525.Az

Prezidentlərin Soçi görüşü: Cənubi Qafqazda mürəkkəb vəziyyət


 

"RUSİYA REGİONAL MÜRƏKKƏBLİYİN SADƏLƏŞDİRİLMƏSİ YOLUNU AZƏRBAYCANLA BİRGƏ AXTARIR"

Prezidentlərin Soçi görüşü: <b style="color:red">Cənubi Qafqazda mürəkkəb vəziyyət</b>

Məlum olduğu kimi, iyulun 21-də Rusiyaya işgüzar səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev həmkarı Vladimir Putinlə görüşüb.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivi, habelə regional və beynəlxalq məsələlər geniş müzakirə edilib. Həmçinin, görüşdə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu bir daha təsdiqlənib, ikitərəfli və çoxtərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi istiqamətində görülməsi zəruri olan işlər, yeni yolların müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparıblar.

Qeyd olunub ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı erməni lobbisi və onun təsiri altında olan bəzi ermənipərəst, anti-Azərbaycan dairələri və bəzi beynəlxalq dairələri narahat edir, bu münasibətlərə xələl gətirilməsinə cəhdlər göstərilir. Ancaq münasibətlərin xarakteri, dərinliyi və inkişaf perspektivi, habelə dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluq belə cəhdlərin baş tutmayacağını və iflasa uğrayacağını şərtləndirən mühüm amillərdir.

Bildirilib ki, ikitərəfli münasibətlərə kənardan müdaxilə cəhdləri bu günə kimi baş tutmayıb və qarşıdan gələn dövrdə də heç bir nəticə verməyəcək.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, bunun üçün yolların tapılması çox geniş müzakirə olunub, mövcud status-kvonun bundan sonra davam edə bilməyəcəyi xüsusi vurğulanıb.

Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıblar.

Məsələ ilə bağlı "525"ə fikirlərini bildirən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu qeyd edib ki, Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşü bütün parametr və prizmalar üzrə çox yüksək səviyyəli tədbir idi: "Hətta mümkündür ki, həmin görüşdə o qədər də müsbət məsələlər deyil, neqativ tutumlu problemlər müzakirə edilsin. Çünki Rusiya prezidenti Vladimir Putinin dediyi kimi, hazırda regional vəziyyət xeyli mürəkkəbdir".

Politoloqun sözlərinə görə, bütün hallarda səfərin əhəmiyyəti böyükdür: "Geniş mənada, Rusiya regional mürəkkəbliyin açarını, sadələşdirilməsi yolunu Azərbaycanla birgə axtarır. Yəni bu, Azərbaycanın ümumilikdə, dünya çapında getdikcə daha çox əhəmiyyətə malik olduğunu göstərir. Bu, Azərbaycanın dünyada bir çox proseslərdə az qala açar rolunu oynadığının əyani sübutudur. Bəs, regional vəziyyəti mürəkkəbləşdirən nədir? Diqqət yetirsək, son dövrlər ABŞ-la İran arasında vəziyyət son dərəcə gərgindir. Livanda İrana bağlı "Hizbullah" qrupu Suriya ilə sərhəddi öz nəzarəti altına götürüb. Bu təbii ki, ABŞ və İsrailin xoşuna gəlmir. Buna görə də, Birləşmiş Ştatlar prezidenti Donald Tramp İranı hədələyib. ABŞ prezidenti İranı beynəlxalq hüquqa riayət etməyə çağırıb. Bu, Tramp tərəfindən İrana açıq hədədir".

M.Əhmədoğlu bildirib ki, hazırda ABŞ-ın Rusiya-Türkiyə münasibətlərinə qarşı mövqeyi normal deyil: "Vaşinqtonda Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşmasına qarşı müəyyən qorxu, qısqanclıq yaranıb".

Mərkəz sədri hesab edir ki, ABŞ-İran, ABŞ-Türkiyə münasibətlərinin region üçün ehtimal olunan təhlükəsi Rusiyada qorxulu vəziyyət yaradıb: "Moskva bu vəziyyətdən çıxmaq üçün Azərbaycandan kömək istəyir, dövlətimizə ehtiyac duyur. Nəticədə, Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə məsləhətləşmə aparmaq qərarına gəlib. Məsələyə bu fonda baxanda Ermənistan regionun küncündə qalan dövlətdir. İşğalçı ölkənin dünya və region siyasətində heç Azərbaycanın rayonları qədər rolu, əhəmiyyəti yoxdur. Baxsaq görərik ki, hazırda Azərbaycan dünyada hansı məsələləri həll edir, Ermənistan hansıları".

Cənubi Qafqaz regionuna aid məsələlərdə mürəkkəbliyin olduğunu deyən M.Əhmədoğlu qeyd edib ki, Putin çalışır ki, həmin məsələlərin də həllini Azərbaycan prezidenti ilə məsləhətləşsin: "Diqqət yetirsək, son dövrlər Gürcüstan Rusiyaya qarşı möveyini sərtləşdirdikcə, ermənilər də Qərbə doğru meyllənirlər. Hətta bir qrup erməni Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmasını tələb edir. Həmçinin, düşmən ölkə NATO ilə əlaqələrini xeyli intensivləşdirib. Ermənilər təxminən, 1 həftə əvvəl NATO-nun Rumıniyada keçirilən hərbi təlimlərində iştirak edib. İndi isə Gürcüstanda keçiriləcək iki NATO təlimində Ermənistan iştirak edəcək. Bir tərəfdən Ermənistan Rusiyanın strateji tərəfdaşı olduğunu deyir, digər tərəfdən isə Moskvanın qənimi olan NATO ilə əlaqələrini genişləndirir. Rusiya bütün bunları görür. Məlumdur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xətti ilə Suriyaya qoşun göndərilməsinə razılıq verməyib. Buna təkcə etiraz edən işğalçı ölkə olub. Bütün bunlar onu göstərir ki, Ermənistan-Rusiya münasibətlərində də problemlər var. Bu da istər-istəməz regional gərginliyə səbəb olur. Bu mənada, Putin hesab edib ki, bu məsələlərin də müzakirəsi Azərbaycan prezidenti İlham Əliyevlə aparılmalıdır".

Rusiya və Azərbaycan prezidentlərinin görüşünün Dağlıq Qarabağ münaqişəsinin həllinə təsirlərindən danışan M.Əhmədoğlu bildirib ki, bu məsələnin prezidentlərin görüşündə müzakirə olunduğu dəqiqdir: "Azərbaycan hazırda regionun önəmli məsələlərinin həllinə böyük rola malikdir. Dövlətimizin dünyada artan nüfuzu, gücünün münaqişənin həlli ilə bağlı məsələləyə böyük təsiri var. Son dövrlərdə Azərbaycan prezidentinin apardığı aktiv siyasət, ABŞ-dan Azərbaycana edilən təkliflər, iki ölkə arasında münasibətlərin istiləşməsi, eləcə də Avropa İttifaqı-Azərbaycan münasibətlərində yaranan müsbət əhval-ruhiyyə istər-istəməz Dağlıq Qarabaq kontekstində Rusiyanın mövqeyinə təsir edir. Bu da nəzərə alınmalıdır ki, Azərbaycan prezidenti haradadırsa, orada hökmən Dağlıq Qarabağ məsələsi əsas müzakirə mövzularından biri olur. Ona görə də, gec-tez Azərbaycan ümumi əhəmiyyətini artırmaqla yanaşı, Dağlıq Qarabağ məsələsinin həllində də həlledici təsirini göstərəcək. Düşünürəm ki, rəsmi Bakı münaqişənin həlli ilə bağlı yaxın vaxtlarda ciddi addım atacaq".

"Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevlə qəfil görüşə ehtiyac duyub: "Bunun səbəbi çoxumuzun beynində dolaşır. Ancaq bizdən də çox ermənilər narahatdır. Onların beynində dolaşan sual isə budur: görəsən Putin İlham Əliyevlə razılaşıb Ermənistana təzyiq etməz ki?"

E.Şahinoğlu hesab edir ki, bütün hallarda Soçi görüşü Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirməyəcək: "Tam tərsinə, Kreml Azərbaycan ordusunun işğalçıya artan təzyiqindən narahatdır və bu narahatlığını müxtəlif yollarla rəsmilərimizə anladırlar".

Rusiya və Azərbaycan prezidentlərinin Soçi görüşündə əsas iki məqamın diqqət çəkdiyini deyən politoloq bildirib ki, birinci məqam elə Rusiya prezidenti Vladimir Putinin dilindən səslənib: "Azərbaycan prezidenti İlham Əliyevlə görüşə "ümid edirəm ki, bizim bugünkü görüşümüz bütün çətin problemlərin həlli yollarının axtarılmasına yardım edəcək" ifadəsi ilə başlayan Putin Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin necə inkişafını müzakirə edəcəklərini, o cümlədən, Moskva və Bakının gələcək üçün çoxlu birgə planları olduğunu deyib. Bu cümlələrdə o qədər böyük yük var ki, prezidentlərin görüşünün mətbuat üçün qapalı hissəsində hər iki tərəfi narahat edən bütün mövzuların müzakirə edildiyini proqnozlaşdırmaq olar. Narahatedici mövzuların tamamı hamımıza bəllidir. Bu mövzular barədə illərdir ayrı-ayrılıqda yazırıq, açıqlama veririk".

Mərkəz sədrinin sözlərinə görə, prezidentlərin görüşü ilə bağlı ikinci məqam mətbuata verilən açıqlamadır: "Açıqlamanın ilk cümləsində deyilir: "Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib". Bu, Azərbaycan prezidentinin və digər rəsmilərimizin rusiyalı həmkarlarıyla müzakirə etdiyi başlıca mövzudur. "Rusiya istəsə münaqişə qısa zamanda həll olunar" - yanaşması hələ köhnəlməyib. Yetər ki, istəsin. Elə problemin kökü də bundadır ki, Rusiya hələ istəmir. Kreml istəsə, erməni separatçılarının girov saxladığı iki vətəndaşımızı da asanlıqla azad edə bilər. Bunun üçün Putinin erməni həmkarına bir telefon zəngi kifayət edər. Ancaq hələ bunu da istəmir, istəsə bizim də azad edə biləcəyimiz şəxs var və onun ismi Putinə bəllidir".

Ceyhun ABASOV

 





25.07.2017    çap et  çap et