525.Az

Azərbaycan dünyaya yeni model bəxş edib


 

Azərbaycan dünyaya yeni model bəxş edib<b style="color:red"></b>

"Bu ilin ilk yarısında ölkəmizin həyata keçirdiyi xarici siyasət kursundan danışsaq, deyə bilərik ki, Azərbaycanın beynəlxalq əlaqələri daha da fəallaşıb, dostlarının sayı isə artıb".

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Asim Mollazadə deyib. Deputat bildirib ki, Azərbaycanın beynəlxalq əlaqələri və münasibətləri bir prinsip üzərində qurulur ki, bura ilk növbədə əməkdaşlıq, qarşılıqlı maraqlar daxildir: "Azərbaycan qarşılıqlı maraqlar üzərində bir sıra ölkələrlə öz münasibətlərini gücləndirir.  Bu gün Avstraliyada, Latın Amerikasında, Şimali Amerika, Avropa və Asiyada Azərbaycanla əməkdaşlıq edən ölkələrin sayı artır, bizim haqq səsimiz həmin ölkələrdə eşidilir. Buna misal olaraq deyə bilərəm ki, bir çox Latın Amerikası ölkələrində Azərbaycanın faciəsi - Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edilib, Avstraliyada da bu istiqamətdə müəyyən işlər həyata keçirilir".
 
A. Mollazadə qeyd edib ki, Azərbaycanın qarşılıqlı maraq üzərində həyata keçirdiyi strateji layihələr nəticəsində dostlarımızın sayı daha da artır: "Bu gün Azərbaycanda dinindən, irqindən asılı olmayaraq yaşayan insanların firavan həyatı, eləcə də bir çox mədəniyyətlərin əməkdaşlığını əks etdirən mühit dünyanın diqqətini çəkir. Ölkəmizdə həyata keçirilən beynəlxalq tədbirlər, forum və konfranslarda iştirak edən xarici nümayəndələr Azərbaycanın bu xüsusiyyətini öz ölkələrinin ictimaiyyətinə çatdırırlar. Mənə elə gəlir ki, məhz bu, Azərbaycana beynəlxalq mühitdə hörmət qazandıran əsas amillərdən biridir. Bu da nəticə etibarı ilə xarici siyasətimizin nə qədər düzgün və milli maraqlara xidmət edən siyasət olduğunu bir daha təsdiqləyir".

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü və komitə sədri Sahibə Qafarova isə deyib ki, ölkəmizin beynəlxalq əlaqələri həqiqətən də cari ildə daha da fəallaşıb: "Bu dövrdə Azərbaycanın beynəlxalq əlaqələri güclənib, ölkəmizin nüfuzu daha da artıb, bir çox məsələlərdə ortaya qoyduğu mövqeyi və təşəbbüslərini dəstəkləyən tərəfdaşlarının sayı çoxalıb".

Onun sözlərinə görə, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və mövqeyi ildən-ilə möhkəmlənir: "Azərbaycanın regional liderliyi dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini şərtləndirir. Azərbaycan bu gün dünyaya istər tolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib".

Sahibə Qafarova deyib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan ölkə kimi tanınır, sözünə etibar olunur: "Dövlətimizin başçısının da qeyd etdiyi kimi,  Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır, həmçinin, beynəlxalq təşkilatlarda fəaliyyəti çox müsbətdir".

Azərbaycanın mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini, artıq bu sahədə geniş təcrübəyə malik olduğunu deyən S. Qafarova vurğulayıb ki, cari ilin 6 ayı da bu mənada xüsusilə xarakterikdir: "Xatırlatmaq istərdim ki, bu il ölkəmizdə V Qlobal Forum, IV Mədəniyyətlərarası Dialoq Forumu, 24-cü Xəzər neft-qaz sərgi və konfransı və bu kimi digər tədbirlər reallaşıb. Həmçinin, IV İslam Həmrəyliyi Oyunlarına da məhz Azərbaycan ev sahibliyi edib. İlk Avropa Oyunlarından sonra İslam Həmrəyliyi Oyunlarının da ölkəmizdə keçirilməsi Azərbaycanın müasir inkişafını təsdiqləməklə yanaşı, ölkəmizdə multikulturalizmi, fərqli dinlərə, sivilizasiyalara yüksək münasibəti, dünyada sülh və barışın, mədəniyyətlər arasında həmrəyliyin təmin olunmasına verdiyi töhfələri də sübut edir. Əlbəttə ki, belə tədbirlərin ölkəmizdə keçirilməsi həm bizim beynəlxalq nüfuzumuzu artırır, eyni zamanda, bu tədbirlər dünyada gedən müsbət proseslərə də öz təsirini göstərir. Bu cür yüksək səviyyəli tədbirlərin paytaxtımızda keçirilməsi, o cümlədən, Azərbaycanın dünyadakı rolunu, inkişafını, ölkəmizə beynəlxalq aləmin, aparıcı dövlətlərin rəğbətini göstərir".

S.Qafarova hesab edir ki, Azərbaycanın xarici siyasət sahəsində atdığı addımlar ölkəmizin prioritetlərinin reallaşdırılması, qarşıda duran hədəflərə nail olunması baxımından effektiv və uğurludur: "Hazırda Azərbaycan əsas məqsədə, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaq üçün ardıcıl siyasətini davam etdirir: "2017-ci ilin birinci yarısında da bununla bağlı işlər görülüb. Ermənistanın işğalçı siyasətinin ifşa olunması, ölkəmizin beynəlxalq hüquqa söykənən mövqeyinin dəstəklənməsi, daha böyük dəyər qazanması sözügedən uğurların sırasında qeyd oluna bilər. Son olaraq Alxanlı kəndində törədilmiş cinayətin dünyada böyük əks-səda doğurması, beynəlxalq aləmin İrəvan hakimiyyətinin terrorçu fəaliyyətini tənqid etməsi Ermənistana, onun terrorçuluğu dəstəkləyən hakimiyyətinə dünyada nifrətin daha da artdığını göstərdi".

PƏRVANƏ

 





19.07.2017    çap et  çap et