525.Az

Əlilliyi olan şəxslərin hüquqlarına dair ictimai maarifləndirmə tədbiri


 

Əlilliyi olan şəxslərin hüquqlarına dair ictimai maarifləndirmə tədbiri<b style="color:red"></b>

“Əlillərin Cəmiyyətə İnteqrasiyası” İctimai Birliyi Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatının Qadınlar şurası ilə birgə əlilliyi olan şəxslərin hüquqlarına dair ictimai maarifləndirmə tədbiri keçirib.

Ağcabədi rayonu M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbində keçirilən tədbirdə Rəncbərlər bələdiyyəsi, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin nümayəndələri, müəllimlər, kənd sakinləri, müharibə veteranları və əlilliyi olan şəxslər iştirak ediblər.

Birliyin sədri Ramilə Rasimqızı tədbirdə giriş sözü ilə çıxış edərək Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra olunan “Əlilliyi olan şəxslərin hüquqlarına hörmət hissinin aşılanması və onlar barəsində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək” adlı layihənin məqsədi, vəzifələri və əhəmiyyəti barədə onlara məlumat verib.

Qeyd olunub ki, hazırda icra edilən layihənin əsas məqsədi əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliği üçün qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin irəli sürülməsi və bu sahədə ictimai maarifləndirmə tədbirlərinin təşkil edilməsi yolu ilə onların hüquqlarına hörmət hissinin aşılanmasına və barələrində pozitiv təsəvvürlərin formalaşdırılmasına dəstək verməkdən ibarətdir.

Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatı Qadınlar şurasının sədri Radə Qafarova əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosial problemlərinin həlli sahəsində rayon səviyyəsində görülmüş müsbət işlər barədə məlumat verib, regionlarda bu qəbildən olan insanların cəmiyyətə inteqrasiyası baxımından mühüm önəm kəsb edən ixtisaslı pedaqoji kadrlara, müasir avadanlıqlarla təchiz olunmuş xüsusi təhsil müəssisələrinə böyük ehtiyac olduğunu vurğulayıb, bununla əlaqədar müvafiq təkliflərini diqqətə çatdırıb.

Daha sonra layihənin eksperti tərəfindən əlilliyin anlayışı, səbəbləri və qrupları, əlillik terminologiyası, əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunmasının yeni meyarları, əlilliyə yanaşmada tibbi və sosial model anlayışları, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının müddəalarına uyğun olaraq insan hüquqlarına əsaslanan bir model kimi qəbul edilən sosial modelin üstün cəhətləri, hazırda ölkəmizdə tibbi modeldən sosial modelə keçid istiqamətində aparılan islahatlar, əlilliyi olan şəxslərin cəmiyyətin tam bərabərhüquqlu üzvləri olaraq qəbul olunması, onlara hörmət və ləyaqətlə davranılması, ayrı-seçkilikdən müdafiəsi, potensiallarının təbliğ olunmasının əhəmiyyəti və digər məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib.

Bundan əlavə əlillik məsələlərinə dair milli qanunvericilikdə təsbit edilən, habelə beynəlxalq təcrübədə qəbul olunmuş bəzi terminlər, istifadəsi məsləhət görülməyən söz və ifadələr, zəruri reabilitasiya vasitələri və protez-ortopedik məmulatlar, əlilliyi olan şəxslərin milli qanunvericilik və beynəlxalq hüquqi aktlarda təsbit olunmuş insan hüquqları, onların müdafiəsi üzrə mövcud dövlətdaxili və beynəlxalq təsisatlar, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və sosial inklüziyası (bərabər imkanların təminatı) ilə bağlı mövcud problemlər və onların həlli sahəsində dövlətimiz tərəfindən həyata keçirilən fəaliyyətlər barədə də fikirlər bildirilib, eləcə də qarşıdan duran vəzifələr barədə geniş müzakirələr aparılıb.

Tədbirdə çıxış edən YAP Ağcabədi rayon təşkilatının nümayəndəsi Mehman Novruzov, M.Həsənov adına Rəncbərlər kənd tam orta məktəbinin direktor müavini Mehman Nağıyev və digərləri əhalinin əlilliyi olan şəxslərin hüquqları ilə bağlı maariflənməsinə xidmət edən bu layihənin regionlarda da yüksək səviyyədə icra olunmasına görə şuraya və təşkilatın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ceyhun ABASOV

 





15.07.2017    çap et  çap et