525.Az

“Mənim universitetlərim” (3-cü yazı)


 

“Mənim universitetlərim” <b style="color:red">(3-cü yazı)</b>

(Yaddaşımın küncündən...)

[email protected]  

...Qəzet səhifələrindən “Rəfail Nağıyev” imzasıyla tanışlığım keçən əsrin 60-cı illərinin ortalarında başlanıb. Mən o vaxt mətbuata maraq göstərən 15-16 yaşlı məktəbli olmuşam, jurnalist sənətkarlığının nə demək olduğunu, təbii ki, bilməmişəm. Amma qəribədir ki, məni “Rəfail Nağıyev” imzalı yazıların tematikasından, süjet və kompozisiyasından daha çox üslubu, ifadə tərzi və dili cəlb edib.

Uğurlu bənzətmə tapa bilmirəm: həmin yazıların hər abzası, hər cümləsi, hər bir kəlməsi mənə təlim-parad meydanında (“plats”da) nizami yeriş zamanı əsgər çəkmələrinin qopardığı səslərin ahəngdarlığını xatırladıb. Yəni belə: sol ayaqla başlanan yerişdə birinci addım bitən andan müəyyən vaxt keçəndən sonra ikinci addım, birinci addımla ikincinin arasındakı zaman və məsafə ölçüsünə tam uyğun gələn üçüncü, dördüncü, beşinci... addım gəlir. Həm də irəli atılan hər addımdan sonra sanki çəkmə “superyapışqan”la meydançaya yapışır – istəsən də onu qopara bilmirsən...

İllər keçəcək, mən 1987-ci ildən onunla eyni qəzetin redaksiyasında işləməyə başlayacaq, qələmindən çıxmış ən xırda yazılardan da xəbər tutmaq imkanı qazanacaq, səngiməyən yeniyetməlik marağıyla həmin yazıları oxuyacaq və mat-məəttəl qalacağam: yazı tərzi elə 60-cı illərin ortalarından hafizəmə həkk olunmuş kimidir! Heç bir yazıda artıq abzas, abzasda artıq cümlə, cümlədə isə artıq kəlmə yoxdur. Yox-dur!..

Altında Əlinin, Vəlinin, Dəlinin imzası olan, yaxud imzasız yazılar oxuyacağam. Amma hər şey mənə tanış görünəcək: kompozisiya həmin kompozisiya, abzas həmin abzas, cümlə həmin cümlədir. Şübhəm qalmayacaq: onun qələmindən çıxıb!

Özünə deyəcəyəm, əvvəl: “Yox... Bilmirəm... Xəbərim yoxdur” – deyə fikrimi azdırmağa çalışacaq. Dilə gətirməsəm də, daxilən bu “xəbərim yoxdur”u qəbul etmədiyimi duyub soruşacaq: “Nədən bilmisən?”.

Artıq neçənci dəfə əsgər yerişi barədə “köhnə bayatı”nı çağırmağa başlayacağam və o da sanki birinci dəfə eşidirmiş kimi, bu “bayatı”ya qulaq kəsiləcək. Sinəsinə döyməyəcək, “Mən beləyəm də!” – deməyəcək, amma duyacağam ki, daxilən xoşhallanır.

Onu həmişə yazılarının mövzusuna görə ya öyüb, ya da söyüblər. Bütün səviyyələrdə belə olub. YAZI adamı kimi, onun isə heç vaxt NƏDƏN yazmaq problemi olmayıb – o, həmişə NECƏ yazmağın fikrini çəkib.

Rəfail Nağıyev necə yazmağın ustasıydı!..

...60-cı illərin ikinci yarısıdır. Redaktor (yəni baş redaktor) müavini olduğu qəzetdə – respublikanın 1 nömrəli qəzetində az qala hər həftə onun bir bədii oçerki, müsahibəsi, ifşaedici məqaləsi, məhkəmə oçerki...dərc olunur. Mənim və artıq içərisində yaşadığım tələbə mühitində mətbuata maraq göstərən hər bir yaşıdımın nəzərində bu respublikada ondan qüdrətli adam yoxdur: loru dillə desəm, yəni qılıncının dalı da kəsir, qabağı da...

87-ci ilin 1 avqust günüdür – təzə qəzetin redaksiyasında ilk iş günüm. Onunla cəmi bir həftə əvvəl – işə qəbul olunmağım barədə məsələ müzakirə edən redaksiya heyətinin iclasında əyani, necə deyərlər, üzbəsurət tanış olmuşam (qiyabi şəkildə bir-birimizi tanımağımız barədə isə əvvəllərdə, “Yaddaşımın küncündən...”də, “Bu dünyada kimin günü qara deyil?!.” adlı xatirəmdə belə yazmışam: “...Hansısa ildə axşam “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatındakı redaksiyamıza zəng vurub təxminən bir qəzet səhifəsi həcmində yazını tərcümə eləmək üçün mənə göndərdiyini söyləmiş, yazı boyu hansısa sözbirləşməsini nə cür tərcümə eləmək lazım gəldiyini də əlavə eləmiş və tərcümə olunmuş mətni redaktəsiz-zadsız birbaşa yığım sexinə göndərməyimi istəmişdi. Belə anlaşılırdı ki, tərcümə eləməyimdən xəbərdardır, hətta o dərəcə də ki, redaktəyə də ehtiyac duymur...”), bu gün isə artıq iş yoldaşıyıq. Evə getmək ərəfəsində daxili telefonla zəng vurur və rəsmi idarə tabeçiliyi qaydalarına qətiyyən uyğun gəlməyən bir sual verir: “Evə ətdən-yağdan bir şey lazımdırmı?”. Ətin, yağın talonla satıldığı illərdir – halalca pulumuza talonda göstəriləndən 100 qram artıq yağ tapanda da sevinirik. Ərkyana sualını eşidib, təbii ki, bütün rəsmiyyəti kənara qoyur və qətiyyətlə: “Lazımdır!” – deyərəm...

Yolüstü maşını bir mağazanın qarşısında əylədir: “Biz həmişə buradan alırıq. Raykom işçiləri üçün gətirirlər, dost-tanışa da pay düşür”.

Mağazanın müdiriylə səmimi görüşüb məni təqdim edir: “Təzə şöbə müdirimizdir. Bu gün birinci dəfə işə çıxıb. Dedim evə əliboş qayıtmasın; hərəmizə iki kilo ət, bir kilo da yağ ver...”.

Müdir dağı arana birləşdirir: “Vallah, imkan yoxdur, sabah gəlin, bəlkə bir şey düzəldə bildim...” – deyir. Xahiş-minnət kömək eləmir. Mağazanı tərk edirik. Mənim elə bir narahatlığım yoxdur, o isə – mən bunu açıq-aydın görürəm – mənəvi əzab çəkir. Tək mağaza müdirinin deyil, həm də “təzə işçi”nin yanında sözünün yerə düşməsinə görə!

Həmin anda mənim nəzərlərimdə də neçə illər qabaq onun barəsində yaranmış HƏR ŞEYƏ QADİR mifi dağılır. Demə, o da adi bir insanmış – ən xırda məişət problemini də həll etməkdə aciz qalan öləri sovet adamı!

Halbuki kommunist rejiminin yazılmamış qaydalarına müvafiq olaraq, neçə-neçə ali mənsəb sahibi onun imzasıyla dərc olunmuş yazılardan sonra vəzifə kürsüsüylə vidalaşmaq məcburiyyəti qarşısında qalmış, uzunmüddətli azadlıqdan məhrumetmə cəzalarına layiq görülmüşdü...

Bu “adi”, “aciz” insan Moskvanın “Oqonyok” jurnalında Şuşanın erməni şəhəri, “Komsomolskaya pravda” qəzetində Qarabağın Ermənistan əraziləri kimi təqdim olunması əleyhinə “Kommunist” qəzetində, öz imzasıyla yazı dərc etdirməkdən çəkinməmiş və bu “özbaşınalığına” görə Azərbaycan KP MK bürosunda rəsmi töhmət almışdı...

Bu “aciz” insan redaktor əvəzi kimi çapa imzaladığı qəzetdə SSRİ adlı dövlətin başçısı Mixail Qorbaçovun, Sov.İKP MK Siyasi Bürosunun antiazərbaycan siyasəti əleyhinə yazının dərc olunmasına qol qoymuşdu...

Məzahir Süleymanzadə də şahiddir: 25 yanvar 1990-cı il tarixli “Səhər” qəzetinin  – o vaxt rəsmən “Kommunist” qəzetinin iqtisadi əlavəsi olan nəşrin “şapka”sındakı daimi qrifi (“Kommunist” qəzetinin iqtisadi əlavəsi” kəlmələrini) çıxarıb atmağın icazəsini o vermiş, “Kommunist” qəzetinin redaktor əvəzi və “Səhər”in matəm nömrəsini çapa imzalayan məsul şəxs kimi “bu özbaşınalığın” vəzifə və partiya məsuliyyətini də öz öhdəsinə götürən o olmuşdu...

Məşhur sovet kinorejissoru Stanislav Qovoruxinin “Qara yanvar” barədə “Moskovskiye novosti” qəzetindəki məqaləsinin “Kommunist”də dərc olunmasına hərbi senzor icazə verməyəndə mətbəə fəhlələrini boykota təhrik edən və buna görə 30 sutkalıq həbs cəzasıyla cəzalandırılan, Azərbaycan SSR Ali Soveti deputat-istintaq komissiyasının 10 fevral 1990-cı il tarixli yekun sənədini qeyri-rəsmi yolla əldə edərək “Kommunist”də verməyə cəhd göstərdiyinə görə Bakının hərbi komendantı tərəfindən daha 30 sutkalıq həbs cəzası alan da o idi...

İndi necə demək olar ki, o, “aciz insan” idi?!

lll

Onun qəzetçi ömrünün təxminən 40 ili sovet hakimiyyəti illərinə düşüb. Həmin müddətdə SSRİ rəhbərliyində 6 nəfər, Azərbaycanda isə 7 nəfər bir-birini əvəzləyib. Rejim və onun mahiyyəti, ideologiyası prinsipcə dəyişməsə də, hər rəhbər cəmiyyətə öz şərtlərini diktə edib. “Diktə” diktaturanın özəyi, mayasıdır. Diktatorun çaldığı havaya mütləq əksəriyyətin – on milyonlarla, yüz milyonlarla insanın oynadığı bir şəraitdə ayrıca bir  fərdi toplumdan təcrid edib onu bütün bəlaların baiskarı qismində qələmə vermək sağlam məntiqə sığmır. Rejimə qulluq eləmək bir şeydir, konkret iş sahəsində vicdanla işləmək, təmiz və keyfiyyətli iş görmək – ayrı şey. Üstəlik də konkret zaman kəsiyinin içində yaşayıb həmin zaman kəsiyinə yüzdə-yüz düzgün qiymət vermək hər insana nəsib olan keyfiyyət də deyil.

Rəfail Nağıyev öz dövrünün vətəndaşı idi və həmin dövrün sifariş verdiyi mövzularda yazırdı. Sifarişə əməl etməməyin bircə yolu vardı: ümumiyyətlə, yazmamaq; qələmi yerə qoyub dəmiryol vağzalında yük daşıyan hambalların cərgəsinə qoşulmaq.

Bu gün yol göstərmək çox asandır, amma deyək ki, 40 il qabaq özünü cəmiyyətə qarşı qoymaq xüsusi cəsarət tələb edən hərəkət olmalıydı.

Rəfail Nağıyev qəhrəmanlıq sevdasına düşməmiş, öz işini yüksək keyfiyyətlə görməyə üstünlük vermişdi. Təbii ki, indiki dillə desək, hər yeni iqtidar onun əvvəlki iqtidar dövründəki yazılarını qəbul etməmişdi. Amma eyni zamanda, onun yüksək səviyyəli PEŞƏKAR olduğunu da unutmamış, yenə ən məsul tapşırığı, deyək ki, respublika rəhbərləri üçün çıxış yazmağı, yaxud rusca yazılmış həmin çıxışı və ya SSRİ başçısının nitqini tərcümə eləməyi məhz ona həvalə etmişdilər.

Onun 30-dan artıq tərcümə kitabı var. Sözümün canıyla birbaşa bağlı olanları sadalayıram: Leonid Brejnevin xatirələri, Dubinski-Muxadzenin Nəriman Nərimanov və Şaumyan barədə kitabları; Valovoyun iqtisadi mövzuda kitabı; Dmitri Volkoqonovun Stalin barədə kitabı; marşal Ştemenkonun xatirələri; “Əsrin kontraktı” adlandırılan neft müqavilələri və s. Tərcüməçi R.Nağıyevə bu kitabların müəllifinə və ya mövzusuna görə deyil, hər şeydən öncə, tərcümənin keyfiyyətinə görə qiymət vermək gərəkdir.

Qiymət vermək üçün isə həmin kitabları hökmən peşəkar oxucu gözüylə mütaliə etməlisən.

lll

90-cı illərin lap əvvəllərində “Bərəkət” adıyla nəşr olunmuş keçmiş “Sovet kəndi” qəzetindəki təxminən 10 aylıq işini nəzərə almasaq, o, heç vaxt redaktor (baş redaktor) – redaksiyada birinci şəxs olmamışdı. Amma o, iliyinə qədər redaktor idi: qəzetçilikdə yüksək səviyyədə bilmədiyi məsələ, fəaliyyət sahəsi yoxdu. Cəmil Əlibəyovdan Şamil Şahməmmədovacan, Məzahir Süleymanzadədən Akif Qəhrəmanovacan, Əfqan Əsgərovdan İlham Rəhimliyəcən, Hidayət Zeynalovdan  Telman Heydərovacan, Əhməd İsayevdən Ziyəddin Sultanovacan, Vaqif Bəhmənlidən Rafiq Hacıyevəcən, Rusvat Bayramovdan Zülfüqar Rüfətoğlunacan (mən hazırda həyatda sağ olanların adını çəkirəm) – hamı təsdiqləyər ki, Rəfail Nağıyev qəzetçilik peşəsinin birincisiydi: kifayət qədər təşkilatçılıq, rəhbərlik bacarığına, bitib-tükənməyən orijinal ideyalara malik kollektiv başçısı və son dərəcə qayğıkeş, demokratik ruhlu yazı redaktoru, novator məsul katib (maketçi) və rəssam duyğulu tərtibatçı (illüstrasiyaçı), universal mövzulu jurnalist (publisist) və mahir tərcüməçi – bütün bu keyfiyyətlər onda sanki anadangəlmə formalaşmışdı.

lll

1991-ci il oktyabrın 9-da – 60 yaşının tamamına iki gün qalmış onu sevimli peşəsindən – qəzetçilikdən ayırmışdılar, “kollektivin tələbiylə”. Rəsmən heç bir maddi-məsul vəzifə tutmadığı, kütləvi informasiya vasitələri redaksiyasında işləmədiyi – eləcə Dövlət Neft Şirkətində tərcüməçi olduğu sonrakı illərdə ən nüfuzlu və səlahiyyətli dövlət idarələri məhz onu dəvət edib əhəmiyyətli saydıqları mövzularda yazıları yazdırır, həmin yazıları bir neçə qəzetdə təkrar-təkrar dərc etdirəndə isə öz imzasını – “Rəfail Nağıyev” imzasını açıqlamağı “lazım bilmirdilər”; Rəfail Nağıyev 1988-ci ilin fevral-mart aylarında Moskvada son dərəcə ümidsiz cərrahiyyə əməliyyatına məruz qalmışdı və bütün bunlar ona dəyən ciddi fiziki-mənəvi zərbələr olsa da, ən ağırı deyildi.

Rəfail Nağıyevə ağrısı heç vaxt çəkilməyəcək zərbəni 1999-cu il fevralın 15-dən sonra – ömrünün sonuncu günündən sonra endirdilər: 37 il fasiləsiz çalışdığı qəzetdə “Vida sözü” dərc eləməyi və ya ailəsinə, ilk növbədə də elə həmin qəzetdə 33 il (!!!) işləmiş ömür-gün yoldaşı Firuzə xanıma başsağlığı verməyi “unutmaqla”! Hərçənd əməkdaşlarından bir neçəsi vaxtilə R.Nağıyevlə iş yoldaşı olmuş “rəsmi dövlət qəzeti” də o vaxtlar üçün həddən artıq az sayda olan “Azərbaycan Respublikasının əməkdar jurnalisti” titullu həmkarının vəfatıyla bağlı standart başsağlığı dərc etməyəndə, məncə, heç nəyə təəccüblənmək lazım deyil...

lll

80-ci illərin axırlarında peşədaşı və işdaşı Cəlil Xəlilovla birlikdə “Karvan” roman-qəzeti üçün Dmitri Volkoqonovun kitabını tərcümə eləmişdi. Kitabın adı beləydi: “Zəfər və faciə”. Rəfail Nağıyev zəfərlə faciənin üzvi şəkildə çulğaşdığı bir ömür yaşadı: peşəsi onu eyni vaxtda həm qibtə, həm də qınaq hədəfi etdi. O isə bundan zərrəcə incimədi, əksinə, “jurnalistikaya məni kasıbçılıq gətirdi, məni bu gözəl peşəyə caladığı üçün yoxsulluğuma minnətdaram” – dedi.

Rəfail Nağıyevin bu tale qismətini qəbul etməkdən savayı çarəsi yoxdu. Ayrı cür də ola bilməzdi: o, PEŞƏKARLAR olmadan ötüşə bilməyən, lakin həqiqi PEŞƏKARı qəbul etməyən, qiymətləndirməyən cəmiyyətin yetirməsiydi...

P.S. Rəfail Məmmədhüseyn oğlu Nağıyev “mənim universitetlərim”in birincilərindəndir...

1960-cı illər – May 2013

 





17.05.2013    çap et  çap et