525.Az

Hollandiya məktəbliləri Azərbaycanla bağlı təqdimatlar keçirdilər


 

Hollandiya məktəbliləri Azərbaycanla bağlı təqdimatlar keçirdilər<b style="color:red"></b>

Xəbər verildiyi kimi, 2016-cı ilin dekabr ayında Azərbaycanın Avropalı Dostları Mərkəzinin İdarə Heyətinin illik iclasında Xocalı soyqırımının 25-ci ildönümünün Niderland Krallığında daha qlobal miqyasda keçirilməsi qərara alınıb.

Diaspora Jurnalistləri Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın Avropalı Dostları Mərkəzi indiyəcən Hollandiyada misli görünməmiş lahiyəyə start verib, 2017-ci ilin Hollandiyada “Xocalı ili” kimi adlandırılmasına nail olub. Xocalı faciəsinin 25-ci ildönümünün il ərzində qeyd olunması üçün əsasən, kolleclərdə, məktəblərdə, gənclər təşkilatlarında yığıncaqlar keçirilib. Bunun üçün Azərbaycanın Avropalı Dostları Mərkəzi tərəfindən Xocalıyla bağlı anım tədbirləri siyasətdən tamamilə uzaq olaraq, mədəni, incəsənət və musiqi əsasında qeyd olunub.

Azərbaycanın Avropalı Dostları Mərkəzinin sədri Leyla Babayevanın verdiyi məlumata görə, layihə çərçivəsində növbəti tədbir Hollandiyanın Harlem şəhərində keçirilib. “Ölkələr və bizi birləşdirən ənənələr” adlı tədbirdə şəhərin 6 kollecinin şagirdləri iştirak ediblər. Məktəblər üç sahə - mədəniyyət, adət-ənənələr və tarix üzrə təqdimatlar etmək üçün üç qrupa bölünüblər. Son 7 ay ərzində hər məktəb səylə bu təqdimatların hazırlanması ilə məşğul olub.

Birinci məktəb Xurşidbanu Natəvan və Belçikanın Vaterloo şəhər parkında onun şərəfinə ucaldılmış abidə haqqında məlumat verib. İkinci məktəb Azərbaycanda mövcud olan müxtəlif etnik qruplar, onların din və adət-ənənələrinə olan hörmət və inam haqqında danışıblar. Bu mərhələdə Azərbaycandakı kilsə və sinaqoqlar haqqında məlumat verilib. Təqdimatda Qarabağ ərazisindəki Alban kilsələrinin mövcudluğu vurğulanıb.

Üçüncü məktəb isə tarixi mövzu seçib. Onlar Böyük İpək Yolunun Azərbaycan ərazisindən keçməsi və bu yoldan Avropanın, eləcə də  hollandların da istifadə etməsindən danışıblar.

Qeyd edək ki, 200-dən çox tamaşaçının iştirak etdiyi təqdimatda “Eurovision” mahnı müsabiqəsində Azərbaycan müğənnilərinin səsləndirdiyi mahnılar da ifa olunub.

Xatırladaq ki, bu tədbirlər Azərbaycanın Avropalı Dostları Mərkəzinin  “Yolumuz Qarabağadır” layihəsi çərçivəsində keçirilir. Ümumilikdə, bu layihə çərçivəsində əsas məqsəd Dağlıq Qarabağla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə subtil yolla çatdırılması, xüsusilə də holland xalqının ictimai-mədəni tarixində gələcək nəsillər üçün arxivləşdirilməsidir.

Ceyhun ABASOV

 





25.07.2017    çap et  çap et