525.Az

Gülsadə İbrahimlinin şeirləri


 

Gülsadə İbrahimlinin <b style="color:red">şeirləri</b>

YALNIZLIQ
 
Üşüyürsən yalnızlıqdan,
qurd ulartısına dönür yalnızlıq.
Kölgən sürünür addımlarının ardınca.
çöldə dəli rüzgar,
Çırpır ağacların başını pəncərə şüşəsinə.
hər şey çılğına dönüb,
ən mübah duyğuların maskası qalıb
çarpayının üstündə.
Bir az qarayanız,
  bir az susqun,
  bir az uşaq,
  bir az sənli,
  bir az sənsiz bir kişinin ardından
 qırışır gözlərinin qırağı, əynindəki gecəliyin kimi...
Nəfəsi çıxmır divarların,
səssizliyinin ən bakir halını təslim alır
gecənin kişisayağı ağrısı...
Hər şey sevişmədə çevrəndə...
Rüzgar ağaclarla yaşamın hit nöqtəsində...
Gecə səssizliklə,
                       mən sənsizliklə...
Üşüdür bədənini hərarətini itirmiş arzuların sarması.
Çəkini itirirsən,
düşürsən yatağına çəkirsən çiyinlərinədək yalnızlığını
Və uyuyursan...
 
YALQUZAQ
 
Yalquzağa dönəsən tənha gecədə,
İtəsən bozumtul dumanda, çəndə.
Elə öləsən ki...
Elə öləsən
Qalmasın Tanrının can borcu səndə.
Yumub gözlərini zülmətə tərəf,
Çırpıp kirpiyinin tozun alasan.
Yığıb vəfasızları
Köhnə qatara,
"Gedər-gəlməzlərə" yola salasan.
Gecə,
Səssizlik...
Nədir bu tənhalıq tutub əlimdən,
Nədir bu dilxorluq səsini kəsmir?
Divarda saatın milləri coşub,
Eyvandan atılıb intihar edir,
Yağışın bakirə damlaları da.
Sevdiyim nə varsa dəyişib çoxdan,
Sənə bənzəyibdi sən gedən gündən,
Mən bilən şəhərin adamları da.
Qovsam gedən deyil,
Söysəm utanmaz,
Yaman arsızlaşır təkliyim yaman,
Sən məni anlarsan Göydə Tək Olan,
Gəl, gücün çatırsa yerdə tək dayan.
 
VAĞZAL
 
Gəl, tut əllərimdən, yaxın dost kimi,
öpüm baxışından, yola sal məni.
Yetişir ayrılıq dəmir yol üstə,
yol boyu uzanır yetim xəyallar;
Topla uzaqlardan, ələ al məni...
Bir baxış borc olsun
                bir söz yadigar...
Çox, çox, çox uzaqlara varar bu qatar...
Yaman ayrılığa tələsmişik biz,
necə də dözümsüz çıxdı dərdimiz.
Duyulur vağzalda bir qızın səsi,
"Qatar yola düşür,
tələsin sərnişinlərimiz!"
Üzülmə,
bir xəyal salla sən, qatar dalınca,
ötəri sevginin yolçusuyuq biz.
Bəlkə,
      bəlkə,
           bəlkə nə vaxtsa,
Kəsişdi təsadüf görüşlərimiz.
Dəli sevgisindən itkin düşdüyüm
o kişi bir oğlan atası olar,
Mənim saçlarımda səndən yadigar
taleyi naməlum ağ telim qalar...
 
SON TANQO
 
 Səssizə al hər şeyi,
 bir siqaret yandır,
Tüstüsündə boğ mənsizliyini.
 Acıların ağrısın,
 ürəyin sızlasın qulaqlarına.
 Kürəklərində doğmalaşıb əllərimin xatirəsi,
 gözlərində dustaq təbəssümüm,
 Dodaqlarında bir öpüş sevgi...
 Şərab süz,
 rəqsə qaldır xatirələri!
 Al qollarına
 son dəfə yatağında unutduğun qadını.
 Sarılmağa axtar,
 sevməyə axtar,
 sevişməyə axtar...
 Aç musiqinin səsini sonadək,
 Bu gün mənsizliyinin sonsuzundasan...
 Dağıt divarların yuxusun,
 gileyə gəlsin alt qonşun, açma qapını.
 Sarıl unutmaq istədiyin xəyala,
 oyna mənsizliyin tanqosun!
  
QORXAQ

Yenə üstümə gəlir divarlar,
Yenə şəhərin darıxdırıcı səssizliyi.
Hər qadın yalnızlığı
Bir kişi qorxaqlığıdı.
Hər kişi qorxusu bir qadın uzaqlığı.
Məsafələrə sığmayan sərhədsizliyimsən mənim,
Sərsəm arzularının dənizində
Günəşini gözləyir gəmim.
Sıxılıram,
Sıxılırsan
Sıxılırıq uzaqların yoxluğundan,
Yaxınların düşük keyfiyyətli çoxluğundan .
Divarlar gəlir üstümə,
Son siqareti yandırıb keçəsim var pəncərənin önünə,
Söyəsim var sənsizliyin keçmişinə,
Dününə.
Səni gəzir əllərim,
Üzlərdə axtarıram tanış təbəssümünü.
Hər gün bir az itirib,
Bir az oluram səndən.
Günlər ötüşür,
Zamanı qılınclayır saatın milləri.
Mənim olan bir ömür yenə
yan keçir məndən.

 





18.07.2017    çap et  çap et