525.Az

Tural Adışirinin şeirləri


 

Tural Adışirinin <b style="color:red">şeirləri</b>

Söz-şair başında bir qızıl tacdır.
Şair-sözdən göyərib qalxan ağacdır.
Sözdür kökü də, budağı da,
Sözdür meyvəsi, yarpağı da.

Şair yanıb külə dönən,
Öz külündən bu dünyaya bir də gələn
Səməndər quşudur, Səməndər quşu.
Günəş kimi alovlanıb,
Gün şəfəqli şeirlər qoşur.

Şair qəlbi bir ümmandır,
Şair öz söz ümmanının
Sahilində dayanandır.
Okeanlar nə zamansa donasıdır,
Donmayacaq bir ümman var-
Şairin söz dünyasıdır.

Şair - "Həq məndədir" deyən,
Nəsiminin haqq dilidir.
Hər kəs deyə bilməyəni,
əsl şair deməlidir.

məsləklərin çarpışdığı bir meydandır,
şair yazı yazan masa.
şair ola bilərdimi,
O, fikirlə duyğusunu vuruşdurub yazammasa?

lll

Ayrıldıq, qovuşduq qəmə, kədərə
Əfsus qovuşmadı məhəbbətimiz.
Əlvida söylədik o görüşlərə
Bir daha can deyib görüşmədik biz.

Son qoyduq nəğməli gülüşlərinə,
Eşqinlə əriyən gecələrə də.
Hicran qış gətirib görüş yerinə,
Səninlə sevinən küçələrə də.

Əlvida söylədik o günlərə ki,
Heç zaman, heç vədə geriyə dönməz
Əlvida söylədik o güllərə ki,
Bitib xatirədə ətri tükənməz.

Əlvida söylədik biz yana-yana,
Hər şeyə, nə üçün niyə bilmirəm?
Fəqət hicranına, ayrılığına,
Hələ də əlvida deyə bilmirəm

lll

Boğa bilməyirəm acı qəhəri,
Solmuş ümidimi biçib gedirsən.
Mənə söz vermişdin bir yaz səhəri,
İndi başqa evə köçüb gedirsən.

Kövrək duyğulardı qəlbimə dolan,
Könlümü sirdaş da ala bilməyir.
Niyə ürəyimin sahibi olan,
Evimin sahibi ola bilməyir.

Bir uşaq kimiydim, gücsüzdüm bayaq,
Bu necə qəzəbdi sinəmdə dindi.
Gözünü qan tutmuş bir dəli sayaq,
Toyun qabağını kəsimmi indi?

Kaş bütün sevənlər mənimtək sevə,
Nisgil var ürəkdən çox çətin köçür.
Sən gəlin köçürsən başqa bir evə,
Mənimsə ömrümə həsrətin köçür.

lll

Məni sevirsənsə bir dəniz ol ki,
Sahili, səması çox geniş olsun.
Yalçın qayalarda elə iz ol ki,
Ora yad ayağı dəyməmiş olsun.

Məni sevirsənsə yağışa bənzə,
İslat yay günləri yaylaqda məni.
Gah təzə bahara, gah qışa bənzə,
Nə günəş yandırsın, nə şaxta məni.

Məni sevirsənsə bir çinar ol sən,
Saçların tökülsün sinəmə tel-tel.
Bağda təzə qönçə, dağda qar ol sən,
Səcdənə mən gəlim günəşdən əvvəl.

Məni sevirsənsə küləyə bənzə,
Dağıt üstümüzdən çəni, dumanı.
Sən mənim sinəmdə bir neyə bənzə,
Nəğməsi bürüsün düzü-dünyanı.

Məni sevirsənsə bir şimşək ol sən,
İşıqlat könlümü bir anlıq mənim.
Bu aysız, ulduzsuz göydə tək ol sən,
Almasın üstümü qaranlıq mənim.

Məni sevirsənsə bahar ol, ey gül,
Dan yeli, sübh şehi qoy mənim olsun.
Sinəndə döyünən o zərif könül,
Qoy mənim əbədi vətənim olsun.

lll

Sən kimsən? - bu sual yerinə düşdü,
Özünü ələ al tələsmə bir an.
Bu sənin özünlə qəfil görüşdü,
Sən kimsən? Özünlə üz-üzə dayan.

Gör, kimin eşqiylə döyünür ürək,
Gör, kimin odunda bu qəlb isinər
Sən öz kimliyini biləsən qərək,
Kimsə kimliyini soruşa bilər.

Ovçumda çığırlar ömür yolusa,
Əllərim bilir ki, sabah mən kiməm.
Əgər sonralardan xəbərim olsa,
Mən öz kimliyimə, bil ki, hakiməm.

Sən kimsən? - Bu fikrin tərkinə mindim,
Sən kimsən? - Bu fikiri çəkdim ortaya.
Torpaqdan boyumca dərinə endim,
Baxdım uzaqlara, baxdım sonraya.

Mən elə Fərhadam - qayalar yaran,
Ya da haqq yolunda güllə hədəfi.
Mən öz kimliyimi unudammaram,
Mən elə hər yerdə düzün tərəfi.

Sən ana südündən halallıq istə,
Özünə məhrəm bil mənim ərkimi.
Heykəl oğullar var bu torpaq üstə,
"Kimsən" sualına bir cavab kimi.

 





20.07.2017    çap et  çap et