes strukturlarının ölkəmizə artan marağının göstəricisidir. Yəni, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Çünki investorlar ancaq sabit olan yerlərə sərmayə qoyurlar. Sabit olan ölkələrin sayı isə kəskin azalır. Məhz siyasi sabitlik təmin olunan ölkələrdə iqtisadi inkişafa nail olmaq olar. Azərbaycan belə məkandır və bu siyasi sabitliyin təməlində xalqla iqtidar birliyi, dövlət siyasətinin xalqa xidmət etməsi, xalqın dövlətə inamı və ölkə başçısına xalqın dəstəyi dayanır. Düşünürəm ki, belə olan halda iqtisadi uğurlarımız artacaq, ölkəmiz inkişaf edəcək, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yüksələcək, ölkəmiz güclənəcək və torpaqlarımızı işğaldan azad edəcəyik”.

Azər Badamov daha sonra qeyd edib ki, cari ilin iqtisadi göstəriciləri müsbətdir: “Qeyri-neft sektorumuz 1,7 faiz ,qeyri-neft sənayemiz isə 4,4 faiz artıb. Ölkə iqtisadiyyatına 5 milyard dollar investisiya qoyulub, valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 40,4 milyard dollara çatıb. Cari ildə 123 min yeni iş yerləri yaradılıb, xarici ticarət dövriyyəmizdə ixrac 36 faiz, o cümlədən, qeyri-neft ixracı 27 faiz artıb, idxal isə 15 faiz azalıb. Göründüyü kimi, bütün iqtisadi göstəricilərimiz müsbətdir, ölkəmizin iqtisadiyyatı dinamik inkişaf edir. Bu inkişafımızın təməlində dövlət başçımızın müəyyənləşdirdiyi düşünülmüş siyasi-iqtisadi kurs dayanır”.

Ceyhun ABASOV

 





15.07.2017    çap et  çap et