525.Az

“Fərdi İnkişaf Akademiyası – 2” layihəsi yekunlaşdı


 

“Fərdi İnkişaf Akademiyası – 2” layihəsi yekunlaşdı<b style="color:red"></b> “Odlar Yurdu” Gənclər İctimai Birliyinin “Fərdi İnkişaf Akademiyası – 2” layihəsi yekunlaşıb.

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, “Qrinviç” Təhsil Mərkəzi, “Sağlam Ailə” Tibb Mərkəzi və Avrora şirkətinin tərəfdaşlığı ilə keçirilən layihə respublikanın müxtəlif regionları və paytaxt gənclərini əhatə edib.

Birlikdən verilən məlumata görə, layihənin keçirilməsində əsas məqsəd gənclərin fərdi inkişafına nail olmaqla, onların gələcək fəaliyyətlərinin bütün sahələrində imkanlarının genişləndirilməsi üçün onlara vacib olan biliklərin mənimsədilməsi, fəal vətəndaş kimi formalaşmasına nail olmaqdır.

Birliyin sədri, layihənin müəllifi Nigar Ələsgərova bildirib ki, “Fərdi İnkişaf Akademiyası – 2” layihəsi 2 mərhələdə həyata keçirilib. İlk mərhələdə cari ilin aprel-may aylarında Bakı ( Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti) və Gəncə şəhərində (müxtəlif univeristetlərin gəncləri) ali təhsil müəssisələrində 300 nəfərdən artıq gənci əhatə edən “Komanda işi və Liderlik”, ”Strateji planlama”, “Məqsədin təyin olunması”, “Fərdi İnkişaf ”, “Motivasiya və özgüvən” mövzularında peşəkar təlimçilərin iştirakı ilə təlim və seminarlar keçirilib. İkinci mərhələdə isə respublikanın səfalı güşələrindən olan Masallıda “FİA-2” adlı yay düşərgəsi keçirilib.

Düşərgədə gənclər “problemlərə yanaşma və həlli yolları” , “çalışqanlıq və şans”, “təqdimat bacarıqları”, “natiqlik” , “özünü tətqiq və məhsuldarlıq”, “ölkəni tanıt-diaspora fəaliyyəti” və s. mövzuları əhatə edən təlim və müzakirələrdə, müxtəlif intellektual, komanda quruculuğu və idman oyunlarında iştirak ediblər.
Gənclərin böyük sevgi və rəğbətini qazanan layihənin bağlanış mərasimi keçirilib və gənclər iştirakçı şəhadətnaməsi ilə təltif olunublar.

Birlikdən verilən məlumata görə eyni adlı layihə (“Fərdi İnkişaf Akademiyası-1) 2015-ci ildə AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gəncə və Qəbələ şəhərlərində də həyata keçirilib. Eyni adlı layihənin davamlı olaraq hər il keçirilməsi planlaşdırılır.
 





18.07.2017    çap et  çap et